“EESTech Challenge Baku’25“ müsabiqəsinin qalib komandaları ölkəmizi beynəlxalq finalda təmsil edəcək!
“EESTEC JLC Baku” təşkilatının təşkilatçılığı, “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzi, “STEAM Azərbaycan” layihəsi və “Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyinin dəstəyi ilə "EESTech Challenge Baku’25" müsabiqəsi həyata keçirilib.
Müsabiqənin əsas məqsədi mühəndislik sahəsində təhsil alan və bu istiqamətdə bilik və bacarığını inkişaf etdirmək istəyən tələbələr üçün real problemlərin həlli üzrə innovativ düşüncə və texniki yanaşmaların təşviq olunmasıdır.
Müsabiqəyə 100-dən çox müraciət daxil olmuş, onlardan seçilmiş 10 komanda – ümumilikdə 30 iştirakçı müxtəlif texnoloji problemlərin yaradıcı yollarla həlli istiqamətində bilik və bacarıqlarını nümayiş etdirib. Nəticədə "AirVive" komandası birinci, "Montyorlar" komandası isə ikinci yerə layiq görülmüşdür.
Qalib komandalar 13–16 may 2025-ci il tarixlərində İtaliyanın Trieste şəhərində keçiriləcək "EESTech Challenge" beynəlxalq final mərhələsində Azərbaycanı təmsil edəcəklər.
Qeyd edək ki, "EESTech Challenge" Avropanın müxtəlif şəhərlərində keçirilən beynəlxalq müsabiqə formatıdır və gənc texnologiya həvəskarları arasında mühəndislik və innovasiyaların inkişafını təşviq edir.
Salyan “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzində keçirdiyimiz 3 günlük təlim başa çatdı. "İdeyadan investisiyaya" adlı 3 modullu təlim proqramında iştirakçılara:
İdeya generasiyası
Startap ekosistemi - ənənəvi biznesdən fərqlər
Təqdimat bacarıqları - Nə? Harada? Nə zaman? mövzularında məlumatlar verildi.
Həmçinin, hər modula uyğun vörkşoplar təşkil edildi, iştirakçılar komanda şəklində müxtəlif tapşırıqları icra etdilər.
Türkiyədən gələn iş adamları Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin "İnnovasiyalar Mərkəzi"nin qonağı olublar. Səfər, Kiçik və Orta Biznes Subyektləri və Klublarının Assosiasiyasının (KOBSKA) təşkilatçılığı ilə baş tutub.
Qonaqlara "İnnovasiyalar Mərkəzi"ndə startap və innovasiya ekosisteminin inkişafına göstərilən genişmiqyaslı dəstək, yeni texnologiyaların tətbiqi və innovativ layihələrin həyata keçirilməsi istiqamətində görülən işlər barədə ətraflı məlumat verilib. Xüsusilə, startapların inkişafına dəstək məqsədilə keçirilən hakatonlar, startap akselerasiya proqramları, eləcə də investorlarla keçirilən görüş və şəbəkələşmə tədbirləri vurğulanıb.
Bununla yanaşı, ali təhsil müəssisələri ilə qurulan məhsuldar əməkdaşlıqlar, eləcə də əmək bazarının tələblərinə cavab verən innovativ təlim proqramları vasitəsilə yeni ixtisaslar üzrə peşəkar kadrların hazırlanması və müasir biliklərə sahib mütəxəssislərin yetişdirilməsi məsələləri də diqqətə çatdırılıb.
Görüş çərçivəsində tərəflər qarşılıqlı maraq doğuran layihələr, ortaq iş imkanları və potensial əməkdaşlıqlar haqqında geniş müzakirələr aparıblar. Həm Azərbaycanda, həm də Türkiyədə kiçik və orta biznesin inkişafına töhfə verə biləcək gələcək əməkdaşlıq istiqamətləri də diqqət mərkəzində olub.
ASAN Könüllüləri” Təşkilatının təşkilatçılığı ilə həyata keçirilən “InnoCamp - ASAN könüllülərinin innovasiya düşərgəsi” çərçivəsində “Təqdimat bacarıqları” mövzusunda təlim baş tutub.
Təlim zamanı “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin əməkdaşı Nicat Əmiraslanov tərəfindən təqdimat bacarığı, təqdimat hazırlanması, uğurlu təqdimatın komponentləri, təqdimat növləri, təqdimatın strukturu və biznes plan kimi mövzulardan bəhs olunub və iştirakçıların sualları cavablandırılıb. Komandalar daha sonra təlim boyu hazırladıqları layihələri münsiflər heyətinə təqdim ediblər.