Azərbaycan yenidən dünyanın ən böyük oyun tərtibatı hakatonlarından birinə qoşulur!
"GameJamPlus" bu il 16–18 oktyabr tarixlərində "Gamepons" və "IGDA Azerbaijan" birgə təşkilatçılığı və "INNOLAND"in dəstəyi ilə Azərbaycanda da keçiriləcək.
"GameJamPlus" nədir?
"GameJamPlus" dünyanın 50-dən çox ölkəsindən oyun tərtibatçılarını bir araya gətirən beynəlxalq oyun tərtibatı proqramıdır. İştirakçılar ilk mərhələdə 48 saat ərzində verilən mövzu əsasında oyun prototipi hazırlayırlar. Daha sonra seçilən layihələr inkubasiya, regional mərhələlər, akselerasiya və "Global Final" daxil olmaqla bir neçə mərhələdən keçərək layihələrini daha da inkişaf etdirmək imkanı əldə edirlər. "GameJamPlus" bir neçə mərhələdən ibarətdir: 48 saatlıq "Game Jam", "Incubation", "Continental Semifinals", "Acceleration" və "Global Final". İştirakçılar bu mərhələlər boyunca oyunlarını təkmilləşdirir, layihələrinin təqdimatı üzərində işləyir və beynəlxalq münsiflər qarşısında çıxış etmək imkanı əldə edirlər. Proqramın sonunda seçilən layihələr Global Final mərhələsində bir araya gəlir.
Qeydiyyat "GameJamPlus"ın rəsmi saytı üzərindən aparılır. Qeydiyyatdan keçmək və proqram haqqında ətraflı məlumat əldə etmək üçün: www.gamejamplus.com
Yerlər məhduddur. Komandanızı formalaşdırın, qeydiyyatdan keçin və öz oyununuzu yaradın!
“Milyon dollarlıq satış: Amazon vs E-ticarət saytı” mövzusunda müzakirələr aparılıb
“StartupFest 2019” çərçivəsində keçirilən “World E-Commerce Eurasia 2019 Baku Forum” tədbirində “Milyon dollarlıq satış: Amazon vs E-ticarət saytı” adlı panel sessiya təşkil olunub.
Bu paneldə e-ticarət, e-ticarət saytları arasındakı rəqabət və onların qlobal bazarda uğur qazanması mövzusunda zəruri olan elementlər əhatə olunub.
Sessiyada “Moughe Gourmet”in İcraçı direktoru Müge Ergüleç, “World E-Commerce Forum”un Təlim-Tədris mərkəzinin rəhbəri Orxan İsayev, “Sefa Merve”nin İcraçı direktoru Mehmet Metin Okur çıxış ediblər.
Sessiyanın moderatoru “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin müdiri Məmməd Kərimov olub.
Lənkəran regional “ASAN xidmət” mərkəzinin əməkdaşlarının bilik və bacarıqlarının artırılması məqsədilə “İnnovasiyalar Mərkəzi”nin “INNOLAND” şöbəsinin müdiri Nicat Əmiraslanov və mərkəzin ictimaiyyətlə əlaqələr üzrə baş mütəxəssisi Nofəl Əliyev tərəfindən 3 günlük təlim proqramı keçirilib.
Təlim müddətində iştirakçılara həm nəzəri, həm də praktiki biliklər təqdim olunub:
İdeya nədir və ideya generasiyası üsulları
Startap anlayışı və startap qurmaq üçün ilk addımlar
Effektiv təqdimat bacarıqları
Süni zəka alətlərindən istifadə yolları və faydaları
Təlimlər interaktiv yanaşma əsasında təşkil olunub. İştirakçılar qrup halında fəaliyyət göstərib, komanda işində iştirak edib, real ssenarilər əsasında tapşırıqlar yerinə yetirib və interaktiv oyunlarla öyrəndiklərini möhkəmləndiriblər.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində fəaliyyət göstərən bir neçə qurum 6-cı milli “Brand Award Azerbaijan” müsabiqəsində ilk 5-liyə daxil olublar. Müsabiqə “Caspian Energy Club”un (CEC) təşkilatçılığı və AZPROMO və KOBİA-nın rəsmi dəstəyi ilə keçirilib.
Müsabiqə nəticələrinə görə ölkənin 2022-ci ildə ən çox tanınan 50 brendi seçilərək mükafatlandırılıb. Qaliblər sırasında "Bilim Bakı" mərkəzi 2-ci yer, "İnnovasiyalar Mərkəzi" 3-cü yer,"INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzi 4-cü yer, ASAN İnnovativ İnkişaf Mərkəzi isə 13-cü yeri tutub.
Müsabiqənin qalibləri 22.08.22 - 12.09.22 tarixində keçirilən onlayn sorğunun nəticələri əsasında müəyyən olunub. 250-dən çox milli korporativ, xidməti və məhsul brendinin yer aldığı müsabiqənin səsvermə mərhələsində müxtəlif ölkələrdən onminlərlə respondent iştirak edib.
“Brand Award Azerbaijan” milli müsabiqəsində qalib gələn 50 brend, həmçinin dünyanın müxtəlif ölkələrində keçirilən milli və regional “Brand Award” müsabiqələrinin qalibləri 2023-cü ilin əvvəlində “Brand Award International” yekun müsabiqəsində iştirak etmək imkanı qazanıblar.