30 avqust tarixində "INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzində "Nextstep" İnnovasiya Mərkəzinin tərəfdaşlığı, Asiya İnkişaf Bankının Asiya Regional İqtisadi Əməkdaşlıq Proqramının (CAREC) dəstəyi ilə Azərbaycan, Qazaxıstan və Özbəkistanda fəaliyyət göstərən startapçılar üçün "Demo Day" təşkil olunub.
Məqsəd investorlarla potensial startapları bir araya gətirərmək, innovasiya ekosisteminə inteqrasiyanı, yerli və regional startaplara sərmayə yatırmalarını təşkil etməkdir.
Hər birində 3 gün olmaqla Qazaxıstan, Özbəkistan və Azərbaycanda baş tutan butkampların yekunu olaraq keçirilən tədbirdə həm yerli, həm də beynəlxalq investorlar, iştirakçılar arasından seçilmiş 5 startap və “INNOLAND"in rezidentləri iştirak ediblər.
Çıxışçılar ekosistem nümayəndələrinə layihələrinin komponentləri, gedişatı və növbəti mərhələləri, zəruri investisiya ehtiyacları barədə məlumat verib və onlarla birgə iş mexanizmləri haqqında müzakirələr aparıblar.
Layihə Koreya Respublikasının “e-Asiya” və “Bilik Tərəfdaşlığı” Fondu tərəfindən maliyyələşdirilib.
“INNOLAND”də "Süni intellekt və əhəmiyyəti" mövzusunda görüş baş tutacaq
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzində "Süni intellekt və əhəmiyyəti" mövzusunda görüş baş tutacaq. Görüş “ATL Tech”in #Expertech tədbiri daxilində keçiriləcək. Spiker qismində Elektron Hökümətin İnkişafı Mərkəzinin direktoru Fariz Cəfərov və "ATL Tech" şirkətinin rəhbəri Vurğun Hacıyev çıxış edəcəklər.
Tədbir 27 fevral saat 19.00-da başlayacaq.
Tədbirə qatılmaq üçün: https://www.facebook.com/events/127654298623758
Startap rezidentimiz "Taskool" Azərbaycan Dövlət İqtisad Universitetiylə əməkdaşlığa başlayıb.
Tərəflər "STEAMLAND" innovativ tədqiqat mərkəzi çərçivəsində birgə fəaliyyətlər göstərəcəklər. Mərkəz universitet və məktəblər arasında körpü yaradaraq məktəblilərdə "STEAM" (elm, texnologiya, mühəndislik, incəsənət və riyaziyyat) sahələri üzrə layihə əsaslı öyrənmənin və tədqiqat üçün lazım olan yumşaq və texniki bacarıqların əsasını formalaşdıracaq.
"Taskool" təhsil sahəsində startap olaraq yaratdığı əsas innovativ təşəbbüslərindən biri dünyada universitetlər üçün yeni, alternativ qəbul prosesidir. Platformada ali məktəbə təqdim etmək üçün şagirdlərə akademik portfel, praktikaya dayanan biliklər əldə etmək üçün "STEAM" layihələr bankı, istedadlıları üzə çıxarmaq üçün Olimpiada və Hakaton mərkəzi, həmçinin qlobal şəbəkələşmələri istiqamətində icma qrupları yaradaraq innovativ təhsil fəaliyyətləri həyata keçirir.
31 may 2022-ci il tarixində dünyanın qlobal startap ekosistem xəritəsi və araşdırma mərkəzi olan "StartupBlink" təşkilatı tərəfindən Qlobal startap ekosistemi indeksinin 2022-ci il üzrə hesabatının təqdimat konfransı keçirilib.
Hesabatda dünya üzrə startapların inkişafı üçün münbit şəraitin olduğu 100 ölkə və 1000 şəhər seçilib. Ötən ilki hesabatla müqayisədə Azərbaycan Respublikası ölkələr üzrə reytinqdə 4 pillə, Bakı şəhəri isə şəhərlərarası reytinqdə 12 pillə irəliləyib.
Konfrans zamanı Azərbaycan, Türkiyə, Almaniya, Belçika, İzrail, Yaponiya və ABŞ da daxil olmaqla 20-yə yaxın ölkənin ekosistemi üzrə yenilikləri təqdim olunub.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin nümayəndəsi konfransda onlayn formada çıxış edərək ölkəmizdə innovasiya ekosisteminin inkişafı sahəsində son dövrlər baş verən irəliləyişlər, həyata keçirilən tədbirlər və Dövlət Agentliyi tərəfindən yaradılan "INNOLAND " mərkəzinin fəaliyyəti barədə məlumat verib, ölkəmizdə həyata keçirilən “Azərbaycan 500 ASAN Startap Proqramı”, “Gələcək üçün bacarıqlar” və “Regional texnoloji startaplara dəstək” layihələrinin hesabatda əks olunmasını müsbət məqam kimi vurğulayıb.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi 2022-ci il yanvar ayından etibarən "StartupBlink" təşkilatının ölkə üzrə partnyorudur. Yerli innovasiya ekosisteminə dair yeniliklər, reallaşan layihələr və sahə üzrə fəaliyyət göstərən təşkilatlar haqqında məlumatların "StartupBlink" platforması vasitəsilə beynəlxalq arenada paylaşılması istiqamətində davamlı işlər aparılır.