“Gələcək üçün bacarıqlar” layihəsinin V “TUSİ” inkubasiya proqramı çərçivəsində startap komandalarının ilkin layihə təqdimatları keçirilib.
İNNOLAND İnkubasiya və Akselerasiya Mərkəzində baş tutan tədbirdə proqram çərçivəsində formalaşmış 35 komandadan 15-i öz layihələrini təqdim edib.
Təqdimatlar zamanı komandaların ideyaları dəyərləndirilib, layihələrin təkmilləşdirilməsi və növbəti mərhələyə hazırlanması istiqamətində onlara tövsiyə və məsləhətlər verilib.
“Gələcək üçün bacarıqlar” layihəsinin V “TUSİ” inkubasiya proqramı çərçivəsində təlimlər davam edir!
Növbəti təlim “Sİ Marketinq: Yeni era” mövzusuna həsr olunub. Təlimi Zinniddin Babayev aparıb.
Təlim çərçivəsində iştirakçılar süni intellekt dövründə marketinq yanaşmalarının dəyişməsi, məhsul və xidmətlərin Sİ sistemləri tərəfindən tanınması və qiymətləndirilməsi, eləcə də auditoriyanın diqqətini qazanmağın yeni yolları haqqında biliklər əldə ediblər. Həmçinin məhsulların süni intellekt tərəfindən daha yaxşı anlaşılması və seçilməsi üçün mövcud boşluqların müəyyənləşdirilməsi, 30 günlük sınaq planının hazırlanması müzakirə olunub.
İştirakçıları qarşıdakı təlimlərdə yeni mövzular, praktiki biliklər və fərqli imkanlar gözləyir!
“GameJamPlus 2026” beynəlxalq oyun hakatonunun ölkə mərhələsi keçirilib
16–18 oktyabr tarixlərində “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzində “Gamepons” və “IGDA Azerbaijan”ın təşkilatçılığı, “INNOLAND”ın dəstəyi ilə “GameJamPlus 2026” beynəlxalq oyun hakatonunun Azərbaycan mərhələsi keçirilib.
Hakatonda 90-dan çox iştirakçı 23 komandada 48 saat ərzində oyun prototipləri hazırlayıb. Komandalar “Better Together”, “One More Time” və “Something’s Off” mövzularından birini seçərək oyun ideyalarını işləyib hazırlayıblar. Tədbirin sonunda 19 komanda öz oyunlarını münsiflər heyətinə təqdim edib.
İştirakçıların hazırladıqları oyunlar münsiflər heyəti tərəfindən sınaqdan keçirilib və “HackathonHost” platforması üzərindən qiymətləndirilib. Nəticələrinə əsasən, “Keep Locking” oyunu ilə “Clockwork” komandası Azərbaycan mərhələsinin qalibi olub. Oyunlarını təqdim edən 19 komandanın hamısı “GameJamPlus” proqramının növbəti mərhələsinə vəsiqə qazanıb.
“GameJamPlus” dünyanın 35 ölkəsindən oyun tərtibatçılarını bir araya gətirən beynəlxalq proqramdır. Proqram 48 saatlıq hakatonla başlayır, daha sonra inkubasiya, qitə yarımfinalları, akselerasiya və qlobal final mərhələləri ilə davam edir. Bu mərhələlərdə komandalar oyun layihələrini təkmilləşdirmək və beynəlxalq səviyyədə təqdim etmək imkanı əldə edirlər.
Hakatona qeydiyyat “HackathonHost” platforması üzərindən aparılıb.
“INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzi iştirakçılara oyun ideyalarını prototiplərə çevirmək, layihələri üzərində işləmək və yaradıcılıq potensiallarını nümayiş etdirmək üçün şərait yaradıb.
"INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzində SHE RISES Baku 2026: Azərbaycan və Pakistan qadın liderlərini bir araya gətirdi!
60-dan çox qadın sahibkarın, biznes liderinin, ictimai xadimin və tərəfdaşın iştirak etdiyi konfransda liderlik, süni intellekt və rəqəmsal transformasiya, inklüziv inkişaf, qadın sahibkarlığı və biznesdə yeni imkanlar müzakirə olunub.
Tədbirin mühüm nəticələrindən biri "Femmes Digitales", "SheMatters Pakistan" və "Azerbaijan Business Women" arasında əməkdaşlığın inkişafına yönəlmiş Anlaşma Memorandumunun imzalanması olub.
Konfrans Azərbaycan və Pakistan arasında qadın liderlərin əlaqələrinin gücləndirilməsi, təcrübə mübadiləsi və yeni əməkdaşlıq imkanlarının yaradılması baxımından əhəmiyyətli platforma olub.