"Global Hack" mövcud böhran - Covid -19 pandemiyası qarşısında təcili olaraq lazım olan həllər üçün fikir mübadiləsi və onları sürətli şəkildə inkişaf etdirmək, habelə post-pandemiya dövründə davamlılıq yaratmaq üçün hazırlanmış onlayn hakatondur. Məqsəd dünya səviyyəli mentorları və istedadlı komandaları bir araya gətirərək daha yaxşı bir gələcək üçün həll yolları yaratmaqdır. 13 mart tarixində Estoniyada başlayan hakaton artıq bütün dünyanın diqqətini cəlb edib. Dünyanın bir çox ölkələrindən olan qurumlar və startap mərkəzləri bu hərəkata qoşulub.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin "INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzi olaraq biz də "Global Hack" hakatonunun tərəfdaşı olduq.
9-12 Aprel tarixlərində onlayn şəkildə keçiriləcək "Global Hack" hakatonuna siz də qoşulun.
Daha ətraflı: https://theglobalhack.com/
Gənclərin 2-ci Şəbəkələşmə forumu baş tutub
31 avqust 2025 tarixində "INNOLAND" İnkubasiya və Akselerasiya mərkəzində “Gənclər Dayanıqlı İnkişaf Məqsədləri naminə: Gənclərin ikinci Şəbəkələşmə Formu" açılış mərasimi ilə başlayıb. Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə başlayaraq şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbirin məqsədi gənclərin şəbəkələşməsi, innovasiya və dayanıqlı inkişaf məqsədləri üzrə bilik mübadiləsini təşviq etməkdir. Forum çərçivəsində açılış çıxışları, panel müzakirələri və komanda quruculuğu oyunları keçirilib. Forum iştirakçıları, dövlət qurumları və innovasiya mərkəzlərinin nümayəndələri bir araya gələrək yeni əməkdaşlıq imkanları müzakirə ediblər.
Açılış panelində layihənin rəhbəri Nigar İsgəndərova çıxış edərək tədbirin mahiyyətini, tədbirdə qonaqları gözləyəcək panel müzakirələr barədə danışıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Nazir Müşaviri Rüstəm Həsənov, Azərbaycan Respublikasının Gənclər Fondunun nümayəndəsi Seyfur Hacımuradov, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin İdarə Heyəti sədrinin müşaviri Vurğun Hacıyev, Aqrar İnnovasiya Mərkəzinin nümayəndəsi Nigar Xıdırova, "INNOLAND" Inkubasiya və Akselerasiya mərkəzinin direktoru Nicat Əmiraslanov və son olaraq, Dəstəkçi İcma Mərkəzinin rəhbəri və “SDG Youth Community” təşəbbüs qrupunun eksperti Etibar Xıdırov çıxışlar edərək forumun açılışında iştirak ediblər.
Forum çərçivəsində ilk olaraq “Rəqəmsal İnkişaf Gündəliyi: İnnovasiya dövründə DİM-lər” mövzusunda panel keçirilib. Panelə Bahçeşehir Universitetinin fəlsəfə doktoru namizədi Mirlazım Dadaşov moderatorluq edib. Müzakirələrdə SABAH.HUB İnnovasiya Mərkəzinin İcma rəhbəri Samir Qədirov, Bakı Dövlət Universitetinin müəllimi Nurlan Əhmədov, “Universal McCann Azerbaijan” Rəqəmsal Media Agentliyinin rəqəmsal media planlayıcısı Tural Rəhimov və İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin İdarə Heyəti sədrinin müşaviri Vurğun Hacıyev çıxış edərək rəqəmsal inkişafın DİM-lərə təsirini müzakirələr ediblər.
Daha sonra “Rəqəmsal İnkişaf və idarəetmədə yeni yanaşmalar” mövzusunda ikinci panel təşkil olunub. Bu panelin moderatoru biznesin inkişafı üzrə ekspert Rəşid Bayramlı olub. Paneldə ERP sistemləri üzrə ekspert Aytən Vahidova, nəqliyyat üzrə ekspert Rauf Ağamirzəyev, Sosial Tədqiqatlar Mərkəzinin departament rəhbəri Seymur Əliyev və informasiya texnologiyalarının idarəedilməsi üzrə ekspert Sərxan Talıbzadə iştirak edərək rəqəmsal idarəetmədə tətbiq edilən müasir yanaşmaları təqdim ediblər.
Bütün bunlardan sonra, forum çərçivəsində komanda quruculuğu oyunu da təşkil olunub. Bu sessiyaya ESN Azərbaycanın Milli İdarə Heyətinin üzvü və kommunikasiya meneceri Hünər Alxanov moderatorluq edib. İştirakçılar, həmçinin şəbəkələşmə fasiləsində müxtəlif təşkilatlarla əməkdaşlıq imkanlarını müzakirə ediblər.
Tədbir mükafatlandırma mərasimi və xatirə fotoları ilə başa çatıb.
"INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzinin nümayəndələri ABŞ Beynəlxalq İnkişaf Agentliyinin maliyyə dəstəyi və SUP VC-nin təşkilatçılığı ilə keçirilən AgroTech Hackathon tədbirində iştirak ediblər.
Gəncədə, Azərbaycan Dövlət Aqrar Universitetində baş tutan "AgroTech Workshop" tədbiri innovativ texnologiya, robototexnika və süni intellekt kimi texnoloji tendensiyaların kənd təsərrüfatı sahəsində tətbiqinin əhəmiyyətinə həsr olunub.
Tədbirin açılışında "INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzinin direktoru Məmməd Kərimov da çıxış edərək Mərkəzin startap və innovasiya ekosisteminə verdiyi töhfələrdən danışıb.
Həmçinin Mərkəzin startaplarla iş üzrə mütəxəssisi Tengiz Ağakişiyev tədbir çərçivəsində keçirilən "AgroTech hackathon"da münsiflər heyəti qismində iştirak edib.
Tədbirdə iştirakçılara kənd təsərrüfatında innovasiyaların tətbiqi, vertikal əkinçilik, yeni trendlərin izlənməsi mövzularında məlumat verilib. Tədbirə qatılanlar kənd təsərrüfatında müxtəlif problemlərə innovativ həllər tətbiq etmək üçün komanda şəklində işləyiblər. Kənd təsərrüfatı sahəsində ən yaxşı həll yolunu təqdim edən "Desafio", "AgroTech 1", "Bayraqdar" komandaları ilk üçlükdə yer alaraq qalib olublar.
Qeyd edək ki, INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzi Azərbaycanda startap ekosisteminin inkişafı, biznes mühitinin gücləndirilməsi, dünyanın müxtəlif ölkələrindən innovativ texnoloji sahədə fəaliyyət göstərən azərbaycanlıların ölkəmiz ilə əlaqələrinin daha da möhkəmləndirilməsi istiqamətində fəaliyyət göstərir.
INNOLAND-in dəstəyi ilə “NeecroLearn” proqramının açılışı baş tutub
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzi və “Neecro Project” studiyasının təşkilatçılığı ilə keçirilən “NeecroLearn” oyun inkubasiyası və intensiv təlim proqramının açılış tədbiri baş tutub. Tədbirin ilk hissəsində iştirakçıların bir-biri ilə tanışlığı və ünsiyyət qurması məqsədilə netvörkinq sessiyası təşkil olunub. İkinci hissədə proqramın ümumi gedişatı, mərhələləri və iştirakçılardan gözləntilər barədə ətraflı məlumat verilib. Bildirilib ki, proqram çərçivəsində iştirakçılar “Unity” və “Blender” vasitəsilə oyun və interaktiv layihələrin hazırlanmasını öyrənəcəklər. İştirakçılar eyni zamanda yerli və beynəlxalq mentorlarla görüşlərdə iştirak edəcək, komanda şəklində real layihələr üzərində çalışaraq praktiki təcrübə qazanacaqlar. 6 ay davam edəcək “NeecroLearn” proqramının məqsədi gənclərin oyun və rəqəmsal məhsullar sahəsində praktiki bacarıqlarını inkişaf etdirmək və bu sahədə yeni layihələrin yaranmasına dəstək verməkdir.