12 Noyabr, 2018

İlham Əliyev Bakıda Elektron Hökumətin İnkişafı Mərkəzinin inzibati binasının açılışında iştirak edib

Bakıda Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyindəki Elektron Hökumətin İnkişafı Mərkəzinin inzibati binasının açılışı olub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılışda iştirak ediblər.

Elektron Hökumətin İnkişafı Mərkəzinin açılışı zamanı "INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzi təqdim olunub. “INNOLAND”in fəaliyyəti ilə tanış olan Prezident İlham Əliyevə məlumat verilib ki, “INNOLAND” Azərbaycanda, eyni zamanda, onun hüdudlarından kənarda özəl sektorun inkişaf etdirilməsi, innovasiyanın təşviqi və startap hərəkatının genişləndirilməsi üçün yaradılan inkubasiya, akselerasiya və araşdırma mərkəzidir. İNNOLAND Kovörkinq, İnkubasiya, Akselerasiya və İT Təlim-Tədris Mərkəzindən ibarətdir. Buradakı “Kovörkinq” mərkəzi startaplar, proqramçılar, innovasiyalar sahəsində tək və ya kiçik komanda ilə işləyən şəxslər üçün sərfəli və bir çox imkanları özündə birləşdirən iş yeridir. “INNOLAND”də fəaliyyət göstərəcək “Kovörkinq” mərkəzi həftənin 7 günü 24 saat giriş imkanına, yüksək sürətli internetə, vahid məlumat köşkünə, mentor dəstəyinə malikdir.

İT Təlim-Tədris Mərkəzi isə gənclərə proqramlaşdırma və informasiya texnologiyaları üzrə biliklərin öyrədildiyi, kodlaşdırma bacarıqlarının verildiyi məkandır. Mərkəzdə süni intellekt, robotlaşdırma və onları dəstəkləyən proqramlaşdırma dillərinə üstünlük verilir. Dərslər “bootcamp” formatında üç ay ərzində hər gün keçirilir. İnkubasiya dövründə startaplara ideyalarının formalaşdırılmasına kömək göstərilir. Bu müddətdə əvvəlcədən müəyyənləşdirilmiş istiqamətlər üzrə ildə 4 dəfə ideya müsabiqəsi elan olunur. Müvafiq meyarlara əsasən müsabiqəyə əvvəlcədən müəyyənləşdirilmiş say üzrə ideya qəbul edilir. İnkubasiya dövründə uğurla formalaşmış ideyaların ilkin versiyaları test edilməsi, prototiplərin hazırlanması üçün akselerasiya mərhələsinə keçirilir. Bu mərhələdə komandaya mütəmadi şəkildə mentor dəstəyi göstərilir. Mərkəzdə fəaliyyət göstərən startaplar İnkubasiya və Akselerasiya dövründə “INNOLAND”in innovasiyalar və İKT sahəsində ümumi fəaliyyətindən də yararlanacaqlar.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva burada innovativ layihələrlə də tanış oldular.

Bildirildi ki, “Wattbooster” qurğusu elektrik enerjisinin faydalı iş əmsalını artırır, elektromaqnit sahəsinin hesabına daha çox enerji istehsal edir. Nəticədə elektrik avadanlıqlarının enerji sərfiyyatına qənaət olunur. Hələlik bu qurğu mobil operatorların antennalarının elektrik enerjisinin sərfiyyatının azaldılması üçün nəzərdə tutulub.

“Lia” adlı spinal qurğu onurğa sütununun vəziyyətinə nəzarət edir və insanda düzgün qamət yaradır. Mikrokontroller və iki sensordan ibarət olan, çiyindən asılan “Lia” minimum 3 həftədən sonra heç bir narahatlıq hissi doğurmadan onurğa sütununu düzəltməyə kömək edir. Sensor çiyinlərin vəziyyətini müəyyən edərək duruşun düzgünlüyünü yoxlayır. İstifadəçinin duruşu səhv vəziyyətdə olduğu halda telefonuna bildiriş gəlir və qaməti düzəltmək yada salınır.

“Safee” adlı ixtira yolda təhlükəsiz şəkildə, əsasən axşam vaxtı velosiped sürmək üçün dizayn edilib. Cihaz təhlükəsizlik işarələrini velosiped sürücüsünün bel nahiyəsinə əks etdirir. Nadir cihaz istehsal olunduğu ilk gündən dünya mediasında böyük maraq doğurub. Belə ki, BBC, Mirror, Yahoo və digər media qurumlarında layihə haqqında məqalələr dərc edilib və o, bir neçə qlobal mükafata layiq görülüb. Yaxın gələcəkdə kütləvi istehsalına başlanılacaq bu cihaz üçün bir sıra ölkələrdən yüzlərlə sifariş daxil olub.

“Wetravel” isə turizm şirkətləri üçün ödəmə şəbəkəsidir. Şəbəkə istifadəçisi olan şirkətlər bir-birləri ilə pul mübadiləsini ən aşağı komissiya ilə həyata keçirə bilərlər. Otellər, hostellər, aviaşirkətlər, səyahət agentlikləri və bu qəbildən digər şirkətlər platformanın imkanlarından yararlana bilərlər. “Wetravel” istifadəçilərə səyyah məlumatının, ödənişlərin asanlıqla toplanması, ən aşağı məzənnə ilə beynəlxalq ödənişlər kimi imkan yaradır. Platforma vasitəsilə 80-dən çox ölkəyə minlərlə səfər təşkil edilib.

“Namo Media” onlayn reklam idarəetmə sistemidir. Fox, ESPN kimi böyük xəbər saytlarının reklam idarəetməsi bu sistemlə həyata keçirilir. “Namo Media” 2014-cü ildə Twitter şirkəti tərəfindən 50 milyon dollar dəyərində qiymətləndirilərək alınıb.

Bu startaplar azərbaycanlı təsisçilər tərəfindən hazırlanıb və qlobal bazarı hədəfləyir.

Mənbə: President.az

Ətraflı oxu

Digər xəbərlər

innoland news image

"ASAN xidmət"in “İnnovasiyalar Mərkəzi” 2-ci “RoboCode” düşərgəsini reallaşdırır

"ASAN xidmət"in “İnnovasiyalar Mərkəzi” 2-ci “RoboCode” düşərgəsini reallaşdırır

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi”nin, “Bilişim Vadisi”nin və “SAHA Robotics” şirkətinin birgə təşkilatçılığı ilə “RoboCode” robotik kodlama düşərgəsinə start verilib.

Bir ay davam edəcək düşərgənin onlayn formatda keçirilən açılış tədbirində “İnnovasiyalar Mərkəzi”nin "INNOLAND" şöbəsinin müdiri Nicat Əmiraslanov, “Bilişim Vadisi”nin ekosistemin inkişafı üzrə baş mütəxəssisi Senanur Tellioğlu, ekosistem inkişafı eksperti Yiğithan Manqır, startap mentoru Serhat Duyar, “SAHA Robotics” şirkətinin robototexnika üzrə proqram təminatı mühəndisi Baha Dursun və digər qonaqlar iştirak ediblər.

Əsas məqsəd avtonom sistemlərə, robototexnika və avtomatlaşdırma texnologiyalarına çıxışı asanlaşdırmaq, bu sahədə ixtisaslaşaraq karyera qurmaq istəyən gəncləri qısa müddətdə əhəmiyyətli vasitə olan “ROS” ekosisteminə aid bilik və bacarıqlarla təmin etməkdir. Eyni zamanda müvafiq istiqamətdə innovativ həlləri təşviq etməklə iştirakçılara bu sahələrdə layihələrini inkişaf etdirməyə kömək etmək prioritetdir.

Düşərgədə 321 müraciətçidən kriteriyalara uyğun olaraq seçilmiş 75 nəfər iştirakçı müasir robototexnika və avtomatlaşdırma texnologiyaları sahəsində geniş biliklər əldə edəcək, yerli və xarici peşəkarlar tərəfindən təşkil olunacaq təlimlərdə təcrübi bilikləri mənimsəməklə karyeralarını genişləndirmək imkanı qazanacaqlar.

1-ci “RoboCode” robotik kodlama düşərgəsi 2024-cü ildə keçirilib.Düşərgə müddətində qeydiyyatdan keçən 448 müraciətçidən kriteriyalara uyğun olaraq seçilmiş 90 nəfərinə “ROS'un əsasları” , “Robotların simulyasiya edilməsi”, “Robot hərəkət sistemləri” və s. mövzularda onlayn və fiziki təlimlər keçirilib. Formalaşan 9 komandadan final mərhələsinə keçən 3 komandanın hazırladığı prototiplər münsiflər heyəti tərəfindən qiymətləndirilib.Qaliblər həmçinin “Bilişim Vadisi” kampusunda və “SAHA Robotics” şirkətində təcrübə keçmək imkanları qazanıblar.

Düşərgə 2023-cü ildə “İnnovasiyalar Mərkəzi” və “Bilişim Vadisi Bakı” arasında imzalanan əməkdaşlıq Memorandumuna əsasən təşkil olunub. Memorandumun məqsədi texnoloji bacarıqların birgə inkişaf etdirilməsi, təlimlərin keçirilməsi, innovativ həllərin tətbiqinə və inkişafına təkan verəcək hakaton, butkamp modeli əsasında layihələrin birgə hazırlanmasıdır.

Ətraflı oxu
innoland news image

Azərbaycan Hadoop istifadəçilər qrupunun görüşü keçiriləcək

10 mart 2019-cu il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzi və Tech Academynin birgə təşkilatçılığı ilə Azərbaycan Hadoop istifadəçilər qrupunun görüşü keçiriləcək.

Big data texnologiyalarının tətbiq sahələri, yeni nəsil datawarehouse sistemləri, Data Analitika mərhələləri və bir çox əhəmiyyətli mövzuların müzakirə olunacağı görüşdə tanınmış xarici və yerli mütəxəssislərin iştirakı nəzərdə tutulur.

Tədbirin spikerləri ADA Universitetinin Data Analytics mərkəzinin rəhbəri Abzetdin Adamov, Türkiyədə KOMTAŞ məlumatların idarəolunması mərkəzinin Big Data üzrə analitiki Zekeriyya Beşiroğlu və Azərbaycan Oracle istifadəçilər qrupunun rəhbəri, “Oracle ACE Director” mükafatın sahibi Kamran Ağayev olacaqlar.

 

Ətraflı oxu
innoland news image

"NASA Space Apps Azerbaijan" hakatonunun qalibləri müəyyənləşib

“Azərkosmos” Açıq Səhmdar Cəmiyyəti, ADA Universiteti və ABŞ-ın Azərbaycandakı səfirliyinin birgə təşkilatçılığı, ABŞ-ın Aeronavtika və Kosmik Tədqiqatlar Milli Agentliyinin (NASA), Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin, “Innoland” İnkubasiya və Akselerasiya Mərkəzinin tərəfdaşlığı, “Lenovo” şirkətinin Azərbaycanda rəsmi nümayəndəliyinin baş sponsorluğu ilə oktyabrın 18-dən start götürən “NASA Space Apps Azerbaijan” hakatonunun (proqramçıların birləşərək müxtəlif problemləri həll etməsi) final mərhələsi keçirilib.

“Azərkosmos”dan bildirilib ki, yarış zamanı 25 komandadan ibarət 100 nəfər iştirakçı 48 saat ərzində fasiləsiz olaraq NASA tərəfindən verilən tapşırıqların həll yollarını tapmağa çalışıb. Həmin komandalardan üç ən yaxşı həll yolu hazırlayan komanda “NASA Space Apps Azerbaijan” hakatonunun qalibi elan edilib. Beləliklə, birinci yerin qalibi “ICARUS”, ikinci yerin qalibi “SpaceSetup”, üçüncü yerin qalibi isə “Ulduz Station” komandası olub. "Welcome back" və "October sky" komandaları isə "INNOLAND"də 6 aylıq İnkubasiya proqramı keçmək şansı əldə ediblər.

Qalib komandalar pul mükafatları ilə təltif ediliblər. 

Hakatonun qalibləri beynəlxalq “NASA Space Apps” hakatonunun tapşırıqlarına uyğun olaraq Yer kürəsində meşə yanğınlarının, dəniz və okean sularının çirklənməsini və plastik tullantıların qarşısının alınması istiqamətində həllər təqdim ediblər. Azərbaycanda ilk dəfə keçirilən “NASA Space Apps Azerbaijan” hakatonu gənclər üçün kosmik sahədə sürətlə dəyişən trendlərlə tanış olmaq fürsəti yaratdı. Bununla yanaşı, hakaton iştirakçılara, əslində, kosmosun gələcəyini daha yaxşı təsəvvür etməyə və aktual olan ekoloji problemlərin həllinə birbaşa yol göstərir.

Hazırda planetimizin orta temperaturu ilbəil artır və su ehtiyatları tükənməkdədir. Bunların hamısı planetimizi olduqca narahat edən məsələlərdəndir. Bu kimi mühüm məsələlərə biganə qalmamaq üçün dünyada 200-dən çox şəhərdə eyni vaxtda keçirilən “NASA Space Apps” hakatonu innovativ ideyaları dəstəkləyir.

Qeyd edək ki, hakaton müddətində yarış iştirakçılarına NASA-nın “Saturn planetinin tədqiqatı üzrə Kassini proqramı”nın baş tədqiqatçısı Anna Verbisker tərəfindən ustad dərsləri keçirilib, kosmosun öyrənilməsində NASA-nın apardığı işlərdən bəhs edilib. Azərbaycanda gənclər arasında kosmosa və kosmik infrastruktura böyük maraq var. Bütün bunlar digər sahələr kimi, Azərbaycanın kosmik proqramının uğurlu inkişafını göstərir.

Ətraflı oxu