11 Oktyabr, 2024

Türkiyəli iş adamları "İnnovasiyalar Mərkəzi"nin qonağı olublar

Türkiyədən gələn iş adamları Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin "İnnovasiyalar Mərkəzi"nin qonağı olublar. Səfər, Kiçik və Orta Biznes Subyektləri və Klublarının Assosiasiyasının (KOBSKA) təşkilatçılığı ilə baş tutub.

Qonaqlara "İnnovasiyalar Mərkəzi"ndə startap və innovasiya ekosisteminin inkişafına göstərilən genişmiqyaslı dəstək, yeni texnologiyaların tətbiqi və innovativ layihələrin həyata keçirilməsi istiqamətində görülən işlər barədə ətraflı məlumat verilib. Xüsusilə, startapların inkişafına dəstək məqsədilə keçirilən hakatonlar, startap akselerasiya proqramları, eləcə də investorlarla keçirilən görüş və şəbəkələşmə tədbirləri vurğulanıb.

Bununla yanaşı, ali təhsil müəssisələri ilə qurulan məhsuldar əməkdaşlıqlar, eləcə də əmək bazarının tələblərinə cavab verən innovativ təlim proqramları vasitəsilə yeni ixtisaslar üzrə peşəkar kadrların hazırlanması və müasir biliklərə sahib mütəxəssislərin yetişdirilməsi məsələləri də diqqətə çatdırılıb.

Görüş çərçivəsində tərəflər qarşılıqlı maraq doğuran layihələr, ortaq iş imkanları və potensial əməkdaşlıqlar haqqında geniş müzakirələr aparıblar. Həm Azərbaycanda, həm də Türkiyədə kiçik və orta biznesin inkişafına töhfə verə biləcək gələcək əməkdaşlıq istiqamətləri də diqqət mərkəzində olub.

Ətraflı oxu

Digər xəbərlər

innoland news image

"StartupFest 2019"a həsr olunmuş mətbuat konfransı keçirilib

21-26 noyabr tarixlərində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin "INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzinin təşkilatçılığı ilə keçirələcək "StartupFest 2019"a həsr olunmuş mətbuat konfransı təşkil olunub.

Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov çıxışında bildirib ki, "StartupFest” gənc texnologiya sahibkarlarını, “Angel” investorları, korporasiyaları, dövlət qurumlarını, universitetləri, media və müxtəlif ölkələrdən gələn beynəlxalq qonaqları bir araya gətirəcək.

Diqqətə çatdırılıb ki, festival çərçivəsində “Techstars Startup Fintech”, “DevopsDays”, “FUN Baku”, “Product Hunt Meetup”, “TEDx”, “World E-Commerce Forum Eurasia Baku 2019” kimi beynəlxalq tədbirlər təşkil olunacaq. Bakı və Gəncə şəhərlərini əhatə edəcək festival çərçivəsində Azərbaycan, Belçika, Macarıstan, Türkiyə, Gürcüstan, ABŞ və Ukraynadan olan spikerlər öz təcrübələrini bölüşəcəklər.

Tədbirin əsas məqsədi təcrübə mübadiləsinə imkan yaratmaqla Azərbaycanda startap ekosisteminin oyunçularını bir araya gətirmək, ekosistemə müsbət təsir göstərmək və inkişafa təkan verməkdir.

Ətraflı oxu
innoland news image

Stanford Universitetinin mütəxəssisləri "INNOLAND"də təlim keçəcək

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin "INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzində "GIC Innovation Akselerasiya (iX) Proqramı" təlimləri keçiriləcək. "INNOLAND"in təşkilatçılığı ilə baş tutacaq təlimlərdə Stanford Universitetinin təcrübəli mentorları çıxış edəcəklər.

"GIC Innovation Akselerasiya (iX) Proqramı" Stanford Universitetinin "İdeyadan biznesə professional inkişaf" kurikulumu əsasında keçirilən 8 həftəlik proqramdır. Bu unikal proqram startaplarda, şirkətlərdə və dövlət orqanlarında məhsul və biznesin inkişafı üçün innovativ düşüncə formalaşdırır, yerli ekosistemin inkişafı üçün qlobal resurslara çıxışı təmin edir.

"INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzində baş tutacaq 8 həftəlik proqram tələbələr, təşəbbüskarlar, orta və böyük şirkət rəhbərləri üçün təşkil ediləcək. Təlimlərdə Silikon Vadisinin təcrübəsi ilə yanaşı yerli mövzulara uyğun mentorluq və dünya səviyyəli vörkşopların təcrübələrindən də istifadə ediləcək.

İştirakçılar yeni məhsulların yaradılması istiqamətində bütün mərhələlər üzrə konseptual inkişaf, planlaşdırma və həyata keçirmə üzrə dərin biliklər əldə edəcəklər. Təlimi bitirən iştirakçılar sertifikatla təmin ediləcək.

Ətraflı oxu
innoland news image

“INNOLAND”in dəstəyi ilə “HER IT Journey 3” layihəsinin final mərhələsi uğurla başa çatdı

“INNOLAND”in dəstəyi ilə “HER IT Journey 3” layihəsinin final mərhələsi uğurla başa çatdı

2025-ci il 24 iyun tarixində “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin dəstəyi ilə mərkəzin rezident startapı olan “SAFAVY” MMC tərəfindən icra edilən “HER IT Journey 3” layihəsinin rəsmi final tədbiri keçirilib.

Layihə çərçivəsində 15 mart–15 iyun tarixlərini əhatə edən dövrdə Azərbaycanın müxtəlif regionlarından seçilmiş 20 xanım iştirakçıya “Rəqəmsal marketinq və brendləşdirmə”, “Qrafik dizayn” və yumşaq bacarıqlar üzrə hibrid formatda təlimlər təqdim olunub. Proqram boyunca iştirakçılar həmçinin sahə üzrə tanınmış mütəxəssislərlə görüşlər və təcrübə mübadiləsi imkanları əldə ediblər.

“HER IT Journey” təşəbbüsü növbəti dəfə regionlarda yaşayan, sosial həssas qruplara aid olan və ya sahibkarlıqla məşğul olan qadınların rəqəmsal bacarıqlarını inkişaf etdirməyə, onları İKT sektoruna daha fəal şəkildə inteqrasiya etməyə hədəflənib.

Qeyd edək ki, “SAFAVY” MMC ölkədə Startap şəhadətnaməsi ilə təltif olunmuş ilk yerli təhsil platforması olaraq, artıq 4 ildən çoxdur fəaliyyət göstərir. “HER IT Journey” layihəsi şirkətin qadınların texnologiya sahəsində fəal iştirakını təşviq edən ardıcıl və təsirli sosial təşəbbüslərindən biridir. Layihənin həyata keçirilməsinə PAŞA Holdinqin maliyyə dəstəyi mühüm töhfə verib.

Ətraflı oxu