Bakı şəhərində yerləşən İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Gənclər Forumunun Avrasiya üzrə Regional Mərkəzi, Tatarıstanın Gənclər Nazirliyi və “Selet” Tatarıstan Gənclər Hərəkatının birgə təşkilatçılığı və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin tərəfdaşlığı ilə 6-cı Kazan İƏT Gənc Sahibkarlar Forumu onlayn formatda başlayıb.
Qəbul üçün müraciət etmiş yüzlərlə layihə arasından seçilən 44 ölkədən 200-ə yaxın gənc startap müəlliflərinin iştirakı ilə baş tutan açılış mərasimində Tatarıstanın Gənclər Naziri Dəmir Fəttahov, İƏGF Avrasiya Regional Mərkəzinin Baş direktoru Elməddin Mehdiyev və Rusiya Federasiyasının Gənclik Məsələləri üzrə Federal Agentliyin Xarici Əlaqələr Şöbəsinin rəhbəri Tatyana Seliverstova çıxış ediblər. Elməddin Mehdiyev öz çıxışında artıq 6-cısı keçirilən Foruma 5 il ərzində 10 mindən çox biznes layihəsinin iştirak üçün müraciət etdiyini, 800-dən artıq layihə müəllifinə müvafiq təlimlərin verildiyini və Forumun məzunları arasında beynəlxalq investorlar tərəfindən hər biri 1 milyon ABŞ dollarından artıq investisiya almış uğurlu startapların olduğunu və onlar arasında azərbaycanlı startap müəlliflərinin də yer aldığını bildirib.
İƏT üzv ölkələrinin və qeyri-üzv dövlətlərdəki müsəlman icmaların gənc startapçılarına layihələrinin inkişaf etdirilməsi və beynəlxalq investorlara təqdim edilməsi üçün dəstək göstərilməsini nəzərdə tutan Forum 2015-ci ildən etibarən Tatarstan Respublikası hökumətinin tərəfdaşlığı ilə Kazan şəhərində təşkil edilir. Dünyada davam edən yeni növ koronavirus pandemiyası ilə mübarizə şəraitində təşkilatçıların birgə qərarı ilə forumun builki mərhələsi onlayn formatda keçirilir. Əsasən İƏT üzv ölkələrindən olmaqla, ABŞ, Rusiya, Almaniya, İsveç, Birləşmiş Krallıq və Cənubi Koreya kimi qeyri-üzv dövlətlərdən də seçilmiş gənclər 8 həftə davam edəcək onlayn təlimlərdə iştirak edəcək və sentyabr ayında keçirilməsi nəzərdə tutulan layihənin yekun mərhələsində öz layihələrini beynəlxalq investorlara təqdim etmək üçün yarışacaqlar.
Təlimlər startap sahəsində təcrübəli beynəlxalq mütəxəsislər tərəfindən keçiriləcəkdir. Müraciət edən layihələri forumda iştirak üçün seçən jüri nümayəndəsi “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin Startaplarla İş üzrə Şöbə müdiri Tengiz Ağakişiyev Forumda iştirak edən startaplar arasında olduqca maraqlı və gələcək vəd edən layihələrin olduğunu bildirib.
20 fevral 2020-ci il tarixində Amerika Birləşmiş Ştatlarının (ABŞ) Silikon Vadisində Azərbaycan İnnovasiyalar Evinin açılış mərasimi keçirilib. Azərbaycan İnnovasiyalar Evi Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzi tərəfindən yaradılıb.
Stanford Universitetində baş tutan tədbirdə Silikon Vadisi və yaxın ərazidə yaşayan, innovasiya və yüksək texnologiyalar sahəsində fəaliyyət göstərən 100-ə yaxın azərbaycanlı iştirak edib.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov Azərbaycan İnnovasiyalar Evinin açılmasının ölkəmizdə innovasiyalar sahəsində həyata keçirilən işlərin məntiqi davamı olduğunu vurğulayıb. Diqqətə çatdırılıb ki, Silikon Vadisi ilə ölkəmiz arasında bir körpü rolunu oynayacaq mərkəz burada yaşayan azərbaycanlılar tərəfindən yaradılan startapları bir araya gətirəcək. Eyni zamanda ölkəmizdəki startapçıların Silikon Vadisinə gəlmələrinə, təcrübə qazanmalarına və öz startaplarını inkişaf etdirmələrinə dəstək göstərəcək.
Mərasimdə şirkət nümayəndələri, startapçılar və Standford Universitetinin professorları da çıxış edərək layihənin əhəmiyyəti haqqında danışıblar.Həmçinin “Azərbaycan İnnovasiyalar Evinin Azərbaycan innovasiya ekosisteminə töhfəsi”, ““ASAN xidmət” və onun innovasiya ekosistemindəki rolu”, “Regiondakı ekosistem göstəriciləri” və digər mövzular müzakirə olunub.
Tədbir çərçivəsində bir müddət öncə xaricdə yaşayan həmyerlilərimizin təşəbbüsü və ˝INNOLAND˝ın dəstəyi ilə yaradılan ˝Tech Diaspora˝nın birinci forumu da keçirilib.
˝Tech Diaspora˝nın yaradılmasının əsas hədəfləri Azərbaycanda startap ekosisteminin inkişafı, dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlı startap ekosistem oyunçularının, innovativ texnologiyalar sahəsində fəaliyyət göstərən azərbaycanlıların ölkəmiz ilə əlaqələrinin daha da möhkəmləndirilməsi, onlar arasında əlaqələrin və birgə fəaliyyətin təmin olunmasıdır.
Diasporaların fəaliyyəti, eləcə də innovativ texnologiyalar sahəsində olan trendləri daim yaxından izləməyə və texnologiyaların Azərbaycanda da tətbiqinə təkan verəcək. Yerli startapçıların ölkəmizin hüdudlarından kənarda yaşayan azərbaycanlı startapçılarla əlaqələndirilməsi yerli startapların qlobal bazara çıxış imkanlarını da artıracaq.
Azərbaycan İnnovasiyalar Evi SOCAR-ın maliyyə dəstəyi ilə yaradılıb.
Tədbir maraqlı müzakirələr və axşam ziyafəti ilə davam etdirilib.
Fintex startapları üçün “Xüsusi tənzimləmə rejimi” mövzusunda görüş keçirildi
Azərbaycan Respublikasının Mərkəzi Bankı və “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin birgə təşkilatçılığı ilə fintex ekosistemi üçün mühüm əhəmiyyət daşıyan “Xüsusi tənzimləmə rejimi” mövzusunda görüş uğurla keçirildi.
Təqdimat zamanı xüsusi tənzimləmə rejiminin məqsədi, müraciətlərin qiymətləndirilməsi meyarları və sınaq prosesi ilə bağlı ətraflı məlumatlar təqdim olunaraq bu istiqamətdə geniş müzakirələr aparılıb. Sessiya fintex sahəsində fəaliyyət göstərən startaplar üçün həm maarifləndirici, həm də praktiki baxımdan faydalı müzakirələrlə yadda qaldı.
Spikerlər:
• Sahib Həsənov – Azərbaycan Respublikasının Mərkəzi Bankı, şöbə rəisi
• Vaqif Quliyev – Azərbaycan Respublikasının Mərkəzi Bankı, aparıcı mütəxəssis
Görüşdə fintex ekosistemi üçün mövcud imkanlar, normativ tələblər, innovasiyaların tənzimlənməsi və gələcək əməkdaşlıq perspektivləri ətrafında geniş fikir mübadiləsi aparıldı. İştirakçılar üçün sual-cavab sessiyası da təşkil olundu və sahə üzrə aktual məsələlər ətraflı şəkildə izah edildi.
26 noyabr 2019-cu il tarixində “StartupFest 2019” çərçivəsində “World E-Commerce Eurasia 2019 Baku Forum” tədbiri keçirilib.
“My Broker” gömrük təmsilçiliyi ilə birgə təşkil edilən beynəlxalq praktik forumun məqsədi Azərbaycanda və regionda e-ticarət infrastrukturunun inkişafı, bu mövzuda əlaqələrin genişləndirilməsi, həmçinin bu sahəyə startupların marağının artırılması və bu sahədə fəaliyyət göstərən startaplara dəstəyin verilməsidir.
Tədbirdə elektron ticarət və əsasən də elektron ixrac mövzusunda yerli istehsalçılara və biznes subyektlərinə dünyada son tətbiqlər, trendlər və praktik həllər ilə bağlı şirkət rəhbərləri, peşəkar mütəxəssislər və dövlət qurumlarının nümayəndələri tərəfindən məlumat veriləcək.
Beynəlxalq şirkətlərin nümayəndələrinin iştirakı ilə təşkil olunacaq Forum yerli sahibkarlarda e-ticarətə və e-ixracata güclü maraq və təşviq yaradacaq.
“StartupFest 2019”un əsas məqsədi təcrübə mübadiləsinə imkan yaratmaqla regionda və Azərbaycanda startap ekosisteminin oyunçularını bir araya gətirmək, ekosistemin inkişafı və mövcud problemlərin həlli istiqamətində fikir mübadiləsi aparmaq, Azərbaycanı bu istiqamətdə regional mərkəzə çevirməkdir.
Tədbirin əsas özəlliklərindən biri də startapları əhatə etməsi, özündə startaplarla bağlı problemləri və onların həll yollarını ehtiva edən 6 beynəlxalq lisenziyalı tədbiri birləşdirməsidir.