Şəki şəhərində fəaliyyətə başlayan “INNOLAND” İnkubasiya və Akselerasiya mərkəzində ilk “Hackathon” başa çatıb.
Region gənclərinin iştirakı ilə keçirilən “Hackathon” ümumilikdə 5 gün davam edib.
İştirakçılar “Startap nədir?” “Startap ideyasını necə formalaşdırmaq olar?”, “Bazar araşdırması”, “Biznes model strukturu: biznes modeli, biznes plan”, “Təqdimat bacarıqları” kimi əsas təşəbbüskarlıq anlayışları ilə tanış olublar.
Həmçinin, iştirakçılar komandalara bölünərək onlara həvalə edilmiş layihələr üzrə “Hackathon” zamanı əldə etdikləri bilikləri tətbiq ediblər.
Münsiflər heyətinin qarşısında öz layihələrini təqdim edən 6 komandadan “Barbertapp”, “Sığortam” və “Sheki Tour” komandaları ən yüksək bal toplayaraq qalib olublar.
Qalib komandalar "INNOLAND"in Şəki mərkəzində 6 aylıq inkubasiya proqramı keçmək haqqı qazanıblar. Bununla yanaşı qalib komandalara notbuk təqdim edilib.
Şəki şəhərində “Hackathon”un keçirilməsində məqsəd region gəncləri arasında startapların təşviqi, mövcud ideyaların dəstəklənməsidir.
“INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzi və Azərbaycan Dövlət Aqrar Universitetinin birgə təşkilatçılığı ilə Gəncədə baş tutacaq “Hackathon”a seçim turları başladı. Seçimlərdən uğurla keçən iştirakçılar təlim və yarışlarda iştirak edəcəklər. Proqram 23-27 sentyabr tarixlərində Azərbaycan Dövlət Aqrar Universitetinin İnnovasiyalar Mərkəzində keçiriləcək. Qeyd edək ki, "Hackathon" aqrar mövzusundadır.
Tədbirin ilk 2 günü iştirakçılar əsas təşəbbüskarlıq anlayışları ilə tanış olacaqlar. Növbəti 3 gün ərzində keçiriləcək “Hackathon” zamanı əldə etdikləri bilikləri tətbiq etməyə çalışacaqlar.
1ci gün: Ümumi təlim
● Startap nədir?
● Startap ideyasını necə formalaşdırmaq olar?
● Bazar araşdırması
● Startapın yaratdığı dəyər
2-ci gün: Ümumi təlim
● Biznes model strukturu: biznes modeli, biznes plan
● “Lean” metodologiyası
● Təqdimat
3-cü gün: “Hackathon” və spikerlərin çıxışı
● “INNOLAND”in rezidentləri öz təcrübələrini paylaşacaq.
● “Hackathon” başlayacaq və komanda formalaşması üçün münsiflər tərəfindən ən yaxşı 5-6 ideya seçiləcək.
4-cü gün: Komanda işi və mentorluq
● Seçilən komandalar mentorların dəstəyi ilə öz ideyaları üzərində işləyəcəklər.
5-ci gün: Komanda işi, final günü təqdimatı, qalibin elan edilməsi
● Günün 1-ci yarısı: komanda işi davam edəcək.
● Günün 2-ci yarısı: Ən yaxşı 3 ideyanın seçilməsi üçün komandalar münsiflərin qarşısında təqdimat edəcəklər.
Sonda qalib komandalar Azərbaycan Dövlət Aqrar Universitetinin İnnovasiyalar Mərkəzində 6 aylıq inkubasiya proqramı keçmək haqqı qazanacaqlar! Bununla yanaşı qalib komandaların təsisçiləri 2020-ci ildə Türkiyədə keçiriləcək “Startup Turkey” tədbirinə qatılmaq şansı əldə edəcəklər.
Seçim kriteriyaları:
Qeydiyyat forumu: https://forms.gle/J3skrtpJHttPoSd27
4-14 iyul 2019-cu il tarixində “INNOLAND“ İnkubasiya və Akselerasiya Mərkəzinin rəhbərliyi ABŞ-ın Kaliforniya ştatında işgüzar səfərdə olub. Səfərin əsas məqsədi dünyanın ən qabaqcıl startap ekosistemi olan Silicon Valley şirkətləri ilə görüşlər, mümkün əməkdaşlıqların müzakirəsi olub. Səfər çərçivəsində “Facebook”, “Google”, “Salesforce”, “Linkedin”, “500 startups” və digər tanınmış şirkətlərlə görüşlər keçirilib.
Həmçinin səfər zamanı “INNOLAND” Mərkəzi və “Global Kinetiks” şirkəti arasında əldə olunan razılaşmaya əsasən cari ilin sentyabr ayından başlayaraq Mərkəzin akselerasiya proqramına qoşulan startaplar üçün “Silicon Valley in Your Pocket” proqramı həyata keçiriləcək. Bu çərçivədə 8 həftəlik mentorluq və birbaşa məsləhət xidmətləri təmin olunacaq.
Proqram rəhbəri Jeff Wallace bu əməkdaşlığın sadəcə Azərbaycan üçün deyil, bütün region üçün körpü rolunu oynaya biləcəyini bildirib.
Car ilin sonunda San Fransisko şəhərində “INNOLAND” nümayəndəliyinin açılması planlaşdırılır. Nümayəndəlik xarici ekspertlərin məsafədən Mərkəzdəki startaplara mentorluğun təşkil olunması, potensiallı yerli startapların xarici bazarlara çıxmasının dəstəklənməsi, investisiyanın cəlb olunması, hüquqi işlər və digər bu növ işlərin təşkili ilə məşğul olacaq.