"ASAN xidmət" “Take Off İstanbul 2025” startap sammitində
10–11 dekabr 2025-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi”nin nümayəndə heyəti Türkiyə Respublikasının İstanbul şəhərində keçirilən “Take Off İstanbul 2025” beynəlxalq startap sammitində iştirak edib.
“ASAN xidmət”in tərəfdaşı olduğu tədbirdə ölkəmiz Azərbaycan stendi ilə təmsil olunub. Stenddə “İnnovasiyalar Mərkəzi”, ASAN AI Hub, "INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin rezident startapları və yerli innovasiya ekosistemini təmsil edən perspektivli startaplar - “Enverson AI”, “Convitsa”, “Polygraf AI”, “Speakday”, “IOMETE”, “Qmeter”, “Tryverse” və “StarKidStories” təqdim edilib.
İki gün davam edən sammit çərçivəsində Azərbaycan stendi “Baykar” şirkətinin texniki direktoru Selçuk Bayraktar, “Take Off Girişim” Zirvəsinin direktoru İrem Bayraktar Aksakal, habelə investorlar və innovasiya ekosisteminin digər əsas iştirakçıları tərəfindən ziyarət edilib. Startapların fəaliyyəti ilə yaxından tanışlıq olub, qarşılıqlı əməkdaşlıq imkanları müzakirə edilib.
Tədbirin ikinci günü “İnnovasiyalar Mərkəzi”nin direktoru Vüsal Rüstəmov “Take Off İstanbul 2025” çərçivəsində təşkil olunan “Regional startap ekosistemi: Azərbaycan, Banqladeş, Türkiyə” mövzusunda panel müzakirəsində çıxış edib.
Bu il “Take Off İstanbul” sammiti 40 ölkədən 500-dən çox startapı, 250-dən artıq investoru, 75 maraqlı tərəfi və 11 sponsor təşkilatı bir araya gətirib.
Sammit TEKNOFEST çərçivəsində T3 Fondu, Türkiyə Respublikasının Sənaye və Texnologiya Nazirliyi və Prezident Administrasiyasının İnvestisiya və Maliyyə Ofisinin təşəbbüsü ilə təşkil olunaraq regionun ən genişmiqyaslı innovasiya və startap platformalarından biri kimi fəaliyyət göstərir.
Bu platforma innovasiyaların inkişafı üçün əlverişli və maneəsiz mühit formalaşdırmaq məqsədilə sahibkarları, mentorları, vençur kapitalı nümayəndələrini və şirkətləri bir araya gətirir.
“INNOLAND”in Şəkidə fəaliyyətə başlayacaq yeni mərkəzində 1-ci inkubasiya proqramına seçim turları başlayır. Seçimlərdən uğurla keçən iştirakçılar 1 həftə ərzində təlim və yarışlarda iştirak edəcəklər. Proqram 22-26 iyul tarixlərində keçiriləcək.
Tədbirin ilk 2 günü iştirakçılar əsas təşəbbüskarlıq anlayışları ilə tanış olacaqlar. Növbəti 3 gün ərzində keçiriləcək “Hackathon” zamanı əldə etdikləri bilikləri tətbiq etməyə çalışacaqlar.
Tədbirin ümumi planı:
1ci gün: Ümumi təlim
● Startap nədir?
● Startap ideyasını necə formalaşdırmaq olar?
● Bazar araşdırması
● Startapın yaratdığı dəyər
2-ci gün: Ümumi təlim
● Biznes model strukturu: biznes modeli, biznes plan
● “Lean” metodologiyası
● Təqdimat
3-cü gün: “Hackathon” və spikerlərin çıxışı
● “INNOLAND”in rezidentləri öz təcrübələrini paylaşacaq.
● “Hackathon” başlayacaq və komanda formalaşması üçün münsiflər tərəfindən ən yaxşı 5-6 ideya seçiləcək.
4-cü gün: Komanda işi və mentorluq
● Seçilən komandalar mentorların dəstəyi ilə öz ideyaları üzərində işləyəcəklər.
5-ci gün: Komanda işi, final günü təqdimatı, qalibin elan edilməsi
● Günün 1-ci yarısı: komanda işi davam edəcək.
● Günün 2-ci yarısı: Ən yaxşı 3 ideyanın seçilməsi üçün komandalar münsiflərin qarşısında təqdimat edəcəklər.
Sonda qalib komandalar "INNOLAND"in Şəki filialında 6 aylıq inkubasiya proqramı keçmək haqqı qazanacaqlar! Bununla yanaşı qalib komandalara dəyərli hədiyyələr təqdim ediləcək!
Seçim kriteriyaları:
Qeydiyyat forumu: http://bit.ly/2MWFSQX
16 sentyabr 2023-cü il tarixində BMT-nin İnkişaf Proqramı (BMTİP) və Rumıniyanın Azərbaycan Respublikasındakı Səfirliyinin maliyyə dəstəyi, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ASAN İnnovativ İnkişaf Mərkəzinin və “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin rezidenti olan “Safavy” MMC-nin təşkilatçılığı ilə “Qızlar STEM”də layihəsinin təqdimat mərasimi təşkil olunub.
Layihənin əsas məqsədi elm, texnologiya, mühəndislik və riyaziyyat sahələrində xüsusən regionda yaşayan qızların marifləndirilməsi və aktivliklərinin artırılması, bu sahələrdə karyera imkanlarına dair biliklərin ana dilində öyrədilməsi, gənc nəslin düzgün məlumatlandırılması və istiqamətləndirilməsinə nail olmaqdır.
Layihə çərçivəsində məktəbli və gənc qızlar “Safavy.org” platformasına daxil olaraq hər zaman əlçatan olan ödənişsiz onlayn kurslardan faydalana biləcəklər. Bu kurslara “Robotiks”, “Texnologiyanın əsasları”, “STEM sahəsində mühəndisliyə qısa bir baxış”, “STEM-də elm” və “STEM-də riyaziyyat” kimi video dərsliklər də aiddir.
SOCAR AQS tələbələr üçün Enerji Hakatonu layihəsinə start verir. Dayanıqlı cəmiyyət, qlobal enerji problemlərinin həllinə həsr olunan layihə zamanı müxtəlif universitetlərin tələbələri yarışacaq.
7-9 fevral tarixlərində "INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzinin dəstəyi ilə keçiriləcək Enerji Hakatonunda iştirakçı komandalar spesifik enerji problemi ilə bağlı yaradıcı həllər və prototiplər irəli sürəcək. 48 saat ərzində təklif edilən ideyalar münsiflər heyəti tərəfindən qiymətləndiriləcək.
Qalib olacaq 3 komanda 14-16 fevral tarixlərində Texas A&M Universitetinin təşkil etdiyi "Planet üçün yarat" 2020 (Invent for the Planet 2020) yarışmasının virtual mərhələsində iştirak edəcək.
Virtual yarışmanın qalibi olacaq bir komanda "Planet üçün yarat" 2020 (Invent for the Planet 2020) yarışmasının 30 mart - 2 aprel tarixlərində ABŞ-ın Texas ştatında keçiriləcək final mərhələsində ölkəmizi təmsil etmək hüququ qazanacaq. Müsabiqədə iştirak etmək üçün bütün xərclər qarşılanacaq.
Yarışmanın nəticəsi olaraq innovativ ideyalar daha sonra startap kimi inkişaf etdirilə, böyük uğurların başlanğıcı ola bilər.