Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzi” və “Bank Respublika”nın birgə İnkubasiya proqramı çərçivəsində növbəti “Fintech Meetup” keçirilib. “Fintech Meetup” “SUP Akselerator”unun ənənəvi #SUPTalks tədbiri daxilində baş tutub. Tədbirdə "VISA Azerbaijan"ın biznesin inkişafı üzrə direktoru Nurlan Hacıyev elektron ödəniş sistemləri, onların gələcəyi və texnologiyada rolu haqqında ətraflı məlumat verib.
Həmçinin birgə inkubasiya proqramının detalları və son yenilikləri müzakirə olunub.
“INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin “Bank Respublika” ilə birgə həyata keçirdiyi Akselerasiya proqramına qəbul edilən startaplar 18 yanvar tarixində Demo Day-də çıxış edəcəklər. "Bank off", "Paylink", "Fintrack", "One Point" və "Dama Dama" startapları investorlar qarşısında öz layihələrini təqdim edərək investisiya almaq şansı əldə edəcəklər.
“Demo Day”in keçirilməsində məqsəd maliyyə ehtiyacı olan startaplar və sərmayə qoymaq istəyən investorları bir araya gətirmək və tərəflər arasında sağlam mühitdə davamlı əlaqələrin qurulmasına dəstək göstərməkdir.
"INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzinin rezidenti "Nextsale" "BigCommerce" e-ticarət platforması ilə tərəfdaşlığa başlayıb. Bundan əvvəl "Nexsale" Shopify, WooCommerce, WordPress və digər tanınmış elektron ticarət platformalarında mövcud olub. Yeni inteqrasiya "BigCommerce" istifadəçilərinə 14 günlük pulsuz sınaq müddəti ilə "Nextsale" tətbiq həllərindən faydalanmağa imkan verir.
Qeyd edək ki, "Nextsale" sayğaclar vasitəsilə onlayn mağazanıza sosial sübut və aktuallıq əlavə etməyə imkan verən platformadır.
Gələcək üçün Bacarıqlar layihəsinin "Ovuciçi" startapı "Invest Forum"da qalib olub.
"Invest Forum" ölkədə innovasiya ekosisteminin inkişafına dəstək vermək və startaplarla investorlar arasında əməkdaşlıq körpüsü qurmaq məqsədilə təşkil olunur.
Azərbaycan Respublikasının Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyi (KOBİA) və Türkiyənin "Özbahçeci İnvest Club"un təşkilatçılığı ilə keçirilən "Invest Forum"da "Gələcək üçün bacarıqlar" layihəsinin "Ovuciçi" və "Vooshii" startapları investorlar qarşısında çıxış edərək öz startapları haqqında məlumat veriblər.
Münsiflər heyətinin qiymətləndirməsinə əsasən "Ovuciçi" startapı 1-ci yerə layiq görülüb. Tədbir zamanı böyük marağa səbəb olan "Ovuciçi" startapı praktiki yolla şagirdlərin mühəndislik ixtisaslarına marağını artırmaq məqsədilə yaradılıb.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnnovasiyalar Mərkəzi / Innovations Centerin həyata keçirdiyi “Gələcək üçün bacarıqlar” layihəsinin əsas məqsədi innovasiya sahəsində kadr potensialını artırmaq və innovativ fəaliyyətləri dəstəkləməkdir. Layihə çərçivəsində tələbələrə innovativ ideyaların inkişafı üçün dəstək verilir və onların ölkəmizin texnoloji tərəqqisinə töhfə verəcək kəşflər və ixtiralar sahəsinə yönəldilməsi prioritet olaraq seçilib.