6 Aprel, 2021

“Gələcək üçün bacarıqlar” layihəsinin təqdimat mərasimi keçirilib

6 aprel 2021-ci il tarixində  Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzində “Gələcək üçün bacarıqlar” layihəsinin təqdimat mərasimi keçirilib.

Layihə ölkəmizdə innovasiya fəaliyyətinin davamlılığının təmin edilməsi üçün nəzərdə tutulur.

Təqdimat mərasimində Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev,    bir neçə ali təhsil müəssisəsinin rektoru iştirak ediblər. 

Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev Agentliyin fəaliyyəti, innovasiya ekosisteminin yaradılması və onun əsas komponentlərinin formalaşdırılması istiqamətində görülən işlərdən söz açıb. Diqqətə çatdırılıb ki, innovasiyalarla bağlı müasir çağırışlarda səylərin birləşdirilməsi üçün müxtəlif dövlət qurumlarının, şirkətlərin və universitetlərin aktiv fəaliyyəti vacibdir.  

Mərasimdə Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə ADA Universiteti, Bakı Mühəndislik  Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Texniki Universiteti arasında “Gələcək üçün bacarıqlar” layihəsi çərçivəsində əməkdaşlıq haqqında Memorandum imzalanıb. 

“Gələcək üçün bacarıqlar” layihəsinin məqsədi innovasiya sahəsində kadr potensialının artırılması, təhsildə innovasiya fəaliyyətinin dəstəklənməsidir. Eyni zamanda innovativ ideyalarını inkişaf etdirmək üçün təhsil prosesində tələbələrə dəstək göstərilməsi və onların ölkəmizin texnoloji inkişafında önəmli rol oynayan kəşf, ixtira sahəsinə yönləndirilmələri əsas hədəflərdir.

Layihə universitetlərdə müəllimlərin mentor kimi hazırlanması üzrə mentorluq proqramını və mentorların iştirakı ilə tələbələrin startap kimi yetişdirilməsi üzrə inkubasiya proqramlarını əhatə edən 2 komponentdən ibarətdir.

Ətraflı oxu

Digər xəbərlər

innoland news image

“INNOLAND”də "Süni zəka" mövzusunda görüş baş tutacaq

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzində "Süni zəka" mövzusunda görüş baş tutacaq. Görüş “SUP Akselerator”unun ənənəvi #SUPTalks tədbiri daxilində keçiriləcək. Görüşdə spiker qismində çıxış edəcək Nərgiz Məmmədova süni zəka, onun imkanları və gələcəyə təsirindən danışacaq.

Nərgiz Məmmədova Kanadanın Toronto şəhərində yaşayan texnoloqdur. Sahibkarlığa marağı onun təşəbbüskar ailəsindən gəlir. İndiyə kimi media, reklam və texnologiya sahələrində müxtəlif startaplara dəstək verib. O, həmçinin texnologiya ilə immiqrasiya məsələlərini həll etməyə yönəlmiş "Destin AI" startapının qurucusudur. Nərgiz 3 ölkədə - İsveçrə, Yaponiya və Kanadada idarəetmə təhsili almış və Beynəlxalq Biznes Magistr dərəcəsinə sahibdir.

Tədbir 19 dekabr saat 19.00-da keçiriləcəkdir.

Tədbirə qatılmaq üçün: https://www.facebook.com/events/751487891926718/

Ətraflı oxu
innoland news image

"TakeOFF İstanbul"

"INNOLAND" Mərkəzi startapları ilə birgə regionun ən böyük texnologiya və startap platforması olan "TakeOFF İstanbul" tədbirində iştirak etməyə hazırlaşır!

Tədbirdə ölkəmizi təmsil edəcəyik. Həmçinin texnologiya həvəskarları, startapçılar və investorlarla birgə yeni əməkdaşlıqlara başlayacağıq.

Ətraflı oxu
innoland news image

"INNOLAND" "7-ci Kazan Beynəlxalq İslam Əməkdaşlıq Təşkilatı Sahibkarlıq Forumu"nda təqdim olunub

28-29 iyul tarixində Tatarıstan Respublikasının Kazan şəhərində "7-ci Kazan Beynəlxalq İslam Əməkdaşlıq Təşkilatı Sahibkarlıq Forumu"nun yekun mərhələsi keçirilib. 

Layihənin əsas məqsədi İƏT-ə üzv ölkələrdə və qeyri-üzv ölkələrin müsəlman icmalarında gənc startapçıların inkişafına və invesitisiya ilə təmin olunmasına dəstək göstərməkdir.

Forumun yekun mərhələsinin dəyərləndirmə heyətində İslam Əməkdaşlıq Gənclər Forumunun Bakı şəhərində yerləşən Avrasiya üzrə Regional Mərkəzi ilə əməkdaşlıq edən “İnnovasiyalar Mərkəzi” MMC-nin nümayəndəsi də iştirak edib. O, tərəfdaşlarla bağlı xüsusi paneldə iştirakçılara "INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzi və onun fəaliyyəti barədə məlumat verib.

Qeyd edək ki, İslam Əməkdaşlıq Gənclər Forumunun Avrasiya üzrə Regional Mərkəzi və Tatarıstan Respublikası hökümətinin həmtəşkilatçılığı ilə keçirilən Forumda ümumilikdə 120 seçilmiş startap iştirak etmiş və hazırlıq-tədris proqramını uğurla tamamlamış 37 startap yekun mərhələyə dəvət almışdır.

Ətraflı oxu