“INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin dəvəti ilə regionun ən tanınmış sahibkarlarından biri, “Yemeksepeti.com”un qurucusu və keçmiş icraçı direktoru Nevzat Aydın ilə onlayn görüş keçirilib.
Görüşdə “INNOLAND” rezidentləri “Tada!” və “Enverson” startapları layihələrini təqdim ediblər. Müzakirələrdə əməkdaşlıq və investisiya imkanları dəyərləndirilib, növbəti mərhələdə əlaqələrin davam etdirilməsi planlaşdırılır.
Startap rezidentimiz "Taskool" Azərbaycan Dövlət İqtisad Universitetiylə əməkdaşlığa başlayıb.
Tərəflər "STEAMLAND" innovativ tədqiqat mərkəzi çərçivəsində birgə fəaliyyətlər göstərəcəklər. Mərkəz universitet və məktəblər arasında körpü yaradaraq məktəblilərdə "STEAM" (elm, texnologiya, mühəndislik, incəsənət və riyaziyyat) sahələri üzrə layihə əsaslı öyrənmənin və tədqiqat üçün lazım olan yumşaq və texniki bacarıqların əsasını formalaşdıracaq.
"Taskool" təhsil sahəsində startap olaraq yaratdığı əsas innovativ təşəbbüslərindən biri dünyada universitetlər üçün yeni, alternativ qəbul prosesidir. Platformada ali məktəbə təqdim etmək üçün şagirdlərə akademik portfel, praktikaya dayanan biliklər əldə etmək üçün "STEAM" layihələr bankı, istedadlıları üzə çıxarmaq üçün Olimpiada və Hakaton mərkəzi, həmçinin qlobal şəbəkələşmələri istiqamətində icma qrupları yaradaraq innovativ təhsil fəaliyyətləri həyata keçirir.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzində "Süni zəka" mövzusunda görüş baş tutub.
Görüş “SUP Akselerator”unun ənənəvi #SUPTalks tədbiri daxilində keçirilib. "Destin AI" startapının qurucusu Nərgiz Məmmədova süni zəka, onun imkanları və gələcəyə təsirindən danışıb.
Nərgiz Məmmədova Kanadanın Toronto şəhərində yaşayan texnoloqdur. O, texnologiya ilə immiqrasiya məsələlərini həll etməyə yönəlmiş "Destin AI" startapının qurucusudur. Nərgiz Məmmədova 3 ölkədə - İsveçrə, Yaponiya və Kanadada idarəetmə təhsili alıb və Beynəlxalq Biznes Magistr dərəcəsinə sahibdir.