21 May, 2025

ADPU-da innovativ təhsil yanaşmaları barədə maarifləndirici sessiyalar keçirilib

Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) tələbələrin müasir təhsil yanaşmaları ilə tanışlığı və innovativ düşüncələrinin inkişafı məqsədilə "INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzi və ADPU ENACTUS komandasının birgə təşkilatçılığı ilə bir sıra maarifləndirici sessiyalar təşkil olunub. Sessiyalarda tanınmış mütəxəssislər tədris prosesində yeni metod və alətlərin tətbiqi, layihə əsaslı və oyun əsaslı öyrənmənin tədrisdə rolu, eləcə də rəqəmsal platformalardan istifadənin perspektivləri haqqında ətraflı məlumat veriblər. 16 may tarixində baş tutan “Online Təhsil Platforması” adlı sessiyada ADPU-nun elm və innovasiyalar üzrə prorektoru professor Asəf Zamanov açılış nitqi ilə çıxış edib. Görüşdə “Safavy” platformasının təsisçisi Könül Quliyeva onlayn təhsilin inkişaf dinamikası və tətbiq imkanları barədə təqdimatla çıxış edib. 19 may tarixində keçirilən “Gələcəyin təhsili: Layihə əsaslı öyrənməyə keçid” sessiyasında çıxış edən “Taskool” platformasının təsisçisi Nəriman Qarayev layihə əsaslı təhsil modelinin mahiyyəti və tədrisdəki effektivliyi ilə bağlı praktik nümunələr əsasında tələbələrlə müzakirə aparıb. Tədbirin açılışını ADPU ENACTUS komandasının rəhbəri Şahin Məmmədli, təqdimat hissəsini isə Aytac Abbasova həyata keçirib. 20 may tarixində baş tutan “Məktəbdə interaktiv oyunlardan istifadənin yolları” adlı sessiyanın açılışını komandanın koordinatoru Zenfira Seyidova həyata keçirib. “Bilim Bakı” mərkəzinin müəllimi Aynur Hüseynova tədrisdə oyun metodikasının tətbiqi və şagird motivasiyasının artırılmasına dair praktiki tövsiyələrini bölüşüb. Sessiyalar tələbələrin böyük marağı ilə qarşılanıb və hər üç görüş interaktiv müzakirələr, sual-cavab sessiyaları formasında keçib.

Ətraflı oxu

Digər xəbərlər

innoland news image

Növbəti Fintech Meetup Gəncədə baş tutacaq

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzi və “Bank Respublika”nın birgə İnkubasiya proqramı çərçivəsində Gəncədə növbəti “Fintech Meetup” keçiriləcək. “Fintech Meetup” Gəncədə ilk dəfə keçirilən "Startup Grind Ganja" tədbiri daxilində baş tutacaq. Görüşdə “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin direktoru Məmməd Kərim, “SUP.VC” şirkətinin direktoru Vüsal Kərimli və proqram meneceri Tariyel Ağazadə spiker qismində iştirak edəcək. Spikerlər maliyyə texnologiyaları və innovativ maliyyə sektorunun inkişaf tendensiyasından danışacaq.

Tədbir zamanı həmçinin birgə inkubasiya proqramının detalları və son yenilikləri müzakirə olunacaq.

Tədbir 10 oktyabr saat 15.00-da Gəncə Dövlət Universitetində keçiriləcək.

Biletləri buradan əldə edə bilərsiniz: https://startupgrindganja1.ticketsetup.com/az

 
Ətraflı oxu
innoland news image

"İnnovasiyalar Mərkəzi" ilə Gürcüstanın İnnovasiya və Texnologiyalar Agentliyi arasında görüş keçirilib

"İnnovasiyalar Mərkəzi" ilə Gürcüstanın İnnovasiya və Texnologiyalar Agentliyi arasında görüş keçirilib
 
7 aprel tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin "İnnovasiyalar Mərkəzi" ilə Gürcüstan Respublikasının İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyinin tabeliyində fəaliyyət göstərən İnnovasiya və Texnologiyalar Agentliyi arasında görüş baş tutub. Görüş zamanı “İnnovasiyalar Mərkəzi”nin direktoru Vüsal Rüstəmov mərkəzin əsas fəaliyyət istiqamətləri, innovasiya ekosistemi, startapların dəstəklənməsi, həyata keçirilən innovasiya yönümlü təşəbbüslər və nailiyyətlər barədə ətraflı məlumat verib.
 
Görüş çərçivəsində tərəflər fəaliyyət istiqamətləri ilə tanış olub, sosial innovasiyalar sahəsində əməkdaşlıq imkanlarını müzakirə ediblər. Eyni zamanda, birgə layihələrin icrası və beynəlxalq proqramlar çərçivəsində əməkdaşlığın gücləndirilməsi imkanları nəzərdən keçirilib.
 
Qonaqlar ASAN Xidmət mərkəzinin, “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin, ABAD publik hüquqi şəxsin və "Bilim Bakı" (Bilim Azərbaycan) mərkəzinin fəaliyyəti ilə də tanış olublar.
Ətraflı oxu
innoland news image

Bakcell və "INNOLAND" arasında əməkdaşlıq müqaviləsi imzalandı

Bakcell şirkəti ilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin "INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzi arasında tərəfdaşlıq müqaviləsi imzalanıb.

Dekabr ayının 20-də “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzində baş tutmuş imzalanma mərasimində çıxış edən Bakcell şirkətinin baş icraçı direktoru Nikolai Beckers bildirib ki, innovasiyaların tətbiqi və startaplara dəstək Bakcell şirkətinin fəaliyyətində əsas istiqamətlərdən biridir: “Bakcell ölkədə startapların inkişafına yönəlmiş layihələrinin həyata keçirilməsini dəstəkləyən ilk şirkətlərdən biri olub. Bizim “AppLab” İnkubasiya Mərkəzi bu gün ölkədə ən maraqlı layihələrin toplandığı məkanlardan biridir. İnanıram ki, yeni açılmış “INNOLAND" ilə əməkdaşlığımız ölkədə startap ekosisteminin inkişafına böyük töhfə verəcək və innovasiya sahəsində ən uğurlu tərəfdaşlıqlardan birinə çevriləcək”.

Daha sonra çıxış edən Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi”nin direktoru Tağı Tağı-Zadə qurumlar arasında dövlət-özəl tərəfdaşlığını rəsmiləşdirən bu əməkdaşlığın önəmindən danışıb.

Bildirilib ki, bu tərəfdaşlığın əsas məqsədi ölkəmizdə texnologiya startapları üçün sahibkarlıq ekosisteminə dəstək göstərmək və inkişaf etməkdə olan texnologiya sahibkarlarının ehtiyaclarına xidmət göstərən yüksək səviyyəli əməkdaşlığın həyata keçirilməsidir. Azərbaycanda startap mədəniyyətinin formalaşdırılması, bu hərəkatın geniş vüsət alması, innovativ təşəbbüskarlıq ruhunun və startap ekosisteminin inkişaf etdirilməsi, mövcud startapların dəstəklənməsi, ölkəmizdə innovativ təşəbbüslərin mövcud iqtisadi proseslərə tətbiqinə şəraitin yaradılması, müxtəlif kəşf və ixtiraların işlənib və hazırlanmasına maraqoyadıcı amilin formalaşdırılması və innovasiyaların inkişafına əsaslanan digər tədbirlərin görülməsi istiqamətində də bu tərəfdaşlığın böyük əhəmiyyət kəsb etdiyi vurğulanıb.

Ətraflı oxu