“Youth Inc.” Sahibkarlıq Proqramı və "INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzi arasında qarşılıqlı tərəfdaşlıq və əməkdaşlıq memorandumu imzalanıb.
Memorandumu “Youth Inc.” Sahibkarlıq Proqramının koordinatoru Zaur Ünsizadə və “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin direktoru Məmməd Kərim imzalayıblar.
Memorandum hər iki mərkəzin tədris və praktiki metodikalarının, gənc ideya sahibləri və startapçıların qarşılıqlı mübadiləsi və inkişafı üçün nəzərdə tutulub.
Memoranduma əsasən təcrübə və istedad mübadiləsi ilə yanaşı, birgə demo turlar, təlimlər də təşkil olunacaqdır.
Türkiyədən gələn iş adamları Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin "İnnovasiyalar Mərkəzi"nin qonağı olublar. Səfər, Kiçik və Orta Biznes Subyektləri və Klublarının Assosiasiyasının (KOBSKA) təşkilatçılığı ilə baş tutub.
Qonaqlara "İnnovasiyalar Mərkəzi"ndə startap və innovasiya ekosisteminin inkişafına göstərilən genişmiqyaslı dəstək, yeni texnologiyaların tətbiqi və innovativ layihələrin həyata keçirilməsi istiqamətində görülən işlər barədə ətraflı məlumat verilib. Xüsusilə, startapların inkişafına dəstək məqsədilə keçirilən hakatonlar, startap akselerasiya proqramları, eləcə də investorlarla keçirilən görüş və şəbəkələşmə tədbirləri vurğulanıb.
Bununla yanaşı, ali təhsil müəssisələri ilə qurulan məhsuldar əməkdaşlıqlar, eləcə də əmək bazarının tələblərinə cavab verən innovativ təlim proqramları vasitəsilə yeni ixtisaslar üzrə peşəkar kadrların hazırlanması və müasir biliklərə sahib mütəxəssislərin yetişdirilməsi məsələləri də diqqətə çatdırılıb.
Görüş çərçivəsində tərəflər qarşılıqlı maraq doğuran layihələr, ortaq iş imkanları və potensial əməkdaşlıqlar haqqında geniş müzakirələr aparıblar. Həm Azərbaycanda, həm də Türkiyədə kiçik və orta biznesin inkişafına töhfə verə biləcək gələcək əməkdaşlıq istiqamətləri də diqqət mərkəzində olub.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində fəaliyyət göstərən bir neçə qurum 6-cı milli “Brand Award Azerbaijan” müsabiqəsində ilk 5-liyə daxil olublar. Müsabiqə “Caspian Energy Club”un (CEC) təşkilatçılığı və AZPROMO və KOBİA-nın rəsmi dəstəyi ilə keçirilib.
Müsabiqə nəticələrinə görə ölkənin 2022-ci ildə ən çox tanınan 50 brendi seçilərək mükafatlandırılıb. Qaliblər sırasında "Bilim Bakı" mərkəzi 2-ci yer, "İnnovasiyalar Mərkəzi" 3-cü yer,"INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzi 4-cü yer, ASAN İnnovativ İnkişaf Mərkəzi isə 13-cü yeri tutub.
Müsabiqənin qalibləri 22.08.22 - 12.09.22 tarixində keçirilən onlayn sorğunun nəticələri əsasında müəyyən olunub. 250-dən çox milli korporativ, xidməti və məhsul brendinin yer aldığı müsabiqənin səsvermə mərhələsində müxtəlif ölkələrdən onminlərlə respondent iştirak edib.
“Brand Award Azerbaijan” milli müsabiqəsində qalib gələn 50 brend, həmçinin dünyanın müxtəlif ölkələrində keçirilən milli və regional “Brand Award” müsabiqələrinin qalibləri 2023-cü ilin əvvəlində “Brand Award International” yekun müsabiqəsində iştirak etmək imkanı qazanıblar.
Rezidentlərimiz "Convitsa", “DoVotes” və "Enverson" startapları I Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda iştirak edəcək.
Bu forum Azərbaycanın investisiya mühitini, yeni imkanlarını və gələcək əməkdaşlıqlarını müzakirə etmək üçün dünyanın müxtəlif ölkələrindən iş adamlarını, investorları və innovativ layihələri bir araya gətirir.
Komandalarımıza uğurlar arzulayırıq!