Ekologiya və Təbii Sərvətlər Nazirliyi və BMT-nin İnkişaf Proqramı (BMTİP) mövcud su problemlərinə texnoloji həllər tapmaq və suyun həyati əhəmiyyəti ilə bağlı maarifləndirmə işinə dəstək vermək məqsədilə “Hackathon Azerbaijan” komandası ilə birgə Azərbaycanda su mövzusunda keçirilən ilk virtual hakatona start verir.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin "INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzinin də dəstəkçisi olduğu “Aquahack” innovatorları, proqramçıları, şirkətləri, vətəndaş cəmiyyəti təşkilatlarını, eləcə də, 13 yaşdan yuxarı ən fəal icma üzvlərini suyun kəmiyyət və keyfiyyətinin qorunması və su ehtiyatlarına təzyiqlərin azadılması üçün texnoloji ideyalar və həllər təklif etməyə dəvət edir.
Məsələn, Azərbaycanda ən çox su itkisinə kortəbii suvarma təcrübəsi səbəb olur ki, bu sahədə təklif ediləcək ideyalar qənaətcil, çevik və innovativ suvarma üsullarından istifadəni sövq edəcək.
Problemin həlli istiqamətində təklif ediləcək ideyalar fermerləri torpaq və meteoroloji məlumatlardan optimal şəkildə istifadəni təmin edən yeni suvarma üsulları ilə tanış etməklə bağlı ola bilər.
Digər həllərə ev şəraitində sudan qənaətlə istifadəyə dair yeni ictimai məlumatlandırma metodları aid edilə bilər.
“Aquahack” yarışmasına qeydiyyat 10-25 iyun tarixlərində keçiriləcək və hakatonda iştirak tamamilə ödənişsizdir. Müraciətlər həm fərdi, həm də qrup şəklində təqdim oluna bilər. Müraciət prosesi bitdikdən sonra iştirakçıları konkret problemlər və mövzu ilə ətraflı tanış etmək məqsədilə silsilə vebinarlar təşkil olunacaq. Bütün ideya və təkliflər ixtisaslaşmış münsiflər heyəti tərəfindən qiymətləndiriləcək.
Ümumilikdə 3 mükafat təqdim olunacaq: birinci yer üçün 5000 manat, ikinci yer üçün 3000 manat və üçüncü yer üçün 2000 manat.
Son müraciət tarixi: 25 iyun 2020-ci il
Qeydiyyat üçün: https://aquahack.hackathon.az/
INNOLAND-in rezident startapı “Taskool” platformasının Odlar Yurdu Universitetində təqdimatı baş tutub.
İnnovativ təhsil təşəbbüslərinə həsr olunmuş görüşdə məktəb–universitet əməkdaşlığının yeni imkanları və gənclərin innovativ layihələrə cəlb olunması məsələləri müzakirə edilib. Tədbirdə universitet rəhbərliyi ilə yanaşı, “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin rəhbəri Nicat Əmiraslanov da iştirak edib və innovasiya ekosisteminin inkişafında universitet–startap əməkdaşlığının əhəmiyyətini vurğulayıb. Görüş çərçivəsində tərəflər arasında gələcək əməkdaşlıq imkanları müzakirə olunub və əməkdaşlığın inkişaf etdirilməsi məqsədilə Odlar Yurdu Universiteti ilə “Taskool” platforması arasında Anlaşma Memorandumu imzalanıb. “Taskool” platforması şagirdlərə STEAM layihələri, olimpiadalar, peşəkar kurslar və mentorluq proqramları vasitəsilə akademik portfel formalaşdırmağa imkan verir. Bu yanaşma gənclərin yalnız test nəticələri ilə deyil, bacarıq və fəaliyyətləri ilə də qiymətləndirilməsinə şərait yaradır. INNOLAND olaraq innovativ ideyaların və startap ekosisteminin inkişafına töhfə verməyə davam edirik.
“INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzi və “ADPU Enactus” beynəlxalq proqramının tərəfdaşlığı ilə Azərbaycan Dövlət Pedaqoji Universitetində “Müasir təhsildə innovasiya” tədbiri çərçivəsində panel müzakirəsi baş tutub.
Panel müzakirəsindən öncə ADPU-nun elm və innovasiyalar üzrə prorektoru Asəf Zamanov, "İnnovasiyalar Mərkəzi"nin direktorunun müşaviri Ləman Əhmədova, “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin müdiri Nicat Əmiraslanov və "ADPU ENACTUS" komandasının koordinatoru Zenfira Seyidova çıxış edərək, innovativ yanaşmaların təhsildə tətbiqinin əhəmiyyətindən bəhs edib və bu cür tədbirlərin yeni ideyaların formalaşmasına verdiyi töhfəni vurğulayıb.
Panel müzakirəsinə moderator qismində “İnnovasiyalar Mərkəzi”nin “Layihələrin idarəedilməsi” departamentinin müdir müavini Ziniddin Babayev rəhbərlik edib. Spikerlər qismində isə "Bilim Azərbaycan" layihəsinin rəhbəri Ahmet Köse, Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin rəqəmsal iqtisadiyyat şöbəsinin rəhbəri Xəyalə Fətullayeva, "Enterprise Azerbaijan" portalının rəhbəri İsa Qasımov, ASAN İnnovativ İnkişaf Mərkəzinin təlim üzrə baş mütəxəssisi Aytən Quliyeva-Rzayeva və "Sosiologiya Akademiyası"nın rəhbəri Mail Yaqub çıxış ediblər.
Çıxışları zamanı spikerlər təhsildə innovativ metodların, rəqəmsal alətlərin və startap mədəniyyətinin tətbiqinin əhəmiyyəti ilə bağlı fikir və təcrübələrini bölüşüblər. Tədbir gənc müəllim və tələbələr tərəfindən böyük maraqla qarşılanıb, iştirakçılar panelistlərə suallar ünvanlayaraq geniş müzakirələr aparıblar.
Sonda iştirakçılara sertifikat təqdim edilib.
"INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzi və "Nextstep" İnnovasiya Mərkəzi ölkədə innovasiya fəaliyyətinin davamlılığının təmin olunması, innovativ ideyaların inkişafı, stratap biliklərinin arıtırlması məqsədilə "Pre-inkubasiya" proqramına başlayır.
14 iyun - 2 sentyabr tarixləri ərzində baş tutacaq proqramın ilk mərhələsində startap təsisçilərinə müxtəlif sahələrdən olan mütəxəssislər mentorluq və kouçinq dəstəyi göstərəcək. Sonrakı mərhələdə proqram startapçılara ilkin biliklər verməklə yanaşı, işlək məhsulu (MVP) yaratmaq və satış prosesini qurmaqda kömək edəcək. Burada əsas məqsad ideyanı formalaşdırmaq və onu inkişaf etdirməkdir. Həmçinin proqrama qəbul olunan komandalar proqramın sonuna qədər öz ideyalarına əsaslanan biznes prototipinin hazırlanmasına nail olmalıdırlar.
"Pre-inkubasiya" proqramında komandalar aşağıdakı mövzular üzrə bilik əldə edəcəklər:
1. Biznes modelin hazırlanması və inkişafı;
2. Bazar araşdırması və müştəri problemlərinin yoxlanılması;
3. İlkin işlək məhsulun hazırlanması;
4. İnvestisiya və “Pitch day”.
İndiyə qədər "Pre-inkubasiya" proqramına müraciət etmiş 12 startapdan 5-i proqrama seçilib. Bunlar “Abyss”, “Legal”, “Auto Source”, “Utilix” və “Safavy” startaplarıdır.