“EESTech Challenge Baku’25“ müsabiqəsinin qalib komandaları ölkəmizi beynəlxalq finalda təmsil edəcək!
“EESTEC JLC Baku” təşkilatının təşkilatçılığı, “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzi, “STEAM Azərbaycan” layihəsi və “Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyinin dəstəyi ilə "EESTech Challenge Baku’25" müsabiqəsi həyata keçirilib.
Müsabiqənin əsas məqsədi mühəndislik sahəsində təhsil alan və bu istiqamətdə bilik və bacarığını inkişaf etdirmək istəyən tələbələr üçün real problemlərin həlli üzrə innovativ düşüncə və texniki yanaşmaların təşviq olunmasıdır.
Müsabiqəyə 100-dən çox müraciət daxil olmuş, onlardan seçilmiş 10 komanda – ümumilikdə 30 iştirakçı müxtəlif texnoloji problemlərin yaradıcı yollarla həlli istiqamətində bilik və bacarıqlarını nümayiş etdirib. Nəticədə "AirVive" komandası birinci, "Montyorlar" komandası isə ikinci yerə layiq görülmüşdür.
Qalib komandalar 13–16 may 2025-ci il tarixlərində İtaliyanın Trieste şəhərində keçiriləcək "EESTech Challenge" beynəlxalq final mərhələsində Azərbaycanı təmsil edəcəklər.
Qeyd edək ki, "EESTech Challenge" Avropanın müxtəlif şəhərlərində keçirilən beynəlxalq müsabiqə formatıdır və gənc texnologiya həvəskarları arasında mühəndislik və innovasiyaların inkişafını təşviq edir.
7-8 oktyabr 2023-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi”nin təşkilatı dəstəyi ilə Azərbaycan Robotexnika Mühəndisliyi Akademiyası tərəfindən "INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzində “NASA Space Apps Challenge” hakatonu keçirilib.
Açılış mərasimində “İnnovasiyalar Mərkəzi”nin direktoru Vüsal Rüstəmov, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentliyin ("Azərkosmos") Strategiya və biznesin inkişafı departamentinin direktoru Natəvan Həsənova, Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasınının idarə heyətinin sədr müavini Rauf Cabbarov, “NASA Space Apps Baku”nun layihə rəhbəri Nigar Rəsulzadə və digər qonaqlar iştirak ediblər.
Hakatonun məqsədi qlobal əhəmiyyətli prioritet istiqamətlərdə qeyd olunan mövzulara dair açıq mənbəli həllər yaratmaqdır. Eyni zamanda müvafiq sahələrin elmi tədqiqinə maraq oyatmaq, yeni nəsil alimlərin, texnoloqların, dizaynerlərin və mühəndislərin böyüməsini və müxtəlifliyini təşviq etmək əsas hədəflərdir.
Müsabiqədə 690 müraciətçidən müsabiqə üsulu ilə seçilmiş 23 komanda iştirak edib. Tələblərə cavab verən və 14 yaşdan yuxarı 3-4 nəfər üzvdən ibarət komandalar 36 saat ərzində hakatonun əsas mövzuları olan iqlimin idarəolunması, təhsil texnologiyaları, yanğınların idarəolunması, virtual və artırılmış reallıqlar, sosial layihələr istiqamətlərində tapşırıqları həll ediblər.
Yekunda komandaların təqdimatlarına əsasən qiymətləndirmələr aparılacaq, orijinallığı, konseptləri, ixtiraçılığı ilə fərqlənən, yaradıcı problem həlli və qeyri-standart düşünmə nümayiş etdirən həllər 3 yer üzrə qiymətləndiriləcək və müvafiq olaraq mükafatlandırılacaqlar. Ölkə üzrə qalib gələn komandalar dünyanın 350 şəhərində keçirilmiş hakaton qalibləri ilə birgə yarışacaqlar.
"ASAN xidmət"in “İnnovasiyalar Mərkəzi” 2-ci “RoboCode” düşərgəsini reallaşdırır
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi”nin, “Bilişim Vadisi”nin və “SAHA Robotics” şirkətinin birgə təşkilatçılığı ilə “RoboCode” robotik kodlama düşərgəsinə start verilib.
Bir ay davam edəcək düşərgənin onlayn formatda keçirilən açılış tədbirində “İnnovasiyalar Mərkəzi”nin "INNOLAND" şöbəsinin müdiri Nicat Əmiraslanov, “Bilişim Vadisi”nin ekosistemin inkişafı üzrə baş mütəxəssisi Senanur Tellioğlu, ekosistem inkişafı eksperti Yiğithan Manqır, startap mentoru Serhat Duyar, “SAHA Robotics” şirkətinin robototexnika üzrə proqram təminatı mühəndisi Baha Dursun və digər qonaqlar iştirak ediblər.
Əsas məqsəd avtonom sistemlərə, robototexnika və avtomatlaşdırma texnologiyalarına çıxışı asanlaşdırmaq, bu sahədə ixtisaslaşaraq karyera qurmaq istəyən gəncləri qısa müddətdə əhəmiyyətli vasitə olan “ROS” ekosisteminə aid bilik və bacarıqlarla təmin etməkdir. Eyni zamanda müvafiq istiqamətdə innovativ həlləri təşviq etməklə iştirakçılara bu sahələrdə layihələrini inkişaf etdirməyə kömək etmək prioritetdir.
Düşərgədə 321 müraciətçidən kriteriyalara uyğun olaraq seçilmiş 75 nəfər iştirakçı müasir robototexnika və avtomatlaşdırma texnologiyaları sahəsində geniş biliklər əldə edəcək, yerli və xarici peşəkarlar tərəfindən təşkil olunacaq təlimlərdə təcrübi bilikləri mənimsəməklə karyeralarını genişləndirmək imkanı qazanacaqlar.
1-ci “RoboCode” robotik kodlama düşərgəsi 2024-cü ildə keçirilib.Düşərgə müddətində qeydiyyatdan keçən 448 müraciətçidən kriteriyalara uyğun olaraq seçilmiş 90 nəfərinə “ROS'un əsasları” , “Robotların simulyasiya edilməsi”, “Robot hərəkət sistemləri” və s. mövzularda onlayn və fiziki təlimlər keçirilib. Formalaşan 9 komandadan final mərhələsinə keçən 3 komandanın hazırladığı prototiplər münsiflər heyəti tərəfindən qiymətləndirilib.Qaliblər həmçinin “Bilişim Vadisi” kampusunda və “SAHA Robotics” şirkətində təcrübə keçmək imkanları qazanıblar.
Düşərgə 2023-cü ildə “İnnovasiyalar Mərkəzi” və “Bilişim Vadisi Bakı” arasında imzalanan əməkdaşlıq Memorandumuna əsasən təşkil olunub. Memorandumun məqsədi texnoloji bacarıqların birgə inkişaf etdirilməsi, təlimlərin keçirilməsi, innovativ həllərin tətbiqinə və inkişafına təkan verəcək hakaton, butkamp modeli əsasında layihələrin birgə hazırlanmasıdır.
"CAVAN" gənclər hərəkatının “Explore & Connect” layihəsi çərçivəsində "INNOLAND"də infotur təşkil olunub.
Gənclərə ilk olaraq mərkəz və rezidentimiz olan "iLab" haqqında məlumat verildi. Daha sonra mərkəzdə fəaliyyət göstərən innovativ startaplarla tanış olaraq onların iş prinsipləri və layihələri ilə yaxından tanış oldular.