“RoboCode III” robotik kodlama düşərgəsinə start verildi.
“ROS2 nədir və ekosistemə ümumi baxış” mövzusunda keçirilən ilk təlimdə ROS2-nin robot proqramlaşdırmadakı rolu, modul quruluşu, DDS əsaslı kommunikasiya mexanizmi və arxitektura prinsipləri ətraflı izah edildi. Növbəti təlimlərdə iştirakçılar nəzəri biliklərini praktik tapşırıqlarla möhkəmləndirəcək, simulyasiya və real nümunələr üzərində işləyəcəklər
“IV Aqrar Startaplar və İnnovasiya Forumu” çərçivəsində "INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzi də stendlə təmsil olunaraq iştirakçılara mərkəzin fəaliyyəti, startaplara təqdim olunan dəstək mexanizmləri və innovasiya yönümlü proqramlar barədə ətraflı məlumat təqdim edib.
Forum çərçivəsində "İnnovasiyalar Mərkəzi"nin direktoru Vüsal Rüstəmov sərgi zonası ilə tanış olub, aqrar və digər sahələr üzrə fəaliyyət göstərən startapların innovativ layihələri, tətbiq etdikləri texnologiyalar və təqdim etdikləri həllərlə yaxından maraqlanıb. O, startap nümayəndələri ilə görüşərək onların fəaliyyəti, inkişaf mərhələləri və gələcək planları barədə məlumat alıb, innovativ təşəbbüslərin inkişafının və ekosistemə inteqrasiyasının əhəmiyyətini vurğulayıb.
Forum zamanı aqrar və digər klasterlər üzrə fəaliyyət göstərən startaplara göstərilən inkubasiya, akselerasiya, mentorluq və ekosistemə inteqrasiya xidmətləri ziyarətçilərə çatdırılıb, həmçinin potensial əməkdaşlıq imkanları müzakirə olunub.
Həmçinin, yerli şirkət nümayəndələri tərəfindən kənd təsərrüfatı təyinatlı pilotsuz uçuş aparatları, zərərvericilərin populyasiyasını müəyyən edən iqlim stansiyaları və digər innovativ texnoloji həllər barədə təqdimatlar keçirilib, müasir aqrar texnologiyaların tətbiqi və bu sahədə innovativ fəaliyyət istiqamətləri iştirakçıların diqqətinə çatdırılıb.
Qeyd edək ki, "INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzi forumun tərəfdaşlarından biri kimi prosesdə fəal iştirak edib. Mərkəzin əməkdaşları forum çərçivəsində təşkil olunan bootcamp proqramlarında mentor qismində iştirak edərək startapçılara praktiki bilik və təcrübələrini bölüşüb, müxtəlif mövzularda təlimlər keçirərək onların ideyalarının inkişafına dəstək göstəriblər.
Rezident startapımız "Taskool"un "Startup İnkubasiya Proqramı" Dünya Məktəbində uğurla yekunlaşıb!
Üç ay davam edən proqram çərçivəsində 100-dən artıq Dünya Məktəbi şagirdi innovasiya, sahibkarlıq və liderlik bacarıqlarını inkişaf etdirib. Proqram "INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzi, "Taskool" və Dünya Məktəbi əməkdaşlığı ilə həyata keçirilib. Final mərhələsi: "Taskool Innovators Ideathon" “Təhsilin gələcəyini şagirdlər dizayn edir” şüarı ilə təşkil olunub. 43 şagirdin iştirak etdiyi və 10 komandanın yarışdığı təqdimat günündə şagirdlər süni intellekt əsaslı həllər, rəqəmsal platformalar, VR ilə öyrənmə və şagird rifahı kimi istiqamətlərdə innovativ ideyalarını təqdim ediblər. Bu təşəbbüs məktəblilərin real problemlərə innovativ həllər təqdim etmək potensialına malik gələcəyin təşəbbüskar liderləri və innovatorları olduğunu təsdiqləyib.
“Strategiya və Maliyyə” butkampı start götürdü.
Butkampın ilk dərsi peşəkar məsləhətçi Dr. İbrahim Can tərəfindən keçirildi.
“Startap, marketinq və strategiya” mövzusuna həsr olunan təlimdə aşağıdakı istiqamətlər üzrə məlumatlar təqdim olundu:
Startap ekosistemi və strateji hədəflər
Bazarda düzgün mövqelənmə
Effektiv marketinq planlaması
Təlim interaktiv müzakirələr və sual-cavab sessiyası ilə yekunlaşdı.
"Ön toxum və toxum mərhələsi üzrə investisiyaya hazırlıq" proqramına qeydiyyat başladı.
Proqramın məqsədi artıq məhsulu və ilk ödənişli müştəriləri olan startapları qısa müddətdə investisiyaya hazır vəziyyətə gətirmək və seçilmiş VC-lərlə birbaşa əlaqələndirməkdir. Proses fərdi mentorluq, dərin analitik yanaşma və AnalyzeWare platforması dəstəyi ilə həyata keçiriləcək. Seçiləcək cəmi 5 startap proqram çərçivəsində 2-4 həftə ərzində investisiya dəyərləndirməsi, maliyyə yanaşması və strategiyasını formalaşdıracaq. Xüsusi olaraq, seçilən startaplar heç bir üzvlük haqqı ödəmədən iştirak edəcək və AnalyzeWare Strategy paketindən 12 ay tam pulsuz istifadə hüququ qazanacaq.
Son müraciət tarixi: 14.02.2026,
Qeydiyyat linki: https://forms.gle/BQBJ9fuxJoMU8TSr7
OBA SİD layihəsi uğurla davam edir!
"OBA" marketlər şəbəkəsinin layihəsi olan "Startap, İnnovasiya və Dəstək“ proqramı çərçivəsində "INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin dəstəyi ilə “Sənin ideyan dəstəklənir” şüarı altında növbəti təlimlər baş tutub. Bu dəfə iştirakçılar startap üzrə ekspert Mübariz Şahbazlı tərəfindən “Pitch deck hazırlanması” və “Təqdimat bacarıqlarının inkişafı” mövzularında praktiki biliklər əldə ediblər.
Təlimlər zamanı iştirakçılara investorlara yönəlik effektiv təqdimat quruluşunun hazırlanması, ideyanın aydın və inandırıcı şəkildə ifadə olunması, eləcə də çıxış bacarıqlarının gücləndirilməsi ilə bağlı faydalı tövsiyələr verilib.
"INNOLAND"in rezidenti "Enverson AI" Dayaq” mükafatına layiq görülüb!
İqtisadiyyat Nazirliyinin dəstəyi və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin təşkilatçılığı ilə “Güc biznesindir” devizi ilə “Dayaq” mükafatının təqdim olunması mərasimi keçirilib. 2025-ci il üzrə iqtisadiyyatın müxtəlif sektorlarında çalışan ən fəal sahibkarlar mükafatlandırılıb. Tədbir çərçivəsində rəsmi şəxslərin çıxşları, “2026: KOB-ların çağırışı” mövzusunda panel müzakirə, 2025-ci ildə uğur qazanmış 17 sahibkarlıq subyektinə “Dayaq” mükafatları təqdim edilib. Mükafat alan startaplar sırasında "INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzinin rezidenti "Enverson AI" da yer alıb. “Dayaq” mükafatının məqsədi iqtisadiyyatın dayağı olan sahibkarların uğurlarının cəmiyyətə daha geniş tanıdılması, biznes düşüncə tərzinin təşviqi və dövlət-özəl sektor arasında əməkdaşlığın daha da möhkəmləndirilməsidir. "Enverson AI" komandasını təbrik edir və daha böyük uğurlar arzulayırıq!