“INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin tərəfdaşlığı ilə Gəncə şəhər Heydər Əliyev Mərkəzində "İnnovasiya və Yaradıcılıq Forumu" keçirilib.
2 saylı Gəncə regional “ASAN xidmət” mərkəzi, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Gəncə-Daşkəsən regional nümayəndəliyi, Gəncə şəhər Heydər Əliyev Mərkəzi və Gəncə STEAM Mərkəzinin birgə təşkilatçılığı ilə reallaşan forum gənclərin innovativ düşüncə və texnoloji biliklərinin inkişafını dəstəkləmək məqsədi daşıyıb.
Forum çərçivəsində 200-ə yaxın gəncin iştirakı ilə “Startap ekosistemi – qlobal və lokal yanaşmalar”, “Süni intellekt: Düşüncənin yeni forması” və “Robotlar səhnədə – Yaradıcılıq və texnologiyanın vəhdəti” mövzularında panel müzakirələri aparılıb.
Müzakirələrdə “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin müdiri Nicat Əmiraslanov və “Layihələrin idarəedilməsi” departamentinin müdir müavini Ziniddin Babayev də çıxış edərək iştirakçılarla öz bilik və təcrübələrini bölüşüblər.
Sonda rəsmi çıxışlar və təltifetmə mərasimi ilə tədbir yekunlaşıb.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev Türkiyə Respublikası "Teknopark İstanbul"un Baş İcraçı Direktoru Bilal Topçu ilə görüşüb.
Ülvi Mehdiyev Dövlət Agentliyinin fəaliyyət istiqamətləri, dövlət xidmətlərinin göstərilməsində innovasiyaların tətbiqi, elektron hökümətin inkişafı və sosial innovasiyalar sahəsində görülən işlər barədə məlumat verib. Dövlət Agentliyi ilə “Teknopark İstanbul" arasında innovasiya sahəsində birgə fəaliyyətin qurulmasının iki qardaş ölkə arasında yeni əməkdaşlıq imkanlarının açdığını qeyd edib.
Bundan əlavə Dövlət Agentliyinin 2015-ci ildə Birləşmiş Millətlər Təşkilatının Dövlət Xidmətləri Mükafatına, 2019-cu ildə isə BMT-nin rəqəmsal idarəetmənin tətbiqi ilə dövlət xidmətlərinin inkişafı sahəsində xüsusi mükafatına layiq görülməsi diqqətə çatdırılıb.
Sonra qonaq “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin fəaliyyəti ilə tanış olub və 30-dan artıq startap nümayəndəsi ilə görüşüb.
Görüş çərçivəsində Bilal Topçu Azərbaycan startapları üçün "Teknopark İstanbul"da mövcud olan imkanlar, dəstək və xidmətlərlə bağlı təqdimatla çıxış edib və yerli startapçıların innovativ sahibkarlığın inkişafı ilə bağlı fikirlərini dinləyib və suallarını cavablandırıb.
"Green Hackathon 2024"-un yekun tədbiri keçirildi və qaliblər elan olunub.
Final mərhələsində 30-dan çox yerli universitetdən 87 innovativ gənc 20 komanda tərkibində öz ideyalarını təqdim edib.
İnnovativ soyutma sistemi ilə günəş panellərinin səmərəliliyini artırmağı hədəfləyən "Greenix" komandasi öz ideyası ilə 1-ci yerə, sənayedən buraxılan su tullantılarını ağır metallardan təmizləyən startap ideyası ilə "Envirominds "komandası 2-ci yerə və kənd təsərrüfatında dron vasitəsiilə aparılan əkin sahələrinin avtonom analiz və monitorinq həlli ilə "AgroGuard" komandası 3-cü yerə layiq görülüb.
Qaliblərə müxtəlif pul mükafatları verilib və sertifikatlar təqdim olunub.
Tədbirdə Asiya İnkişaf Bankının ölkədəki nümayəndəliyinin rəhbəri Sunniya Durrani-Jamal (AİB), İqtisadiyyat Nazirinin müavini Elnur Əliyev və Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov iştirak edib.
Qeyd edək ki, müsabiqə AİB, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və İqtisadiyyat Nazirliyinin birgə təşkilatçılığı ilə baş tutub.
Hakaton AİB-nin yerli texnoloji startapların inkişafına dəstək verən Texniki Yardımı çərçivəsində təşkil olunub. Texniki Yardım Koreya Respublikasının E-Asiya və Bilik Tərəfdaşlığı Fondunun maliyyə dəstəyi ilə reallaşdırılıb.
V “TUSİ” İnkubasiya Proqramının infosessiyaları davam edir
Proqram çərçivəsində Bakı Mühəndislik Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Xəzər Universiteti və Azərbaycan Tibb Universitetində görüşlər təşkil olunub. Tələbələrə inkubasiya proqramının məqsədi, startap ideyasının formalaşdırılması, komanda quruculuğu və proqramın təqdim etdiyi imkanlar barədə məlumat verilib, iştirakçıların sualları cavablandırılıb. Keçirilən infosessiyalarda ümumilikdə 300-dən çox tələbə iştirak edərək startap ekosistemi və innovativ ideyaların inkişafı haqqında məlumat əldə edib.
Siz də inkubasiya proqramına qoşulmaq üçün qeydiyyatdan keçə bilərsiniz: ➡️ https://gub.icenter.az/home