“INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin nümayəndə heyəti Avropa İttifaqının maliyyələşdirdiyi, BMTİP (UNDP Azerbaijan) tərəfindən icra olunan “Lənkəran-Astara iqtisadi rayonunda meyvə-tərəvəz sektorunda rəqabət qabiliyyətinin, əməkdaşlığın və müasirləşmənin təşviqi" layihəsi çərçivəsində SUP.VC şirkətinin təşkilatçılığı ilə Lənkəran şəhərində 3 gün davam edən aqrar sahə üzrə ideatonda iştirak edib.Tədbirdə münsiflər heyətinin üzvü qismində iştirak edən “INNOLAND” nümayəndəsi tədbir iştirakçılarına Mərkəzin ümumi fəaliyyəti haqqında danışaraq, innovasiya və startap ekosistemin təkmilləşdirilməsi sahəsində həyata keçirilən layihələr, yerli startapların qlobal səviyyədə sərmayə cəlbi, böyüməsi və inkişafı üçün yaradılan fürsətlərlə bağlı məlumat verib.
“Ideathon on Agrinnovation” müsabiqəsində Azərbaycanın müxtəlif regionlarından olan gənclərdən ibarət 18 komanda meyvə-tərəvəzin yetişdirilməsi və emalı ilə bağlı 2 istiqamətdə öz innovativ ideyalarını irəli sürüblər. Sonda qalib olan “İnnovet”, “Zəfər” və “Victory” komandaları üzvlərinə sertifikatlar təqdim olunub. İlk 2 yerin qalibləri həmçinin “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzində 3 aylıq inkubasiya xidməti keçmək şansı əldə ediblər.
Qeyd edək ki, aqrar sahə üzrə keçirilən müsabiqənin əsas məqsədi meyvə-tərəvəzlərin yetişdirilməsi və emalında yenilikləri, innovasiyaları tətbiq etmək, qabaqcıl ideyalara dəstək göstərmək və təşviq etmək olub.
"INNOLAND" və "NextStep" təhsil mərkəzi birgə olaraq bu mövzuları daha da aktuallaşdırmaq məqsədi ilə proqramlaşdırma öyrənmək istəyənləri və proqramçıları bir araya gətirib. Xarici və yerli bazarda karyera imkanlarından yararlanmaq istəyən gənclər tədbirə qatılaraq bu sahədə olan bir sıra mövzulardan faydalanıblar.
Spikerlərimiz tərəfindən seminarda
Xarici və yerli bazarda necə iş tapmaq olar?
Necə uğurlu müsahibə vermək olar? kimi mövzuları əhatə edən müzakirələr aparılıb.
Həmçinin, iştirakçılara netvörkinq üçün fürsətlər yaradılıb, bu sahədə yeni tanışlıqlar yaranıb.
"INNOLAND"in startapı olan "Enverson AI" yeni uğura imza atdı!
Startapımız beynəlxalq "Go-Together" Akselerasiya Proqramına qoşuldu. Bu proqram çərçivəsində "Enverson AI" komandasını yeni təcrübələr, əməkdaşlıq imkanları və qlobal təsir gözləyir.
Qeyd edək ki, "Enverson AI" süni intellektlə dəstəklənmiş fərdiləşdirilmiş dil öyrənmə təcrübəsi təqdim edir. Məqsədi dili öyrənməyi həm əyləncəli, həm də əlçatan etməkdir.
Onları ürəkdən təbrik edir və daha böyük nailiyyətlər arzulayırıq!
Noyabrın 21-26-da ölkəmizdə ilk dəfə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin təşkilatçılığı ilə “StartupFest 2019” adı altında startapları əhatə edən beynəlxalq festival başa çatıb.
1000-dən çox iştirakçının qatıldığı “StartupFest 2019” ümumilikdə 9 tədbiri əhatə edib. 1 həftə davam edən festivalda startapları əhatə edən 40 mövzu müzakirə olunub.
Bakı və Gəncə şəhərlərini əhatə edən festival çərçivəsində Azərbaycan, Türkiyə, ABŞ, Almaniya, İspaniya, İngiltərə, Polşa, Səudiyyə Ərəbistanı, Gürcüstan, Macarıstan, Ukrayna və Belçikadan olan spikerlər öz təcrübələrini bölüşüblər.
Qeyd edək ki, “StartupFest 2019″un əsas özəlliklərindən biri də startapları əhatə etməsi, özündə startaplarla bağlı problemləri və onların həll yollarını ehtiva edən 6 beynəlxalq lisenziyalı tədbiri birləşdirməsidir.