“INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzi” və “Bank Respublika”nın birgə İnkubasiya proqramı çərçivəsində “Fintech Meetup” keçiriləcək. Meetup, “SUP Akselerator”unun ənənəvi #SUPTalks tədbiri daxilində baş tutacaq. Görüşdə Şefket Sayalıoğlu müasir səyahət, maliyyə texnologiyaları və innovativ maliyyə sektorunun inkişaf tendensiyasından danışacaq.
Şefket Sayalıoğlu, Səyahət-Fintex sahəsində olan “SwayPay” şirkətinin həmtəsisçisi və eyni zamanda baş direktorudur. “SwayPay” şirkəti 2017-ci ildə qurulub. Şirkətin əsas məqsədi otellərə daha çox gəlir qazandırmaq üçün sürətli, təhlükəsiz sifariş rəsmiləşdirilmələri və ödənişləri həyata keçirməkdir.
Tədbir zamanı həmçinin birgə inkubasiya proqramının detalları və son yenilikləri müzakirə olunacaq.
Tədbir, 20 sentyabr saat 16.00-da “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzində keçiriləcəkdir.
“Youth Inc.” Sahibkarlıq Proqramı və "INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzi arasında qarşılıqlı tərəfdaşlıq və əməkdaşlıq memorandumu imzalanıb.
Memorandumu “Youth Inc.” Sahibkarlıq Proqramının koordinatoru Zaur Ünsizadə və “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin direktoru Məmməd Kərim imzalayıblar.
Memorandum hər iki mərkəzin tədris və praktiki metodikalarının, gənc ideya sahibləri və startapçıların qarşılıqlı mübadiləsi və inkişafı üçün nəzərdə tutulub.
Memoranduma əsasən təcrübə və istedad mübadiləsi ilə yanaşı, birgə demo turlar, təlimlər də təşkil olunacaqdır.
ÜTÜ Qrup (ünsiyyətin təkmilləşdirilməsi üsulları) şirkətinin və "INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzinin təşkilatçılığı ilə “Sabahın Gücü” inkişaf proqramının təlimçiləri üçün "INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzinə infosessiya səfəri təşkil olunub.
Səfər zamanı iştirakçılar mərkəzin fəaliyyəti, startap ekosistemi, ideyaların biznesə çevrilməsi mərhələləri və innovasiya mühitinin iş prinsipləri barədə dəyərli məlumatlar əldə etdilər.
İnfosessiya INNOLAND komandası tərəfindən təqdim olundu.
“INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin “Bakcell”lə birgə elan etdiyi 1-ci İnkubasiya proqramına seçimlər başa çatıb.
Münsiflər heyətinin qarşısında öz layihələrini təqdim edən 5 startapdan 3-ü yüksək bal toplayaraq proqramda iştirak etmək haqqı qazanıb.
Seçimlərdən uğurla keçən “Bon.az”, “Towaves” və “Face Ads” komandaları “INNOLAND“də öz layihələrini reallaşdırmaq şansı əldə ediblər.
“Face Ads” sosial media problemlərini həlletmə yönümlü platformadır.
“ToWaves” ortaq maraq və oxşar fikirləri olan insanları bir araya gətirən platformadır.
“Bon.az” istifadəçilərin onlayn alış-verişdən “cashback“ əldə etməsi üçün yaradılan sistemdir.