“EESTech Challenge Baku’25“ müsabiqəsinin qalib komandaları ölkəmizi beynəlxalq finalda təmsil edəcək!
“EESTEC JLC Baku” təşkilatının təşkilatçılığı, “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzi, “STEAM Azərbaycan” layihəsi və “Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyinin dəstəyi ilə "EESTech Challenge Baku’25" müsabiqəsi həyata keçirilib.
Müsabiqənin əsas məqsədi mühəndislik sahəsində təhsil alan və bu istiqamətdə bilik və bacarığını inkişaf etdirmək istəyən tələbələr üçün real problemlərin həlli üzrə innovativ düşüncə və texniki yanaşmaların təşviq olunmasıdır.
Müsabiqəyə 100-dən çox müraciət daxil olmuş, onlardan seçilmiş 10 komanda – ümumilikdə 30 iştirakçı müxtəlif texnoloji problemlərin yaradıcı yollarla həlli istiqamətində bilik və bacarıqlarını nümayiş etdirib. Nəticədə "AirVive" komandası birinci, "Montyorlar" komandası isə ikinci yerə layiq görülmüşdür.
Qalib komandalar 13–16 may 2025-ci il tarixlərində İtaliyanın Trieste şəhərində keçiriləcək "EESTech Challenge" beynəlxalq final mərhələsində Azərbaycanı təmsil edəcəklər.
Qeyd edək ki, "EESTech Challenge" Avropanın müxtəlif şəhərlərində keçirilən beynəlxalq müsabiqə formatıdır və gənc texnologiya həvəskarları arasında mühəndislik və innovasiyaların inkişafını təşviq edir.
"ASAN xidmət"in "INNOLAND" mərkəzi Web Summit 2025-də
10-13 noyabr 2025-ci il tarixində Portuqaliyanın Lissabon şəhərində keçirilən “Web Summit 2025”də “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin rezidentləri "Tada!" və "Enverson" startapları ölkəmizi təmsil ediblər.
Tədbir çərçivəsində “İnnovasiyalar Mərkəzi”nin direktoru Vüsal Rüstəmov INNOLAND-in fəaliyyəti, ekosistemə verdiyi töhfələr və rezident startapların layihələri barədə iştirakçılara məlumat verib.
“Bank Respublika” ASC və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzi, Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının dəstəyi ilə ölkədə ilk dəfə olaraq fintex-startuplar üçün “Open Banking Lab” layihəsinə başlayır. 16 həftə davam edəcək layihə çərçivəsində fintex-startapçılar fərdi və ya komanda şəklində öz ideyalarını təqdim edə biləcəklər. İlkin seçmə mərhələləsini keçən fintex-startuplar inkubasiya proqramında iştirak edərək qabaqcıl ekspertlərin iştirakı ilə təlim keçə biləcəklər. Eyni zamanda, fərqlənən iştirakçılara ölkədə ilk dəfə olaraq “Bank Respublika” ASC-nin maliyyə xidmətlərinə qoşulmaq üçün test rejimində olan Açıq API interfeysinə çıxış veriləcəkdir.
Açıq API (Open API) - müştərilərə bank xidmətlərini bankdankənar servislər, məsələn, ödəniş platformaları və ya onlayn kredit platformaları vasitəsilə əldə etmək imkanı verən bir mexanizmdir. Açıq API vasitəsilə developerlər bank müştəriləri üçün müştəri yönümlü və onların ehtiyaclarını qarşılayan proqram və xidmətlər yarada biləcəklər.
Maliyyə Bazarlarına Nəzarət Palatasının dəstəyi ilə “Bank Respublika” ASC tərəfindən ölkədə ilk dəfə olaraq test rejimində Açıq API laiyhəsinin bu cür təqdim edilməsi banklarla fintexlər arasında qarşılıqlı əməkdaşlığın möhkəmlənməsi, qabaqcıl beynəlxalq təcrübənin ölkəmizdə tətbiqi imkanlarının qiymətləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
Eyni anda 860 fərqli məkan və 113 ölkədə keçiriləcək "Global Game Jam" tədbirinə Azərbaycanda da start verilib. 48 saat davam edəcək tədbirdə iştrakçılar tərəfindən eyni mövzuya aid fərqli oyunlar hazırlanacaq. 48 saat sonra qaliblər elan olunacaq və iştirakçılar dəyərli hədiyyələr əldə edəcəklər.
"Global Game Jam"in keçirilməsində əsas məqsəd Azərbaycandakı oyun qurucuları cəmiyyətini yaradaraq inkişaf etdirmək və dünyayla birləşdirməkdir.
Tədbirin əsas tərəfdaşları "INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, SUP.VC, Nextstep Innovasiya Mərkəzi, World Net Summit və Vriendly'dir.