Ekologiya və Təbii Sərvətlər Nazirliyi və BMT-nin İnkişaf Proqramı (BMTİP) mövcud su problemlərinə texnoloji həllər tapmaq və suyun həyati əhəmiyyəti ilə bağlı maarifləndirmə işinə dəstək vermək məqsədilə keçirilən "Aquahack" onlayn hakaton yarışı başa çatıb.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin "INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzinin də dəstəkçisi olduğu “Aquahack” 48 saat davam edib.
Münsiflər heyətinin qarşısında öz layihələrini təqdim edən 30 komandadan “Arducoman” komandası ən yüksək bal toplayaraq qalib olub. 2-ci yerə "Aquahackermaks" layihəsi, 3-cü yerə isə "Satetlite" layihəsi layiq görülüb.
Qaliblər 5000, 3000 və 2000 AZN məbləğində mükafat qazanıblar.
Lənkəran regional “ASAN xidmət” mərkəzinin əməkdaşlarının bilik və bacarıqlarının artırılması məqsədilə “İnnovasiyalar Mərkəzi”nin “INNOLAND” şöbəsinin müdiri Nicat Əmiraslanov və mərkəzin ictimaiyyətlə əlaqələr üzrə baş mütəxəssisi Nofəl Əliyev tərəfindən 3 günlük təlim proqramı keçirilib.
Təlim müddətində iştirakçılara həm nəzəri, həm də praktiki biliklər təqdim olunub:
İdeya nədir və ideya generasiyası üsulları
Startap anlayışı və startap qurmaq üçün ilk addımlar
Effektiv təqdimat bacarıqları
Süni zəka alətlərindən istifadə yolları və faydaları
Təlimlər interaktiv yanaşma əsasında təşkil olunub. İştirakçılar qrup halında fəaliyyət göstərib, komanda işində iştirak edib, real ssenarilər əsasında tapşırıqlar yerinə yetirib və interaktiv oyunlarla öyrəndiklərini möhkəmləndiriblər.
V “TUSİ” İnkubasiya Proqramının infosessiyaları davam edir
Proqram çərçivəsində Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti və Bakı Ali Neft Məktəbində görüşlər təşkil olunub. Tələbələrə inkubasiya proqramının məqsədi, startap ideyasının formalaşdırılması, komanda quruculuğu və proqramın təqdim etdiyi imkanlar barədə məlumat verilib, iştirakçıların sualları cavablandırılıb. Keçirilən infosessiyalarda ümumilikdə 400-dən çox tələbə iştirak edərək startap ekosistemi və innovativ ideyaların inkişafı haqqında məlumat əldə edib.
Siz də inkubasiya proqramına qoşulmaq üçün qeydiyyatdan keçə bilərsiniz: https://gub.icenter.az/home
Dövlət İdarəçilik Akademiyasının tələbələri üçün “Green Hackathon 2024” müsabiqəsi ilə bağlı infossesiya təşkil olunub. İnfosessiyada tələbələr yaşıl innovasiyaların əhəmiyyəti, texnoloji trendlər barədə məlumatlandırılıb, müsabiqənin formatı, iştirak şərtləri haqqında geniş informasiya təqdim olunub, iştirakçıların sualları cavablandırılıb.
Qeyd edək ki, proqram ADB Azerbaijan, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, İqtisadiyyat Nazirliyi və "INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzinin birgə təşkilatçılığı ilə AİB-nin yerli texnoloji startapların inkişafına dəstək verən Texniki Yardım layihəsi çərçivəsində təşkil olunur.