Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzində "Süni zəka" mövzusunda görüş baş tutub.
Görüş “SUP Akselerator”unun ənənəvi #SUPTalks tədbiri daxilində keçirilib. "Destin AI" startapının qurucusu Nərgiz Məmmədova süni zəka, onun imkanları və gələcəyə təsirindən danışıb.
Nərgiz Məmmədova Kanadanın Toronto şəhərində yaşayan texnoloqdur. O, texnologiya ilə immiqrasiya məsələlərini həll etməyə yönəlmiş "Destin AI" startapının qurucusudur. Nərgiz Məmmədova 3 ölkədə - İsveçrə, Yaponiya və Kanadada idarəetmə təhsili alıb və Beynəlxalq Biznes Magistr dərəcəsinə sahibdir.
10 yanvar 2019-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzi, “Next Step” İnnovasiya Mərkəzi və SUP Startap Akseleratoru arasında Anlaşma Memorandumu imzalanıb.
Memorandum inkubasiya və akselerasiya proqramlarının təşviqi, kovorkinq xidmətlərinin göstərilməsi, startaplar üçün təlim proqramlarının keçirilməsi üzrə birgə əməkdaşlığı əhatə edir. Həmçinin yerli və xarici investorları cəlb etmək üçün məlumat mübadiləsinin aparılması, digər qarşılıqlı tədbirlərin təşkili fəaliyyət istiqamətlərinə daxildir.
Tədbirdə inkubasiya xidmətinin ölkəmizdə dayanıqlı startap ekosisteminin qurulmasındakı əhəmiyyəti, həmçinin akselerasiya xidmətinin ölkə hüdudlarından kənarda yeni milli startap brendlərinin formalaşmasındakı rolu qeyd edilib.
“INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin tərəfdaşlığı ilə Gəncə şəhər Heydər Əliyev Mərkəzində "İnnovasiya və Yaradıcılıq Forumu" keçirilib.
2 saylı Gəncə regional “ASAN xidmət” mərkəzi, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Gəncə-Daşkəsən regional nümayəndəliyi, Gəncə şəhər Heydər Əliyev Mərkəzi və Gəncə STEAM Mərkəzinin birgə təşkilatçılığı ilə reallaşan forum gənclərin innovativ düşüncə və texnoloji biliklərinin inkişafını dəstəkləmək məqsədi daşıyıb.
Forum çərçivəsində 200-ə yaxın gəncin iştirakı ilə “Startap ekosistemi – qlobal və lokal yanaşmalar”, “Süni intellekt: Düşüncənin yeni forması” və “Robotlar səhnədə – Yaradıcılıq və texnologiyanın vəhdəti” mövzularında panel müzakirələri aparılıb.
Müzakirələrdə “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin müdiri Nicat Əmiraslanov və “Layihələrin idarəedilməsi” departamentinin müdir müavini Ziniddin Babayev də çıxış edərək iştirakçılarla öz bilik və təcrübələrini bölüşüblər.
Sonda rəsmi çıxışlar və təltifetmə mərasimi ilə tədbir yekunlaşıb.