“Gələcək üçün bacarıqlar” layihəsinin V “TUSİ” inkubasiya proqramı çərçivəsində təlimlər davam edir!
Növbəti təlim “Sİ Marketinq: Yeni era” mövzusuna həsr olunub. Təlimi Zinniddin Babayev aparıb.
Təlim çərçivəsində iştirakçılar süni intellekt dövründə marketinq yanaşmalarının dəyişməsi, məhsul və xidmətlərin Sİ sistemləri tərəfindən tanınması və qiymətləndirilməsi, eləcə də auditoriyanın diqqətini qazanmağın yeni yolları haqqında biliklər əldə ediblər. Həmçinin məhsulların süni intellekt tərəfindən daha yaxşı anlaşılması və seçilməsi üçün mövcud boşluqların müəyyənləşdirilməsi, 30 günlük sınaq planının hazırlanması müzakirə olunub.
İştirakçıları qarşıdakı təlimlərdə yeni mövzular, praktiki biliklər və fərqli imkanlar gözləyir!
“INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin nümayəndə heyəti Avropa İttifaqının maliyyələşdirdiyi, BMTİP (UNDP Azerbaijan) tərəfindən icra olunan “Lənkəran-Astara iqtisadi rayonunda meyvə-tərəvəz sektorunda rəqabət qabiliyyətinin, əməkdaşlığın və müasirləşmənin təşviqi" layihəsi çərçivəsində SUP.VC şirkətinin təşkilatçılığı ilə Lənkəran şəhərində 3 gün davam edən aqrar sahə üzrə ideatonda iştirak edib.Tədbirdə münsiflər heyətinin üzvü qismində iştirak edən “INNOLAND” nümayəndəsi tədbir iştirakçılarına Mərkəzin ümumi fəaliyyəti haqqında danışaraq, innovasiya və startap ekosistemin təkmilləşdirilməsi sahəsində həyata keçirilən layihələr, yerli startapların qlobal səviyyədə sərmayə cəlbi, böyüməsi və inkişafı üçün yaradılan fürsətlərlə bağlı məlumat verib.
“Ideathon on Agrinnovation” müsabiqəsində Azərbaycanın müxtəlif regionlarından olan gənclərdən ibarət 18 komanda meyvə-tərəvəzin yetişdirilməsi və emalı ilə bağlı 2 istiqamətdə öz innovativ ideyalarını irəli sürüblər. Sonda qalib olan “İnnovet”, “Zəfər” və “Victory” komandaları üzvlərinə sertifikatlar təqdim olunub. İlk 2 yerin qalibləri həmçinin “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzində 3 aylıq inkubasiya xidməti keçmək şansı əldə ediblər.
Qeyd edək ki, aqrar sahə üzrə keçirilən müsabiqənin əsas məqsədi meyvə-tərəvəzlərin yetişdirilməsi və emalında yenilikləri, innovasiyaları tətbiq etmək, qabaqcıl ideyalara dəstək göstərmək və təşviq etmək olub.
“NeecroLearn” oyun inkubasiya proqramında netvörkinq və təcrübə mübadiləsi görüşləri davam edir.
Proqramın II mərhələsi çərçivəsində təşkil olunan növbəti netvörkinq və təcrübə mübadiləsi görüşünün qonağı "M3DS Academy" və "Vertpaint Studios"un 3D oyun rəssamı Cavid Şükürlü olub. "Portfolio yaradılması və xaricdə iş axtarışı" mövzusunda çıxış edən Cavid Şükürlü peşəkar portfolionun hazırlanması, işəgötürənlərin diqqətini cəlb edən əsas məqamlar və beynəlxalq oyun sənayesində karyera imkanları ilə bağlı təcrübələrini iştirakçılarla bölüşüb.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzi və “AzerGold” QSC-nin birgə Akselerasiya proqramına seçilən startapçılara təlim keçirilib. Təlim “AzerGold” QSC-nin İnformasiya Kommunikasiya Texnologiyaları təminatı şöbəsinin müdiri Rəşad Kərimov tərəfindən baş tutub.
Təlim zamanı iştirakçılara "Startapda İT infrastruktur necə qurulmalıdır?", "Optimizasiya necə aparılmalıdır?" mövzularında ətraflı məlumat verilib.
Təlimin keçirilməsində əsas məqsəd startapların İT infrastrukturu baxımından inkişafına dəstək olmaqdır.