“StartupFest 2019” çərçivəsində “İnnovasiya ekosistemi: Növbəti addımlar nədir” mövzusunda panel sessiya təşkil olunub.
Bu paneldə innovasiya ekosisteminin daha yaxşı inkişafı üçün zəruri olan elementlər əhatə olunub. Həmçinin Azərbaycanda innovasiya mühitinin gələcəyi üçün müxtəlif perspektivlər üzrə müzakirələr aparılıb.
Sessiyada “212 Venture Capital Film”in İcraçı direktoru Numan Numan, “GVI”nin təsisçisi Kolin M. Donohue, “AvroAsiya Startap Mükafatı”nın İcraçı direktoru Atilla Sandor, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İnnovasiya, tədris və konsaltinq departamentinin müdiri Cəlal Rəhimov, “Agha” Qrup – Apollo layihəsinin rəhbəri İmran Bağırov və “Hackquarters”in İcraçı direktoru Kaan Akın çıxış ediblər.
Sessiyanın moderatoru “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin müdiri Məmməd Kərimov olub.
“StartupFest 2019” Azərbaycanda ilk dəfə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin təşkilatçılığı ilə reallaşdırılır.
Festivalın əsas məqsədi təcrübə mübadiləsinə imkan yaratmaqla regionda və Azərbaycanda startap ekosisteminin oyunçularını bir araya gətirmək, ekosistemin inkişafı və mövcud problemlərin həlli istiqamətində fikir mübadiləsi aparmaq, Azərbaycanı bu istiqamətdə regional mərkəzə çevirməkdir.
Tədbirin əsas özəlliklərindən biri də startapları əhatə etməsi, özündə startaplarla bağlı problemləri və onların həll yollarını ehtiva edən 6 beynəlxalq lisenziyalı tədbiri birləşdirməsidir.
Gəncədə Azərbaycan Texnologiya Universitetində startap həvəskarları “İnnostart” panelində bir araya gəldi.
Paneldə "INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzinin direktoru Nicat Əmiraslanov “İnnovasiya və startapların inkişaf imkanları” barədə maraqlı fikirlərini bölüşdü.
Sonda gənclərin ideyaları dinlənildi və səmimi müzakirələr aparıldı.
11-12 dekabr tarixlərində Berlində baş tutan "Techcrunch Disrupt Berlin 2019" tədbirində "INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzinin təşkilatçılığı ilə ilk dəfə Azərbaycan pavilyonu sərgilənib. Tədbirdə Azərbaycandan olan 6 startap öz məhsulunu sərgiləyib ki, onlardan 3-ü "INNOLAND"in "Nextsale", "Botbox", "Qreact rezidentləridir.
"Techcrunch Disrupt" ən yaxşı startapları, investorları, hakerləri və texnologiya pərəstişkarlarını bir araya gətirir. Tədbir çərçivəsində “Startup Battlefield”, 24 saatlıq açıq Hackathonlar, “Startup Alley”, “Hardware Alley”, müxtəlif panel müzakirələri, seminarlar, workshoplar təşkil olunur.
9 aprel 2022-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İNNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzində "Gamepons" və "WePlay Ventures" şirkətlərinin təşkilatçılığı ilə Azərbaycanda ilk dəfə olaraq oyun tərtibatçıları üçün “Demo day” keçirilib.
Tədbirdə həm yerli, həm də beynəlxalq investorlar olan dövlət qurumlarının və özəl şirkətlərin rəhbər vəzifəli şəxsləri, “INNOLAND”in rezidenti olan və digər startaplar iştirak ediblər.
“Demo day”də "FM Studio", "Metamad Studio", "Seven Heart Stories" və "Return Game Studio" startapları investorlar qarşısında təqdimatlarında keçdikləri inkubasiya və akselerasiya proqramı ərzində layihələrin necə inkişaf etdiyi, hazırda layihələrin hansı mərhələdə olduğu, gələcək hədəfləri və zəruri olan investisiya ehtiyacları haqqında məlumat veriblər.
“Demo Day”in keçirilməsində məqsəd maliyyə ehtiyacı olan startaplar və sərmayə qoymaq istəyən investorları bir araya gətirmək və tərəflər arasında sağlam mühitdə davamlı əlaqələrin qurulmasına dəstək göstərməkdir.
Oyun tərtibatçılarını və studiyalarını dəstəkləyən icma qurucusu və inkubasiya mərkəzi "Gamepons", "WePlay Ventures"dan Azərbaycanda və Mərkəzi Asiyada oyun ekosistemi qurmaq, oyun startapları inkubasiya etmək, müxtəlif beynəlxalq konfrans və tədbirlər keçirmək üçün investisiya alıb. "Gamepons" müxtəlif tədbirlər və konfranslar vasitəsilə xarici təcrübəni Azərbaycana gətirməklə yanaşı, həm də oyun studiyaları ilə əməkdaşlıq edərək onların inkişafına köməklik göstərir.
"Weplay Ventures" isə Şərqi Avropa və Mərkəzi Asiyada ilkin mərhələdə oyun studiyalarına sərmayə qoyur.