23 Sentyabr, 2026

Azərbaycan startapları "CEME" beynəlxalq akselerasiya proqramına qəbul olunub

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində fəaliyyət göstərən “İnnovasiyalar Mərkəzi”nin ASAN AI Hub və INNOLAND İnkubasiya və Akselerasiya Mərkəzinin əməkdaşlığı çərçivəsində Azərbaycan startapları Qazaxıstan bazarına daxil olmağa yönəlmiş beynəlxalq “Central Eurasia Market Entry” (CEME) akselerasiya proqramına qəbul olunub.
 
Astana Hub tərəfindən Almatı Akimatının dəstəyi ilə həyata keçirilən “CEME” proqramının fiziki mərhələsi artıq başlayıb. 12 həftəlik proqram çərçivəsində iştirakçı startaplar Qazaxıstan bazarının xüsusiyyətlərini öyrənəcək, potensial müştəri və tərəfdaşlarla əlaqələr quracaq, məhsullarını yerli tələblərə uyğunlaşdıracaq və pilot layihələrin həyata keçirilməsi imkanlarını araşdıracaqlar.
Proqramda iştirak edən Azərbaycan startapları “Park Hub Baku” və “Floume AI” texnoloji həllərini beynəlxalq bazarda inkişaf etdirmək və yeni biznes əlaqələri qurmaq istiqamətində fəaliyyət göstərəcəklər.
 
“Park Hub Baku" müxtəlif parklanma məntəqələrini vahid mobil tətbiq və abunə modeli altında birləşdirən texnoloji platformadır. İstifadəçilər bir abunə vasitəsilə tərəfdaş parklanma məntəqələrindən yararlana, ehtiyaclarına uyğun plan seçə və tətbiq üzərindən mövcud parklanma yerlərini tapa bilirlər. Platformanın əsas məqsədi sürücülərin parklanma zamanı vaxt və xərclərini azaltmaq, eləcə də parklanma operatorlarının mövcud yerlərdən daha səmərəli istifadəsini təmin etməkdir. “CEME” proqramı çərçivəsində “Park Hub Baku” öz təcrübəsini Qazaxıstan bazarında genişləndirmək və Almatının şəhər infrastrukturu ilə bağlı ehtiyaclarını araşdırmaq imkanına malik olacaq.
 
“Floume AI” müxtəlif hədiyyə təkliflərini vahid platformada birləşdirən, süni intellekt dəstəkli onlayn marketplace-dir. İstifadəçilər büdcə və seçimlərini daxil etməklə süni intellekt vasitəsilə uyğun gül buketi və ya hədiyyə tapa, müxtəlif mağazaların məhsul və qiymətlərini müqayisə edə, sifariş verə və çatdırılmanı izləyə bilirlər. Hazırda 50-dən çox tərəfdaş mağaza ilə əməkdaşlıq edən platforma 10 mindən çox hədiyyənin çatdırılmasını həyata keçirib. “CEME” proqramında iştirak “Floume AI” üçün Qazaxıstan bazarında yeni müştəri və tərəfdaşlarla əlaqələr qurmaq, həmçinin platformanın inkişaf imkanlarını araşdırmaq baxımından əhəmiyyətli mərhələdir.
Ətraflı oxu

Digər xəbərlər

innoland news image

Adam Draper ilə virtual reallıqda təlim təşkil ediləcək

13 sentyabr saat 20:00-da Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin rezidenti və SUP Akselerasiya Mərkəzinin məzunu Vriendly öz virtual platformasında Adam Draper və təşəbbüskarların iştirakı ilə təlim sessiyasını həyata keçirəcək.                                                                                                

Bu təşəbbüs dünyada akselerasiya mərkəzləri ilə startaplar arasında virtual reallıqda həyata keçirilən ilk tədbirdir. Tədbir üç hissədən ibarət olacaq:

  • Təlimin əsas hissəsi (45 dəqiqə)
  • Sual və cavab (15 dəq)
  • Seçilmiş startaplar ilə üzbəüz sessiya (hər biri 5 dəq olmaqla)

Silikon Vadisi mühitinin dünyanın bütün ekosistemlərindən fərqli olduğu haqqında hər bir startap və investor xəbərdardır. Bunu nəzərə alaraq, təşkil olunan tədbirdə Silikon Vadisində investorlar ilə münasibətləri necə formalaşdırmaq, təşəbbüskarlarla necə işləmək və investisiyanı necə cəlb etmək məsələləri müzakirə olunacaq.

Qeyd edək ki, Adam Draper məhşur Silikon Vadisi vençur investorlarından olan milyarder Tim Draperin oğludur. O, həm də virtual reallıq sahəsində ixtisaslaşmış, bu sahə üzrə dünyanın ən güclü akselerasiya mərkəzi hesab edilən Boost VC-nin qurucusu və icraçı direktorudur.

Tədbirlə maraqlanan iştirakçılar sentyabr ayının 13-ü “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzində canlı izləyə bilərlər.

Tədbir haqqında ətraflı məlumat: https://vriendly.co/

Tədbirdə iştirak etmək üçün : https://www.facebook.com/events/366000924075068/

Ətraflı oxu
innoland news image

“Sabahın Gücü” inkişaf proqramının təlimçiləri üçün "INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzinə infosessiya səfəri

ÜTÜ Qrup (ünsiyyətin təkmilləşdirilməsi üsulları) şirkətinin və "INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzinin təşkilatçılığı ilə “Sabahın Gücü” inkişaf proqramının təlimçiləri üçün "INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzinə infosessiya səfəri təşkil olunub.

Səfər zamanı iştirakçılar mərkəzin fəaliyyəti, startap ekosistemi, ideyaların biznesə çevrilməsi mərhələləri və innovasiya mühitinin iş prinsipləri barədə dəyərli məlumatlar əldə etdilər.

İnfosessiya INNOLAND komandası tərəfindən təqdim olundu.

Ətraflı oxu
innoland news image

Şəki “INNOLAND” Mərkəzində ilk Hackathon uğurla başa çatıb

Şəki şəhərində fəaliyyətə başlayan “INNOLAND” İnkubasiya və Akselerasiya mərkəzində ilk “Hackathon”  başa çatıb.

Region gənclərinin iştirakı ilə keçirilən “Hackathon” ümumilikdə 5 gün davam edib.

İştirakçılar “Startap nədir?”  “Startap ideyasını necə formalaşdırmaq olar?”,  “Bazar araşdırması”,  “Biznes model strukturu: biznes modeli, biznes plan”, “Təqdimat bacarıqları” kimi əsas təşəbbüskarlıq anlayışları ilə tanış olublar.  

Həmçinin, iştirakçılar komandalara bölünərək onlara həvalə edilmiş layihələr üzrə “Hackathon” zamanı əldə etdikləri bilikləri tətbiq ediblər.

Münsiflər heyətinin qarşısında öz layihələrini təqdim edən 6 komandadan “Barbertapp”, “Sığortam” və “Sheki Tour” komandaları ən yüksək bal toplayaraq qalib olublar.

Qalib komandalar "INNOLAND"in Şəki mərkəzində 6 aylıq inkubasiya proqramı keçmək haqqı qazanıblar. Bununla yanaşı qalib komandalara notbuk təqdim edilib.

Şəki şəhərində “Hackathon”un keçirilməsində məqsəd region gəncləri arasında startapların təşviqi, mövcud ideyaların dəstəklənməsidir.

Ətraflı oxu