4-14 iyul 2019-cu il tarixində “INNOLAND“ İnkubasiya və Akselerasiya Mərkəzinin rəhbərliyi ABŞ-ın Kaliforniya ştatında işgüzar səfərdə olub. Səfərin əsas məqsədi dünyanın ən qabaqcıl startap ekosistemi olan Silicon Valley şirkətləri ilə görüşlər, mümkün əməkdaşlıqların müzakirəsi olub. Səfər çərçivəsində “Facebook”, “Google”, “Salesforce”, “Linkedin”, “500 startups” və digər tanınmış şirkətlərlə görüşlər keçirilib.
Həmçinin səfər zamanı “INNOLAND” Mərkəzi və “Global Kinetiks” şirkəti arasında əldə olunan razılaşmaya əsasən cari ilin sentyabr ayından başlayaraq Mərkəzin akselerasiya proqramına qoşulan startaplar üçün “Silicon Valley in Your Pocket” proqramı həyata keçiriləcək. Bu çərçivədə 8 həftəlik mentorluq və birbaşa məsləhət xidmətləri təmin olunacaq.
Proqram rəhbəri Jeff Wallace bu əməkdaşlığın sadəcə Azərbaycan üçün deyil, bütün region üçün körpü rolunu oynaya biləcəyini bildirib.
Car ilin sonunda San Fransisko şəhərində “INNOLAND” nümayəndəliyinin açılması planlaşdırılır. Nümayəndəlik xarici ekspertlərin məsafədən Mərkəzdəki startaplara mentorluğun təşkil olunması, potensiallı yerli startapların xarici bazarlara çıxmasının dəstəklənməsi, investisiyanın cəlb olunması, hüquqi işlər və digər bu növ işlərin təşkili ilə məşğul olacaq.
INNOLAND-in rezident startapı “Taskool” platformasının Odlar Yurdu Universitetində təqdimatı baş tutub.
İnnovativ təhsil təşəbbüslərinə həsr olunmuş görüşdə məktəb–universitet əməkdaşlığının yeni imkanları və gənclərin innovativ layihələrə cəlb olunması məsələləri müzakirə edilib. Tədbirdə universitet rəhbərliyi ilə yanaşı, “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin rəhbəri Nicat Əmiraslanov da iştirak edib və innovasiya ekosisteminin inkişafında universitet–startap əməkdaşlığının əhəmiyyətini vurğulayıb. Görüş çərçivəsində tərəflər arasında gələcək əməkdaşlıq imkanları müzakirə olunub və əməkdaşlığın inkişaf etdirilməsi məqsədilə Odlar Yurdu Universiteti ilə “Taskool” platforması arasında Anlaşma Memorandumu imzalanıb. “Taskool” platforması şagirdlərə STEAM layihələri, olimpiadalar, peşəkar kurslar və mentorluq proqramları vasitəsilə akademik portfel formalaşdırmağa imkan verir. Bu yanaşma gənclərin yalnız test nəticələri ilə deyil, bacarıq və fəaliyyətləri ilə də qiymətləndirilməsinə şərait yaradır. INNOLAND olaraq innovativ ideyaların və startap ekosisteminin inkişafına töhfə verməyə davam edirik.
SOCAR AQS tələbələr üçün Enerji Hakatonu layihəsinə start verir. Dayanıqlı cəmiyyət, qlobal enerji problemlərinin həllinə həsr olunan layihə zamanı müxtəlif universitetlərin tələbələri yarışacaq.
7-9 fevral tarixlərində "INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzinin dəstəyi ilə keçiriləcək Enerji Hakatonunda iştirakçı komandalar spesifik enerji problemi ilə bağlı yaradıcı həllər və prototiplər irəli sürəcək. 48 saat ərzində təklif edilən ideyalar münsiflər heyəti tərəfindən qiymətləndiriləcək.
Qalib olacaq 3 komanda 14-16 fevral tarixlərində Texas A&M Universitetinin təşkil etdiyi "Planet üçün yarat" 2020 (Invent for the Planet 2020) yarışmasının virtual mərhələsində iştirak edəcək.
Virtual yarışmanın qalibi olacaq bir komanda "Planet üçün yarat" 2020 (Invent for the Planet 2020) yarışmasının 30 mart - 2 aprel tarixlərində ABŞ-ın Texas ştatında keçiriləcək final mərhələsində ölkəmizi təmsil etmək hüququ qazanacaq. Müsabiqədə iştirak etmək üçün bütün xərclər qarşılanacaq.
Yarışmanın nəticəsi olaraq innovativ ideyalar daha sonra startap kimi inkişaf etdirilə, böyük uğurların başlanğıcı ola bilər.
“Bank Respublika” ASC və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzi, Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının dəstəyi ilə ölkədə ilk dəfə olaraq fintex-startuplar üçün “Open Banking Lab” layihəsinə başlayır. 16 həftə davam edəcək layihə çərçivəsində fintex-startapçılar fərdi və ya komanda şəklində öz ideyalarını təqdim edə biləcəklər. İlkin seçmə mərhələləsini keçən fintex-startuplar inkubasiya proqramında iştirak edərək qabaqcıl ekspertlərin iştirakı ilə təlim keçə biləcəklər. Eyni zamanda, fərqlənən iştirakçılara ölkədə ilk dəfə olaraq “Bank Respublika” ASC-nin maliyyə xidmətlərinə qoşulmaq üçün test rejimində olan Açıq API interfeysinə çıxış veriləcəkdir.
Açıq API (Open API) - müştərilərə bank xidmətlərini bankdankənar servislər, məsələn, ödəniş platformaları və ya onlayn kredit platformaları vasitəsilə əldə etmək imkanı verən bir mexanizmdir. Açıq API vasitəsilə developerlər bank müştəriləri üçün müştəri yönümlü və onların ehtiyaclarını qarşılayan proqram və xidmətlər yarada biləcəklər.
Maliyyə Bazarlarına Nəzarət Palatasının dəstəyi ilə “Bank Respublika” ASC tərəfindən ölkədə ilk dəfə olaraq test rejimində Açıq API laiyhəsinin bu cür təqdim edilməsi banklarla fintexlər arasında qarşılıqlı əməkdaşlığın möhkəmlənməsi, qabaqcıl beynəlxalq təcrübənin ölkəmizdə tətbiqi imkanlarının qiymətləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.