“INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin “Bakcell”lə birgə həyata keçirdiyi 1-ci İnkubasiya proqramına qəbul edilən startaplar 18 yanvar tarixində Demo Day-də çıxış edəcəklər. "Fonibo", "Bon.az" və "Towaves" startapları investorlar qarşısında öz layihələrini təqdim edərək investisiya almaq şansı əldə edəcəklər.
“Demo Day”in keçirilməsində məqsəd maliyyə ehtiyacı olan startaplar və sərmayə qoymaq istəyən investorları bir araya gətirmək və tərəflər arasında sağlam mühitdə davamlı əlaqələrin qurulmasına dəstək göstərməkdir.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi”nin təşkilatı dəstəyi ilə Azərbaycan Robotexnika Mühəndisliyi Akademiyası tərəfindən "INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzində reallaşdırılan “NASA Space Apps Challenge” hakatonu yekunlaşıb.
Hakatonun bağlanış tədbirində Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi”nin direktoru Vüsal Rüstəmov, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentliyin ("Azərkosmos") Strategiya və biznesin inkişafı departamentinin direktoru Natavan Həsənova, “NASA Space Apps Baku”nun layihə rəhbəri Nigar Rəsulzadə və digər qonaqlar iştirak ediblər.
Hakatonun məqsədi qlobal əhəmiyyətli prioritet istiqamətlərdə qeyd olunan mövzulara dair açıq mənbəli həllər yaratmaq, müvafiq sahələrin elmi tədqiqinə maraq oyatmaq, yeni nəsil alimlərin, texnoloqların, dizaynerlərin və mühəndislərin böyüməsini və müxtəlifliyini təşviq etməkdir.
Müsabiqədə 690 müraciətçidən müsabiqə üsulu ilə seçilmiş 23 komanda 36 saat ərzində (7-8 oktyabr tarixində) hakatonun əsas mövzuları olan iqlimin idarəolunması, təhsil texnologiyaları, yanğınların idarəolunması, virtual və artırılmış reallıqlar, sosial layihələr istiqamətlərində tapşırıqları həll edib.
Bağlanış tədbirində komandaların hazırladıqları prototiplər münsiflər heyəti tərəfindən qiymətləndirilib. Orijinallığı, konseptləri, ixtiraçılığı ilə fərqlənən, yaradıcı problem həlli və qeyri-standart düşünmə nümayiş etdirən həllər 3 yer üzrə seçilib.
Komandalar arasından "Optimum" 1-ci yerə, "Proxima" 2-ci yerə, "PlatonTech" isə 3-cü yerə layiq görülüb.
Sonda qalib komandalara mükafatlar təqdim olunub.
Ölkə üzrə qalib gələn komandalar dünyanın 350 şəhərində keçirilmiş hakaton qalibləri ilə birgə yarışacaqlar.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin "INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzinin təşkilatçılığı ilə 11 may tarixində “Startup Grind - Ganja” tədbiri baş tutacaq.
Bu dəfəki görüşdə spiker qismində “Whelp” startapının təsisçisi və idarə heyətinin sədri Seymur Rəsulov çıxış edəcək. O, “Azərbaycan startaplarının xarici bazara çıxışı” mövzusunda öz təcrübələrini, məsləhətlərini paylaşacaq.
"Startup Grind" startaplar, təsisçilər, ixtiraçılar üçün yaradılmış dünyanın ən böyük icmalarından biridir. Tədbirin məqsədi həmfikir insanları bir araya gətirmək, öyrənmək, öyrətmək, kömək etməkdir. 2019-cu ildən başladılan tədbir mütəxəssislərin öz təcrübələrini paylaşdığı ənənəvi hərəkat halını alıb.
Tədbir “Facebook – live“ vasitəsilə baş tutacaq.
31 yanvar – 2 fevral tarixlərinlərində eyni anda 860 fərqli məkan və 113 ölkədə keçiriləcək Global Game Jam Azərbaycanda da baş tutacaq. Tədbirin əsas məqsədi Azərbaycandakı oyun qurucuları cəmiyyətini yaradaraq inkişaf etdirmək və dünyayla birləşdirməkdir.
48 saat davam edəcək tədbirdə iştrakçılar tərəfindən eyni mövzuya aid fərqli oyunlar hazırlanacaq. Müsabiqə mövzusu bütün dünyada eyni vaxtda elan olunacaq. Bütün iştirakçılar dəyərli hədiyyələr və sərhədsiz təcrübə əldə edəcəklər.
Tədbirin əsas tərəfdaşları "INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, SUP.VC, Nextstep Innovasiya Mərkəzi, World Net Summit və Vriendly'dir.
İştirak ödənişsizdir!
Qeydiyyat linki: https://bit.ly/2TIDgbp