11 İyun, 2020

“INNOLAND”in tərəfdaşlığı ilə 6-cı Kazan İƏT Gənc Sahibkarlar Forumu onlayn formatda başlayıb

Bakı şəhərində yerləşən İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Gənclər Forumunun Avrasiya üzrə Regional Mərkəzi, Tatarıstanın Gənclər Nazirliyi və “Selet” Tatarıstan Gənclər Hərəkatının birgə təşkilatçılığı və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin tərəfdaşlığı ilə 6-cı Kazan İƏT Gənc Sahibkarlar Forumu onlayn formatda başlayıb.

Qəbul üçün müraciət etmiş yüzlərlə layihə arasından seçilən 44 ölkədən 200-ə yaxın gənc startap müəlliflərinin iştirakı ilə baş tutan açılış mərasimində Tatarıstanın Gənclər Naziri Dəmir Fəttahov, İƏGF Avrasiya Regional Mərkəzinin Baş direktoru Elməddin Mehdiyev və Rusiya Federasiyasının Gənclik Məsələləri üzrə Federal Agentliyin Xarici Əlaqələr Şöbəsinin rəhbəri Tatyana Seliverstova çıxış ediblər. Elməddin Mehdiyev öz çıxışında artıq 6-cısı keçirilən Foruma 5 il ərzində 10 mindən çox biznes layihəsinin iştirak üçün müraciət etdiyini, 800-dən artıq layihə müəllifinə müvafiq təlimlərin verildiyini və Forumun məzunları arasında beynəlxalq investorlar tərəfindən hər biri 1 milyon ABŞ dollarından artıq investisiya almış uğurlu startapların olduğunu və onlar arasında azərbaycanlı startap müəlliflərinin də yer aldığını bildirib.

İƏT üzv ölkələrinin və qeyri-üzv dövlətlərdəki müsəlman icmaların gənc startapçılarına layihələrinin inkişaf etdirilməsi və beynəlxalq investorlara təqdim edilməsi üçün dəstək göstərilməsini nəzərdə tutan Forum 2015-ci ildən etibarən Tatarstan Respublikası hökumətinin tərəfdaşlığı ilə Kazan şəhərində təşkil edilir. Dünyada davam edən yeni növ koronavirus pandemiyası ilə mübarizə şəraitində təşkilatçıların birgə qərarı ilə forumun builki mərhələsi onlayn formatda keçirilir. Əsasən İƏT üzv ölkələrindən olmaqla, ABŞ, Rusiya, Almaniya, İsveç, Birləşmiş Krallıq və Cənubi Koreya kimi qeyri-üzv dövlətlərdən də seçilmiş gənclər 8 həftə davam edəcək onlayn təlimlərdə iştirak edəcək və sentyabr ayında keçirilməsi nəzərdə tutulan layihənin yekun mərhələsində öz layihələrini beynəlxalq investorlara təqdim etmək üçün yarışacaqlar.

Təlimlər startap sahəsində təcrübəli beynəlxalq mütəxəsislər tərəfindən keçiriləcəkdir. Müraciət edən layihələri forumda iştirak üçün seçən jüri nümayəndəsi “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin Startaplarla İş üzrə Şöbə müdiri Tengiz Ağakişiyev Forumda iştirak edən startaplar arasında olduqca maraqlı və gələcək vəd edən layihələrin olduğunu bildirib.

Ətraflı oxu

Digər xəbərlər

innoland news image

6 aylıq inkubasiya proqramı yekunlaşdı

“İnnovasiyalar Mərkəzi”nin “Gələcək üçün bacarıqlar” layihəsi çərçivəsində baş tutan tədbir Türkiyənin “Bilişim Vadisi” ilə birgə reallaşdırılan 6 aylıq inkubasiya proqramının yekununa dair keçirilən Demo Day tədbirində münsiflər heyəti tərəfindən ən yüksək balla qiymətləndirilən 5 komandaya “Bilişim Vadisi”nin xüsusi mükafatı təqdim edilib.

Mükafat alan "Printfable", "Cücələrim", "Medappoint", "Evor" və "Dovotes" komandaları "Bilişim Vadisi"nin Türkiyə ofislərində 6 aylıq inkubasiya proqramı keçmək haqqına sahib oldular.

Komandalarımızı təbrik edirik!

Ətraflı oxu
innoland news image

"INNOLAND"in nümayəndə heyəti Sumqayıt Dövlət Universitetinin qonağı olub

5 sentyabr tarixində Sumqayıt Dövlət Universitetində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin "INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzinin nümayəndə heyəti ilə görüş keçirilib.

Görüşdə “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin direktoru Məmməd Kərim, “SUP VC” şirkətinin direktoru Rəşad Eyvazov və universitetin rektoru prof. Elxan Hüseynov iştirak ediblər.

Görüş zamanı Sumqayıt Dövlət Universitetində həyata keçirilən tədris və təlim texnologiyaları, elektron idarəetmə, elm və elmi-innovasiya sahələrindəki innovativ layihələr və bu istiqamətdə universitetdə İnnovasiya Yaradıcılıq Mərkəzlərinin yaradılmasının əhəmiyyətindən danışılıb.

“INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin direktoru Məmməd Kərim səmimi qarşılanmaya görə universitet rəhbərliyinə təşəkkürünü bildirib, Mərkəzin yerli startapların qlobal səviyyədə sərmayə cəlbi, böyüməsi və inkişafı üçün yaratdığı imkanlar və göstərilən dəstək haqqında geniş məlumat verib. 

Görüşdə SDU-da innovasiyanın təşviq edilməsi və startap hərəkatının genişləndirilməsi məqsədilə “INNOLAND” ilə əməkdaşlıq, SDU-da keçirilən elm və yaradıcılıq ilə bağlı tədbirlərdə “INNOLAND”in yaxından iştirakı, “INNOLAND”in dəstəyi və təcrübəsinə əsaslanaraq SDU-nun ərazisində “İnnovasiya Yaradıcılıq Mərkəzi”nin tikilməsi və digər təkliflər müzakirə olunub.

SDU-nun professor-müəllim və tələbə heyəti üçün bu mövzuda “INNOLAND”in mütəxəssisləri tərəfindən seminarların keçirilməsi məqsədəuyğun hesab edilib.

Görüşdən sonra nümayəndə heyəti universitet ərazisi ilə yaxından tanış olublar.

Ətraflı oxu
innoland news image

"ASAN xidmət" növbəti rəqəmsal oyun düşərgəsini reallaşdırır

"ASAN xidmət" növbəti rəqəmsal oyun düşərgəsini reallaşdırır Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi”nin təşkilatçılığı ilə "INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzində “DIGIAGE - Bakı 2025” rəqəmsal oyun düşərgəsi keçiriləcək. Məqsəd peşəkar mentorların iştirakı ilə istedadlı gənclərin oyun hazırlamalarına şərait yaratmaq, layihələrini tanıtmaqdır. Eləcə də onların dünya bazarına çıxmaq istiqamətində təcrübə əldə etmələrinə və yeni təşəbbüslərinə dəstək əsas hədəflərdir. 20 minə yaxın gəncin iştirakı ilə dünyada onuncu, ölkəmizdə isə üçüncü dəfədir təşkil olunacaq “DIGIAGE” düşərgəsi vasitəsilə oyun sektorunda inkişaf etmək istəyən fərdi iştirakçılara, komandalara, şirkətlərə mentorluq dəstəyi göstəriləcək və investisiya əsasında ekosistemi böyütmək imkanı təmin ediləcək. Artıq 3-cü dəfədir keçirilən düşərgəyə 2023–2024-cü illərdə ümumilikdə 442 nəfər müraciət edib, onlardan 192 nəfər seçilərək iştirakçı olub. “DIGIAGE - Bakı 2025” düşərgəsində iştirak etmək istəyən şəxslər 24 oktyabr 2025-ci ilə tarixinədək qeydiyyatdan keçə bilərlər.

Qeydiyyat linki: https://forms.gle/aVtVRL7Ah966Yrm18

Ətraflı oxu