Qlobal bazara çıxış üçün vacib biliklər, real təcrübələr və praktik tövsiyələr!
“INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzində Türkiyəli təlimçi, “Mükellef Teknoloji” şirkətinin satış direktoru Yunus Uzelin təqdimatında keçirilən təlimdə iştirakçılar beynəlxalq bazarlara çıxış, xaricdə şirkət qurulması, vergi və hüquqi məsələlər, eləcə də qlobal inkişaf strategiyaları ilə bağlı dəyərli məlumatlar əldə etdilər.
Siz də biznesinizi qlobal bazara daşımaq istəyirsinizsə, INNOLAND-in növbəti təlim və tədbirlərini izləyin.
"Polygraf AI" 9.5 milyon dollar investisiya əldə edib!
ABŞ-da fəaliyyət göstərən “Polygraf AI”, beynəlxalq investorların etimadını qazanaraq süni intellekt sahəsində ən uğurlu startaplardan birinə çevrilib.
Şirkət müəssisələr üçün risklərin aşkarlanması, saxtakarlıqla mübarizə və məlumatların bütövlüyünün qorunması üzrə AI əsaslı həllər təqdim edir.
Bu investisiya sayəsində “Polygraf AI” məhsul inkişafını sürətləndirəcək və qlobal bazarlarda mövqeyini daha da gücləndirəcək.
“Polygraf AI” komandasını səmimi qəlbdən təbrik edirik!
"INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzinin nümayəndə heyəti Macarıstanda keçirilən "NGO Digitalization" tədbirində iştirak edib.
Tədbirdə "INNOLAND"in direktoru Məmməd Kərimov spiker qismində çıxış edib.
Həmçinin nümayəndə heyəti Budapeşt, Brüsel və Berlin şəhərlərində təşkil olunmuş tədbirlərdə startap ekosisteminin istirakçıları ilə görüşlər keçiriblər.
20 fevral 2020-ci il tarixində Amerika Birləşmiş Ştatlarının (ABŞ) Silikon Vadisində Azərbaycan İnnovasiyalar Evinin açılış mərasimi keçirilib. Azərbaycan İnnovasiyalar Evi Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzi tərəfindən yaradılıb.
Stanford Universitetində baş tutan tədbirdə Silikon Vadisi və yaxın ərazidə yaşayan, innovasiya və yüksək texnologiyalar sahəsində fəaliyyət göstərən 100-ə yaxın azərbaycanlı iştirak edib.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov Azərbaycan İnnovasiyalar Evinin açılmasının ölkəmizdə innovasiyalar sahəsində həyata keçirilən işlərin məntiqi davamı olduğunu vurğulayıb. Diqqətə çatdırılıb ki, Silikon Vadisi ilə ölkəmiz arasında bir körpü rolunu oynayacaq mərkəz burada yaşayan azərbaycanlılar tərəfindən yaradılan startapları bir araya gətirəcək. Eyni zamanda ölkəmizdəki startapçıların Silikon Vadisinə gəlmələrinə, təcrübə qazanmalarına və öz startaplarını inkişaf etdirmələrinə dəstək göstərəcək.
Mərasimdə şirkət nümayəndələri, startapçılar və Standford Universitetinin professorları da çıxış edərək layihənin əhəmiyyəti haqqında danışıblar.Həmçinin “Azərbaycan İnnovasiyalar Evinin Azərbaycan innovasiya ekosisteminə töhfəsi”, ““ASAN xidmət” və onun innovasiya ekosistemindəki rolu”, “Regiondakı ekosistem göstəriciləri” və digər mövzular müzakirə olunub.
Tədbir çərçivəsində bir müddət öncə xaricdə yaşayan həmyerlilərimizin təşəbbüsü və ˝INNOLAND˝ın dəstəyi ilə yaradılan ˝Tech Diaspora˝nın birinci forumu da keçirilib.
˝Tech Diaspora˝nın yaradılmasının əsas hədəfləri Azərbaycanda startap ekosisteminin inkişafı, dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlı startap ekosistem oyunçularının, innovativ texnologiyalar sahəsində fəaliyyət göstərən azərbaycanlıların ölkəmiz ilə əlaqələrinin daha da möhkəmləndirilməsi, onlar arasında əlaqələrin və birgə fəaliyyətin təmin olunmasıdır.
Diasporaların fəaliyyəti, eləcə də innovativ texnologiyalar sahəsində olan trendləri daim yaxından izləməyə və texnologiyaların Azərbaycanda da tətbiqinə təkan verəcək. Yerli startapçıların ölkəmizin hüdudlarından kənarda yaşayan azərbaycanlı startapçılarla əlaqələndirilməsi yerli startapların qlobal bazara çıxış imkanlarını da artıracaq.
Azərbaycan İnnovasiyalar Evi SOCAR-ın maliyyə dəstəyi ilə yaradılıb.
Tədbir maraqlı müzakirələr və axşam ziyafəti ilə davam etdirilib.