Xəbərlər

innoland news image

“INNOLAND”in nümayəndə heyəti “Ideathon on Agrinnovation” ideatonunda iştirak edib

“INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin nümayəndə heyəti Avropa İttifaqının maliyyələşdirdiyi, BMTİP (UNDP Azerbaijan) tərəfindən icra olunan “Lənkəran-Astara iqtisadi rayonunda meyvə-tərəvəz sektorunda rəqabət qabiliyyətinin, əməkdaşlığın və müasirləşmənin təşviqi" layihəsi çərçivəsində SUP.VC şirkətinin təşkilatçılığı ilə Lənkəran şəhərində 3 gün davam edən aqrar sahə üzrə ideatonda iştirak edib.Tədbirdə münsiflər heyətinin üzvü qismində iştirak edən “INNOLAND” nümayəndəsi tədbir iştirakçılarına Mərkəzin ümumi fəaliyyəti haqqında danışaraq, innovasiya və startap  ekosistemin təkmilləşdirilməsi sahəsində həyata keçirilən layihələr, yerli startapların qlobal səviyyədə sərmayə cəlbi, böyüməsi və inkişafı üçün yaradılan fürsətlərlə bağlı məlumat verib. 

“Ideathon on Agrinnovation” müsabiqəsində Azərbaycanın müxtəlif regionlarından olan gənclərdən ibarət 18 komanda meyvə-tərəvəzin yetişdirilməsi və emalı ilə bağlı 2 istiqamətdə öz innovativ ideyalarını irəli sürüblər. Sonda qalib olan “İnnovet”, “Zəfər” və “Victory” komandaları üzvlərinə sertifikatlar təqdim olunub. İlk 2 yerin qalibləri həmçinin  “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzində 3 aylıq inkubasiya xidməti keçmək şansı əldə ediblər.

Qeyd edək ki, aqrar sahə üzrə keçirilən müsabiqənin əsas məqsədi meyvə-tərəvəzlərin yetişdirilməsi və emalında yenilikləri, innovasiyaları tətbiq etmək, qabaqcıl ideyalara dəstək göstərmək və təşviq etmək olub. 

Ətraflı oxu
innoland news image

"INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzinin və "Nextstep" İnnovasiya Mərkəzinin birgə təşkilatçılığı ilə "Pre-inkubasiya" proqramı başlayır

"INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzi və "Nextstep" İnnovasiya Mərkəzi ölkədə innovasiya fəaliyyətinin davamlılığının təmin olunması, innovativ ideyaların inkişafı, stratap biliklərinin arıtırlması məqsədilə "Pre-inkubasiya" proqramına başlayır.

14 iyun - 2 sentyabr tarixləri ərzində baş tutacaq proqramın ilk mərhələsində startap təsisçilərinə müxtəlif sahələrdən olan mütəxəssislər mentorluq və kouçinq dəstəyi göstərəcək. Sonrakı mərhələdə proqram startapçılara ilkin biliklər verməklə yanaşı, işlək məhsulu (MVP) yaratmaq və satış prosesini qurmaqda kömək edəcək. Burada əsas məqsad ideyanı formalaşdırmaq və onu inkişaf etdirməkdir. Həmçinin proqrama qəbul olunan komandalar proqramın sonuna qədər öz ideyalarına əsaslanan biznes prototipinin hazırlanmasına nail olmalıdırlar.

"Pre-inkubasiya" proqramında komandalar aşağıdakı mövzular üzrə bilik əldə edəcəklər:
1. Biznes modelin hazırlanması və inkişafı;
2. Bazar araşdırması və müştəri problemlərinin yoxlanılması;
3. İlkin işlək məhsulun hazırlanması;
4. İnvestisiya və “Pitch day”.

İndiyə qədər "Pre-inkubasiya" proqramına müraciət etmiş 12 startapdan 5-i proqrama seçilib. Bunlar “Abyss”, “Legal”, “Auto Source”, “Utilix” və “Safavy” startaplarıdır.

Ətraflı oxu
innoland news image

"INNOLAND"in nümayəndə heyəti “Səyyar Gənclər Xidməti” layihəsində iştirak edib

31 may tarixində Biləsuvar rayonunun Bağbanlar kəndində “İmkanlar Sənə Doğru!” devizi altında “Səyyar Gənclər Xidməti” layihəsinə start verilib. 

Gənclərin dövlətçilik və vətənpərvərlik ruhunda yetişməsi, ucqar kəndlərdə yaşayan gənclərin sosiallaşması, asudə vaxtlarının səmərəli təşkili, onların bilik, bacarıqlarının və dünyagörüşünün genişləndirilməsini qarşıya məqsəd qoyan "Səyyar Gənclər Xidməti" layihəsinin tədbirində "INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzinin nümayəndə heyəti də iştirak edib. Layihə iştirakçılarına Mərkəzin yerli startapların qlobal səviyyədə sərmayə cəlbi, böyüməsi və inkişafı  üçün yaratdığı imkanlardan danışılıb. 

Qeyd edək ki, tədbir zamanı gənclərin maraqlarını əhatə edəcək müxtəlif mövzular üzrə təlimlər, şəxsi inkişafla bağlı sessiyalar, könüllülük, ixtisas seçimi, əsas həyat bacarıqları və digər mövzularda açıq hava şəraitində təlimlər keçirilib, gənclərə praktiki şəkildə "CV" yazılma qaydası göstərilib, gənclər arasında müxtəlif intellektual və idman yarışları təşkil edilib.

Ətraflı oxu
innoland news image

Azərbaycan qlobal startap ekosistemi indeksinin ölkələr üzrə reytinqində 4 pillə irəliləyib

31 may 2022-ci il tarixində dünyanın qlobal startap ekosistem xəritəsi və araşdırma mərkəzi olan "StartupBlink" təşkilatı tərəfindən Qlobal startap ekosistemi indeksinin 2022-ci il üzrə hesabatının təqdimat konfransı keçirilib.

Hesabatda dünya üzrə startapların inkişafı üçün münbit şəraitin olduğu 100 ölkə və 1000 şəhər seçilib. Ötən ilki hesabatla müqayisədə Azərbaycan Respublikası ölkələr üzrə reytinqdə 4 pillə, Bakı şəhəri isə şəhərlərarası reytinqdə 12 pillə irəliləyib.

Konfrans zamanı Azərbaycan, Türkiyə, Almaniya, Belçika, İzrail, Yaponiya və ABŞ da daxil olmaqla 20-yə yaxın ölkənin ekosistemi üzrə yenilikləri təqdim olunub.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin nümayəndəsi konfransda onlayn formada çıxış edərək ölkəmizdə innovasiya ekosisteminin inkişafı sahəsində son dövrlər baş verən irəliləyişlər, həyata keçirilən tədbirlər və Dövlət Agentliyi tərəfindən yaradılan "INNOLAND " mərkəzinin fəaliyyəti barədə məlumat verib, ölkəmizdə həyata keçirilən “Azərbaycan 500 ASAN Startap Proqramı”, “Gələcək üçün bacarıqlar” və “Regional texnoloji startaplara dəstək” layihələrinin hesabatda əks olunmasını müsbət məqam kimi vurğulayıb.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi 2022-ci il yanvar ayından etibarən "StartupBlink" təşkilatının ölkə üzrə partnyorudur. Yerli innovasiya ekosisteminə dair yeniliklər, reallaşan layihələr və sahə üzrə fəaliyyət göstərən təşkilatlar haqqında məlumatların "StartupBlink" platforması vasitəsilə beynəlxalq arenada paylaşılması istiqamətində davamlı işlər aparılır.

Ətraflı oxu
innoland news image

"İnnovasiyalar Mərkəzi"nin nümayəndə heyəti Mərkəzi Avrasiya Startap Sammitində iştirak edib

14-15 aprel 2022-ci il tarixində Gürcüstanın Tbilisi şəhərində Mərkəzi Avrasiya startap ekosistemi, regionun ən yaxşı startapları, investorları və innovativ şirkətlərinin iştirak etdiyi “Mərkəzi Avrasiya Startap Sammiti” keçirilib.

Tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin "İnnovasiyalar Mərkəzi"nin direktoru Vüsal Rüstəmov və “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin direktoru Məmməd Kərimov iştirak ediblər.

Vüsal Rüstəmov "İnnovasiyalar Mərkəzi"nin ekosistemin inkişafı istiqamətində həyata keçirdiyi layihələr, infrastrukturun formalaşdırılması, biznes mühitinin gücləndirilməsi, dünyanın müxtəlif ölkələrindən innovativ texnoloji sahədə fəaliyyət göstərən azərbaycanlıların ölkəmiz ilə əlaqələrinin daha da möhkəmləndirilməsi və birgə fəaliyyətin təmin olunması istiqamətində gördüyü işlər barədə məlumat verib.

“INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin direktoru Məmməd Kərimov isə startapların qlobal səviyyədə sərmayə cəlbi, inkişafı, beynəlxalq bazara çıxış imkanları üçün yaradılan fürsətlər, daxili və xarici investisiyaların cəlb edilməsi istiqamətində həyata keçirilən layihələr və görülən işlər haqqında danışıb.

Sammitdə Startap Mərkəzi Avrasiya Platformasının təqdimatı nümayiş etdirilib, Mərkəzi Avrasiya regionunda startap ekosistemlərinin inkişafı üzrə ən yaxşı təcrübələr göstərilib və startapçılar üçün tematik təlimlər təşkil olunub. Həmçinin müxtəlif ölkələrin nümayəndələri, investorlar və startaplarla maraqlı müzakirələr aparılması və vacib qərarların qəbulu üçün təkbətək görüşlər keçirilib.

“Startap Mərkəzi Avrasiya Sammiti” BMT-nin İKT sahəsində ixtisaslaşmış agentliyi olan Beynəlxalq Telekommunikasiya İttifaqı tərəfindən dəstəklənib.

Ətraflı oxu
innoland news image

“Ecole 42” şirkətinin icraçı direktoru ilə görüş keçirilib

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ulvi Mehdiyev  Fransanın “Ecole 42” şirkətinin icraçı direktoru Sofi Viger ilə görüşüb. 
Görüş zamanı Ülvi Mehdiyev kompüter elmləri, informasiya təhlükəsizliyi, süni intellekt və s. üzrə ixtisaslı mütəxəssislərin hazırlanması istiqamətində görülən işlər barədə məlumat verib. Həmçinin Elektron Hökumətin İnkişafı Mərkəzinin (EHİM) rəqəmsallaşdırma, müvafiq istiqamətdə bilik və bacarıqların yüksəldilməsi, cəmiyyətin bütün üzvlərinin informasiya texnologiyalarının yaratdığı imkanlardan istifadəsinə şərait yaradılması sahəsində gördüyü işlərdən, həyata keçirilən layihələrdən və beyəlxalq təcrübənin tətbiqindən danışıb.
Sonra Sofi Viger “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin fəaliyyəti ilə tanış olub. Qonaq müxtəlif layihələr, yerli startaplar üçün qlobal səviyyədə sərmayələrin cəlbi, onların inkişafı üçün yaradılan imkanlar barədə məlumatlandırılıb.
15 min nəfərdən artıq məzunu olan “Ecole 42” proqramlaşdırma məktəblərinin dünyanın 25 ölkəsində 42 kampusu fəaliyyət göstərir. Azərbaycanda “Baku Ecole 42” kampusunun yaradılması layihəsi Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən birgə həyata keçirilir.

Ətraflı oxu
innoland news image

“INNOLAND”də oyun tərtibatçıları üçün “Demo day” keçirilib

9 aprel 2022-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İNNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzində "Gamepons" və "WePlay Ventures" şirkətlərinin təşkilatçılığı ilə Azərbaycanda ilk dəfə olaraq oyun tərtibatçıları üçün “Demo day” keçirilib.


Tədbirdə həm yerli, həm də beynəlxalq investorlar olan dövlət qurumlarının və özəl şirkətlərin rəhbər vəzifəli şəxsləri, “INNOLAND”in rezidenti olan və digər startaplar iştirak ediblər.
“Demo day”də  "FM Studio", "Metamad Studio", "Seven Heart Stories" və "Return Game Studio" startapları  investorlar qarşısında  təqdimatlarında keçdikləri inkubasiya və akselerasiya proqramı ərzində layihələrin necə inkişaf etdiyi, hazırda layihələrin hansı mərhələdə olduğu, gələcək hədəfləri və zəruri olan investisiya ehtiyacları haqqında məlumat veriblər.


“Demo Day”in keçirilməsində məqsəd maliyyə ehtiyacı olan startaplar və sərmayə qoymaq istəyən investorları bir araya gətirmək və tərəflər arasında sağlam  mühitdə davamlı əlaqələrin qurulmasına dəstək göstərməkdir.
Oyun tərtibatçılarını və studiyalarını dəstəkləyən icma qurucusu və inkubasiya mərkəzi "Gamepons", "WePlay Ventures"dan Azərbaycanda və Mərkəzi Asiyada oyun ekosistemi qurmaq, oyun startapları inkubasiya etmək, müxtəlif beynəlxalq konfrans və tədbirlər keçirmək üçün investisiya alıb. "Gamepons" müxtəlif tədbirlər və konfranslar vasitəsilə xarici təcrübəni Azərbaycana  gətirməklə yanaşı, həm də  oyun studiyaları ilə əməkdaşlıq edərək onların inkişafına köməklik göstərir. 


"Weplay Ventures" isə Şərqi Avropa və Mərkəzi Asiyada ilkin mərhələdə oyun studiyalarına sərmayə qoyur.

Ətraflı oxu
innoland news image

Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev Türkiyə Respublikası "Teknopark İstanbul"un Baş İcraçı Direktoru Bilal Topçu ilə görüşüb

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev Türkiyə Respublikası "Teknopark İstanbul"un Baş İcraçı Direktoru Bilal Topçu ilə görüşüb.

Ülvi Mehdiyev Dövlət Agentliyinin fəaliyyət istiqamətləri, dövlət xidmətlərinin göstərilməsində innovasiyaların tətbiqi, elektron hökümətin inkişafı və sosial innovasiyalar sahəsində görülən işlər barədə məlumat verib. Dövlət Agentliyi ilə “Teknopark İstanbul" arasında innovasiya sahəsində birgə fəaliyyətin qurulmasının iki qardaş ölkə arasında yeni əməkdaşlıq imkanlarının açdığını qeyd edib.

Bundan əlavə Dövlət Agentliyinin 2015-ci ildə Birləşmiş Millətlər Təşkilatının Dövlət Xidmətləri Mükafatına, 2019-cu ildə isə BMT-nin rəqəmsal idarəetmənin tətbiqi ilə dövlət xidmətlərinin inkişafı sahəsində xüsusi mükafatına layiq görülməsi diqqətə çatdırılıb.

Sonra qonaq “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin fəaliyyəti ilə tanış olub və 30-dan artıq startap nümayəndəsi ilə görüşüb.

Görüş çərçivəsində Bilal Topçu Azərbaycan startapları üçün "Teknopark İstanbul"da mövcud olan imkanlar, dəstək və xidmətlərlə bağlı təqdimatla çıxış edib və yerli startapçıların innovativ sahibkarlığın inkişafı ilə bağlı fikirlərini dinləyib və suallarını cavablandırıb.

Ətraflı oxu
innoland news image

"INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzinin nümayəndələri "AgroTech Hackathon" tədbirində iştirak ediblər

"INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzinin nümayəndələri ABŞ Beynəlxalq İnkişaf Agentliyinin maliyyə dəstəyi və SUP VC-nin təşkilatçılığı ilə keçirilən AgroTech Hackathon tədbirində iştirak ediblər.

Gəncədə, Azərbaycan Dövlət Aqrar Universitetində baş tutan "AgroTech Workshop" tədbiri innovativ texnologiya, robototexnika və süni intellekt kimi texnoloji tendensiyaların kənd təsərrüfatı sahəsində tətbiqinin əhəmiyyətinə həsr olunub. 

Tədbirin açılışında "INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzinin direktoru Məmməd Kərimov da çıxış edərək Mərkəzin startap və innovasiya ekosisteminə verdiyi töhfələrdən danışıb. 

Həmçinin Mərkəzin startaplarla iş üzrə mütəxəssisi Tengiz Ağakişiyev tədbir çərçivəsində keçirilən "AgroTech hackathon"da münsiflər heyəti qismində iştirak edib.

Tədbirdə iştirakçılara kənd təsərrüfatında innovasiyaların tətbiqi, vertikal əkinçilik, yeni trendlərin izlənməsi mövzularında məlumat verilib. Tədbirə qatılanlar kənd təsərrüfatında müxtəlif problemlərə innovativ həllər tətbiq etmək üçün komanda şəklində işləyiblər. Kənd təsərrüfatı sahəsində ən yaxşı həll yolunu təqdim edən "Desafio", "AgroTech 1", "Bayraqdar"  komandaları ilk üçlükdə yer alaraq qalib olublar. 

Qeyd edək ki, INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzi Azərbaycanda startap ekosisteminin inkişafı, biznes mühitinin gücləndirilməsi, dünyanın müxtəlif  ölkələrindən innovativ texnoloji sahədə fəaliyyət göstərən azərbaycanlıların ölkəmiz ilə əlaqələrinin daha da möhkəmləndirilməsi istiqamətində fəaliyyət göstərir.

Ətraflı oxu