ASAN Xidmət ölkə üzrə növbəti ilkə imza atıb!
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi İSO 56002:2021 “İnnovasiyalar üzrə İdarəetmə Sistemi” beynəlxalq sertifikatına layiq görülüb.
Sözügedən sertifikatı ölkəmizdə ilk dəfə Dövlət Agentliyi əldə edib. Standartın alınması Dövlət Agentliyində innovasiya ekosisteminin beynəlxalq standartlara uyğun formalaşdırılmasının göstəricisidir.
Sertifikat Beynəlxalq Standartlar Təşkilatında (İSO) akreditasiya olunmuş Türkiyə Standartlar İnstitutu tərəfindən verilib.
Dövlət Agentliyində formalaşdırılan innovasiyalar “ASAN xidmət” mərkəzlərində vətəndaşlara göstərilən dövlət xidmətlərinin daha effektiv və keyfiyyətli təşkili, həmçinin vətəndaşların dövlət xidmətlərinə əlçatanlığının təmin edilməsi məqsədilə tətbiq olunur.
"INNOLAND"in rezidenti "Enverson AI" Dayaq” mükafatına layiq görülüb!
İqtisadiyyat Nazirliyinin dəstəyi və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin təşkilatçılığı ilə “Güc biznesindir” devizi ilə “Dayaq” mükafatının təqdim olunması mərasimi keçirilib. 2025-ci il üzrə iqtisadiyyatın müxtəlif sektorlarında çalışan ən fəal sahibkarlar mükafatlandırılıb. Tədbir çərçivəsində rəsmi şəxslərin çıxşları, “2026: KOB-ların çağırışı” mövzusunda panel müzakirə, 2025-ci ildə uğur qazanmış 17 sahibkarlıq subyektinə “Dayaq” mükafatları təqdim edilib. Mükafat alan startaplar sırasında "INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzinin rezidenti "Enverson AI" da yer alıb. “Dayaq” mükafatının məqsədi iqtisadiyyatın dayağı olan sahibkarların uğurlarının cəmiyyətə daha geniş tanıdılması, biznes düşüncə tərzinin təşviqi və dövlət-özəl sektor arasında əməkdaşlığın daha da möhkəmləndirilməsidir. "Enverson AI" komandasını təbrik edir və daha böyük uğurlar arzulayırıq!
"INNOLAND"də “45 dəqiqə startap” olimpiadasının final mərhələsi baş tutub.
"INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzi və "Taskool"un birgə təşkilatçılığı ilə 8–11-ci sinif şagirdləri üçün təşkil olunan “45 dəqiqə startap” olimpiadasının final mərhələsi baş tutub. Final mərhələsi "INNOLAND"in rezidenti "Taskool"un "Startup School" proqramı çərçivəsində keçirilib. 2025-ci ildə "Startup School" proqramına daxil olan 147 müraciət arasından seçilən 110 iştirakçı tədrisə başlayıb, 58 nəfər isə proqramı uğurla bitirərək 7 əsas sahə üzrə 13 komanda formalaşdırıb. Qlobal səviyyədə sahibkarlıq bacarıqları və maliyyə savadı qazandırmaq məqsədi daşıyan proqram çərçivəsində iştirakçılar real biznes ideyaları üzərində işləyərək startap layihələrini təqdim ediblər. Təcrübəli mentorların dəstəyi ilə hazırlanan layihələr süni intellekt, "FinTech", "GreenTech", "HealthTech", "AgriTech", "Gaming" və "E-ticarət" istiqamətlərini əhatə edib. Final mərhələsində çıxış edən 13 komanda öz innovativ ideyaları, kreativ yanaşmaları və təqdimat bacarıqları ilə münsiflər heyətinin diqqətini cəlb ediblər. Sonda "Speacdeaf", "Tutor AI", "Mindmark" komandalarının startap layihələri münsiflər heyəti tərəfindən yüksək qiymətləndirilərək qalib elan olunub. Proqramı uğurla başa vuran bütün iştirakçılara sertifikatlar təqdim edilib. "Startup School" proqramı Azərbaycanın gələcək startap liderləri üçün möhkəm baza formalaşdıraraq ölkə üzrə innovasiya mədəniyyətini təşviq edir.
“INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzi”nin dəstəyi ilə “Sənin ideyan dəstəklənir” şüarı altında həyata keçirilən SİD layihəsinin açılış mərasimi keçirilib.
SİD layihəsi yaradıcı təşəbbüslərin inkişafına təkan verməklə yanaşı, OBA-da əməliyyatların optimallaşdırılmasına, innovativ həllərin tətbiqinə və ümumilikdə Azərbaycanın startap ekosisteminin şaxələndirilməsinə xidmət edir.
Açılış mərasimində Veysəloğlu Şirkətlər Qrupunun rəhbər şəxsləri və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi”nin direktoru Vüsal Rüstəmov iştirak ediblər.
Vüsal Rüstəmov sözügedən layihə ilə bağlı bildirib ki, seçilmiş 33 startap üçün effektiv inkubasiya mühitinin formalaşdırılması məqsədilə "İnnovasiyalar Mərkəzi" öz resurslarını paylaşmağa hazırdır. Bu əməkdaşlıq dövlət və özəl sektor tərəfdaşlığının parlaq nümunəsidir və biz OBA-nın təşəbbüsünü yüksək qiymətləndiririk.
Qeyd edək ki, müvafiq layihəyə ümumilikdə 183 komanda müraciət edib. Onların arasından 33 ən perspektivli komanda növbəti mərhələyə seçilib.
Layihə çərçivəsində ümumilikdə 10,000 manatlıq mükafat fondu nəzərdə tutulub.