"Green Hackathon 2024"-un yekun tədbiri keçirildi və qaliblər elan olunub.
Final mərhələsində 30-dan çox yerli universitetdən 87 innovativ gənc 20 komanda tərkibində öz ideyalarını təqdim edib.
İnnovativ soyutma sistemi ilə günəş panellərinin səmərəliliyini artırmağı hədəfləyən "Greenix" komandasi öz ideyası ilə 1-ci yerə, sənayedən buraxılan su tullantılarını ağır metallardan təmizləyən startap ideyası ilə "Envirominds "komandası 2-ci yerə və kənd təsərrüfatında dron vasitəsiilə aparılan əkin sahələrinin avtonom analiz və monitorinq həlli ilə "AgroGuard" komandası 3-cü yerə layiq görülüb.
Qaliblərə müxtəlif pul mükafatları verilib və sertifikatlar təqdim olunub.
Tədbirdə Asiya İnkişaf Bankının ölkədəki nümayəndəliyinin rəhbəri Sunniya Durrani-Jamal (AİB), İqtisadiyyat Nazirinin müavini Elnur Əliyev və Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov iştirak edib.
Qeyd edək ki, müsabiqə AİB, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və İqtisadiyyat Nazirliyinin birgə təşkilatçılığı ilə baş tutub.
Hakaton AİB-nin yerli texnoloji startapların inkişafına dəstək verən Texniki Yardımı çərçivəsində təşkil olunub. Texniki Yardım Koreya Respublikasının E-Asiya və Bilik Tərəfdaşlığı Fondunun maliyyə dəstəyi ilə reallaşdırılıb.
“NeecroLearn” oyun inkubasiya proqramında netvörkinq və təcrübə mübadiləsi görüşləri davam edir.
Proqramın II mərhələsi çərçivəsində təşkil olunan növbəti netvörkinq və təcrübə mübadiləsi görüşünün qonağı "M3DS Academy" və "Vertpaint Studios"un 3D oyun rəssamı Cavid Şükürlü olub. "Portfolio yaradılması və xaricdə iş axtarışı" mövzusunda çıxış edən Cavid Şükürlü peşəkar portfolionun hazırlanması, işəgötürənlərin diqqətini cəlb edən əsas məqamlar və beynəlxalq oyun sənayesində karyera imkanları ilə bağlı təcrübələrini iştirakçılarla bölüşüb.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ulvi Mehdiyev Fransanın “Ecole 42” şirkətinin icraçı direktoru Sofi Viger ilə görüşüb.
Görüş zamanı Ülvi Mehdiyev kompüter elmləri, informasiya təhlükəsizliyi, süni intellekt və s. üzrə ixtisaslı mütəxəssislərin hazırlanması istiqamətində görülən işlər barədə məlumat verib. Həmçinin Elektron Hökumətin İnkişafı Mərkəzinin (EHİM) rəqəmsallaşdırma, müvafiq istiqamətdə bilik və bacarıqların yüksəldilməsi, cəmiyyətin bütün üzvlərinin informasiya texnologiyalarının yaratdığı imkanlardan istifadəsinə şərait yaradılması sahəsində gördüyü işlərdən, həyata keçirilən layihələrdən və beyəlxalq təcrübənin tətbiqindən danışıb.
Sonra Sofi Viger “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin fəaliyyəti ilə tanış olub. Qonaq müxtəlif layihələr, yerli startaplar üçün qlobal səviyyədə sərmayələrin cəlbi, onların inkişafı üçün yaradılan imkanlar barədə məlumatlandırılıb.
15 min nəfərdən artıq məzunu olan “Ecole 42” proqramlaşdırma məktəblərinin dünyanın 25 ölkəsində 42 kampusu fəaliyyət göstərir. Azərbaycanda “Baku Ecole 42” kampusunun yaradılması layihəsi Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən birgə həyata keçirilir.
"Kiber One Baku - Beynəlxalq İT Məktəbi"nin şagirdləri INNOLAND-də qonaq oldular. Şagirdlər INNOLAND İnkubasiya və Akselerasiya Mərkəzi ilə yaxından tanış olaraq ölkəmizdəki innovasiya və startap ekosistemini kəşf etdilər. Mərkəzin məqsəd və xidmətləri haqqında geniş məlumat alan şagirdlər rezident startaplarla birbaşa ünsiyyət qurdular, suallarını ünvanladılar və real layihələrlə tanış oldular. Ziyarət çərçivəsində uşaqlar həm də iLAB innovativ laboratoriyasının fəaliyyətini izlədilər, burada yaradıcı ideyaların prototiplərə çevrilməsi prosesini gördülər.