24 Sentyabr, 2026

ASAN Xidmətin Kambocada tətbiqi ilə bağlı işlər sürətləndirilir

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə Kambocanın müvafiq qurumu arasında imzalanmış Anlaşma Memorandumunun implementasiyası çərçivəsində Kamboca Krallığının Poçt və Telekommunikasiya Nazirliyinin ekspertlərindən ibarət nümayəndə heyəti ölkəmizə səfər edib.
 
Məqsəd “ASAN xidmət” təcrübəsi ilə yerində tanış olmaq və müvafiq təcrübənin Kambocada tətbiqi üzrə konkret fəaliyyətlərin müəyyən edilməsi olub.
Nümayəndə heyəti müxtəlif “ASAN xidmət” mərkəzləri, ASAN Süni İntellekt Mərkəzi ilə tanış olub. Həmçinin onlar üçün Dövlət Agentliyinin müxtəlif şöbələri tərəfindən təlimlər keçirilib, təqdimatlar edilib.
 
Qonaqlar INNOLAND Incubation & Acceleration Center, Səyyar ASAN xidmətin, 108 Çağrı Mərkəzinin və ASAN Radio nun fəaliyyəti ilə də yaxından tanış olublar.
Ətraflı oxu

Digər xəbərlər

innoland news image

"INNOLAND" “İlin innovasiya ekosistemi təmsilçisi” seçildi!

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin "INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzi “İnnovation Awards Gala” mükafatlandırma mərasimində “İlin innovasiya ekosistemi təmsilçisi” nominasiyası üzrə qalib olub.
 
Mükafatlandırma mərasimi Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Heydər Əliyev Mərkəzi ilə birgə keçirdiyi “InnoWeek – İnnovasiya həftəsi” tədbiri çərçivəsində baş tutub.
Ətraflı oxu
innoland news image

“World Net Summit” onlayn konfransı keçiriləcək

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin "INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzinin, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının, “SUP VC”-nin dəstəyi, "BP" şirkətinin baş sponsorluğu, Net Summit şirkətinin təşkilatçılığı ilə 11-15 may tarixlərində “World Net Summit” onlayn konfransı baş tutacaq.

Ümumilikdə 8 tədbirdən - “Startup Academy”, “Monex Summit”, “Government Address”, “Baku E-Trade Forum”, “Maintech Forum”, “Venture Summit”, “Corporate Innovation Forum”, “Influencer Summit” ibarət olan onlayn konfransda 15 ölkədən 50-dən çox spikerin çıxışı nəzərdə tutulur.

11 may 16:30-18:00 saatlarında “Startup Academy” tədbiri “SUP VC”nin direktoru Vüsal Kərimlinin moderatorluğu, Gürcüstan İnnovasiyalar və Texnologiya Agentliyinin sədri Avtandil Kasradze, “Startup Estonia”nın baş icraçı direktoru Marika Tru, “Astana Hub”ın baş icraçı direktoru Jospef Ziqler, “Startup Lithuania”nın baş icraçı direktoru Roberta Rudokin, Azərbaycan İnnovasiyalar Agentliyinin sədri Tural Kərimli və BMT-nin İnkişaf proqramının Avropa və Mərkəzi Asiya üzrə Regional İnnovasiya Mərkəzinin rəhbəri Leyla Sadikunun spiker kimi iştirakları ilə baş tutacaq.

19:30-21:00 saatlarında Monex Summit tədbiri MENA Fintech Assosiasiyasının sədri Namir Xanın moderatorluğu, Mastercard şirkətinin Vitse-prezidenti Fabrizio Burlando, Burnmark CEO-su Devi Mohan, Santander Bankın maliyyə sənayesinin transformasiyası üzrə rəhbəri Juan Jimenez Zaballos, Token şirkətinin idarəedici direktoru Maykl Oluqlin və Mastercard şirkətinin açıq bankçılıq üzrə qlobal rəhbəri Hakan Eroğlunun spikerliyi ilə baş tutacaq.

Qeyd edək ki, https://worldnetsummit.com/home saytından qeydiyyatdan keçməklə digər tədbirlər barədə ətraflı məlumat əldə edə bilər və konfrans canlı yayımlandığı zaman email vasitəsi ilə məlumatlandırma əldə edə bilərsiniz.

Konfrans "World Net Summit"in "Facebook" səhifəsində və "Youtube" üzərindən canlı yayımlanacaq.

Ətraflı oxu
innoland news image

ABŞ-da Azərbaycan İnnovasiyalar Evinin açılış mərasimi və ˝Tech Diaspora˝nın birinci forumu keçirilib

20 fevral 2020-ci il tarixində Amerika Birləşmiş Ştatlarının (ABŞ) Silikon Vadisində Azərbaycan İnnovasiyalar Evinin açılış mərasimi keçirilib. Azərbaycan İnnovasiyalar Evi Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzi tərəfindən yaradılıb.

Stanford Universitetində baş tutan tədbirdə Silikon Vadisi və yaxın ərazidə yaşayan, innovasiya və yüksək texnologiyalar sahəsində fəaliyyət göstərən 100-ə yaxın azərbaycanlı iştirak edib.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov Azərbaycan İnnovasiyalar Evinin açılmasının ölkəmizdə innovasiyalar sahəsində həyata keçirilən işlərin məntiqi davamı olduğunu vurğulayıb. Diqqətə çatdırılıb ki, Silikon Vadisi ilə ölkəmiz arasında bir körpü rolunu oynayacaq mərkəz burada yaşayan azərbaycanlılar tərəfindən yaradılan startapları bir araya gətirəcək. Eyni zamanda ölkəmizdəki startapçıların Silikon Vadisinə gəlmələrinə, təcrübə qazanmalarına və öz startaplarını inkişaf etdirmələrinə dəstək göstərəcək.

Mərasimdə şirkət nümayəndələri, startapçılar və Standford Universitetinin professorları da çıxış edərək layihənin əhəmiyyəti haqqında danışıblar.Həmçinin “Azərbaycan İnnovasiyalar Evinin Azərbaycan innovasiya ekosisteminə töhfəsi”,  ““ASAN xidmət” və onun innovasiya ekosistemindəki rolu”, “Regiondakı ekosistem göstəriciləri” və digər mövzular müzakirə olunub.

Tədbir çərçivəsində bir müddət öncə xaricdə yaşayan həmyerlilərimizin təşəbbüsü  və ˝INNOLAND˝ın dəstəyi ilə yaradılan ˝Tech Diaspora˝nın birinci forumu da keçirilib.

 ˝Tech Diaspora˝nın yaradılmasının əsas hədəfləri Azərbaycanda startap ekosisteminin inkişafı, dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlı startap ekosistem oyunçularının, innovativ texnologiyalar sahəsində fəaliyyət göstərən azərbaycanlıların ölkəmiz ilə əlaqələrinin daha da möhkəmləndirilməsi, onlar arasında əlaqələrin və birgə fəaliyyətin təmin olunmasıdır.

Diasporaların fəaliyyəti, eləcə də innovativ texnologiyalar sahəsində olan trendləri daim yaxından izləməyə və texnologiyaların Azərbaycanda da tətbiqinə təkan verəcək. Yerli startapçıların ölkəmizin hüdudlarından kənarda yaşayan azərbaycanlı startapçılarla əlaqələndirilməsi yerli startapların qlobal bazara çıxış imkanlarını da artıracaq.

Azərbaycan İnnovasiyalar Evi SOCAR-ın maliyyə dəstəyi ilə yaradılıb.

Tədbir maraqlı müzakirələr və axşam ziyafəti ilə davam etdirilib.

Ətraflı oxu