“INNOLAND”in dəstəyi ilə “HER IT Journey 3” layihəsinin final mərhələsi uğurla başa çatdı
2025-ci il 24 iyun tarixində “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin dəstəyi ilə mərkəzin rezident startapı olan “SAFAVY” MMC tərəfindən icra edilən “HER IT Journey 3” layihəsinin rəsmi final tədbiri keçirilib.
Layihə çərçivəsində 15 mart–15 iyun tarixlərini əhatə edən dövrdə Azərbaycanın müxtəlif regionlarından seçilmiş 20 xanım iştirakçıya “Rəqəmsal marketinq və brendləşdirmə”, “Qrafik dizayn” və yumşaq bacarıqlar üzrə hibrid formatda təlimlər təqdim olunub. Proqram boyunca iştirakçılar həmçinin sahə üzrə tanınmış mütəxəssislərlə görüşlər və təcrübə mübadiləsi imkanları əldə ediblər.
“HER IT Journey” təşəbbüsü növbəti dəfə regionlarda yaşayan, sosial həssas qruplara aid olan və ya sahibkarlıqla məşğul olan qadınların rəqəmsal bacarıqlarını inkişaf etdirməyə, onları İKT sektoruna daha fəal şəkildə inteqrasiya etməyə hədəflənib.
Qeyd edək ki, “SAFAVY” MMC ölkədə Startap şəhadətnaməsi ilə təltif olunmuş ilk yerli təhsil platforması olaraq, artıq 4 ildən çoxdur fəaliyyət göstərir. “HER IT Journey” layihəsi şirkətin qadınların texnologiya sahəsində fəal iştirakını təşviq edən ardıcıl və təsirli sosial təşəbbüslərindən biridir. Layihənin həyata keçirilməsinə PAŞA Holdinqin maliyyə dəstəyi mühüm töhfə verib.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin "INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzinin nümayəndə heyəti Gürcüstanda keçirilən "Tech Summit"də iştirak edib.
Tədbirdə "INNOLAND"in direktoru Məmməd Kərimov münsif və spiker qismində çıxış edib. "Tech Summit" 2019-un qalibi olan startaplar "StartupFest"-ə bilet və "INNOLAND"də 3 aylıq Akselerasiya proqramını keçmək şansı əldə ediblər.
21-26 noyabr tarixlərində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin "INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzinin təşkilatçılığı ilə keçirələcək "StartupFest 2019"a həsr olunmuş mətbuat konfransı təşkil olunub.
Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov çıxışında bildirib ki, "StartupFest” gənc texnologiya sahibkarlarını, “Angel” investorları, korporasiyaları, dövlət qurumlarını, universitetləri, media və müxtəlif ölkələrdən gələn beynəlxalq qonaqları bir araya gətirəcək.
Diqqətə çatdırılıb ki, festival çərçivəsində “Techstars Startup Fintech”, “DevopsDays”, “FUN Baku”, “Product Hunt Meetup”, “TEDx”, “World E-Commerce Forum Eurasia Baku 2019” kimi beynəlxalq tədbirlər təşkil olunacaq. Bakı və Gəncə şəhərlərini əhatə edəcək festival çərçivəsində Azərbaycan, Belçika, Macarıstan, Türkiyə, Gürcüstan, ABŞ və Ukraynadan olan spikerlər öz təcrübələrini bölüşəcəklər.
Tədbirin əsas məqsədi təcrübə mübadiləsinə imkan yaratmaqla Azərbaycanda startap ekosisteminin oyunçularını bir araya gətirmək, ekosistemə müsbət təsir göstərmək və inkişafa təkan verməkdir.
Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin təşkilatçılığı ilə Şamaxıda “Hackathon”a start verilib.
Tədbirin ilk günü Azərbaycan Beynəlxalq Bankının nümayəndəsi Hamlet Məmmədov iştirakçıları “Startap nədir?”, “Startap ideyasını necə formalaşdırmaq olar?”, “Bazar araşdırması”, “Təqdimat bacarıqları” kimi əsas təşəbbüskarlıq anlayışları ilə tanış edib.
Növbəti gün iştirakçılar komandalara bölünərək onlara həvalə edilmiş layihələr üzrə “Hackathon” zamanı əldə etdikləri bilikləri tətbiq etməyə çalışacaqlar.
Region gənclərinin iştirakı ilə keçirilən “Hackathon” ümumilikdə 2 gün davam edəcək.
Sonda qalib komandalar Şamaxı "ASAN xidmət"də yerləşən “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzində 6 aylıq inkubasiya proqramı keçmək haqqı qazanacaqlar. Bununla yanaşı qalib komandaların təsisçiləri 2020-ci ildə Türkiyədə keçiriləcək “Startup Turkey” tədbirinə qatılmaq şansı əldə edəcəklər.
Şamaxı şəhərində “Hackathon”un keçirilməsində məqsəd region gəncləri arasında startapların təşviqi, mövcud ideyaların dəstəklənməsidir.