“INNOLAND”in dəstəyi ilə “HER IT Journey 3” layihəsinin final mərhələsi uğurla başa çatdı
2025-ci il 24 iyun tarixində “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin dəstəyi ilə mərkəzin rezident startapı olan “SAFAVY” MMC tərəfindən icra edilən “HER IT Journey 3” layihəsinin rəsmi final tədbiri keçirilib.
Layihə çərçivəsində 15 mart–15 iyun tarixlərini əhatə edən dövrdə Azərbaycanın müxtəlif regionlarından seçilmiş 20 xanım iştirakçıya “Rəqəmsal marketinq və brendləşdirmə”, “Qrafik dizayn” və yumşaq bacarıqlar üzrə hibrid formatda təlimlər təqdim olunub. Proqram boyunca iştirakçılar həmçinin sahə üzrə tanınmış mütəxəssislərlə görüşlər və təcrübə mübadiləsi imkanları əldə ediblər.
“HER IT Journey” təşəbbüsü növbəti dəfə regionlarda yaşayan, sosial həssas qruplara aid olan və ya sahibkarlıqla məşğul olan qadınların rəqəmsal bacarıqlarını inkişaf etdirməyə, onları İKT sektoruna daha fəal şəkildə inteqrasiya etməyə hədəflənib.
Qeyd edək ki, “SAFAVY” MMC ölkədə Startap şəhadətnaməsi ilə təltif olunmuş ilk yerli təhsil platforması olaraq, artıq 4 ildən çoxdur fəaliyyət göstərir. “HER IT Journey” layihəsi şirkətin qadınların texnologiya sahəsində fəal iştirakını təşviq edən ardıcıl və təsirli sosial təşəbbüslərindən biridir. Layihənin həyata keçirilməsinə PAŞA Holdinqin maliyyə dəstəyi mühüm töhfə verib.
INNOLAND-in rezidenti “Enverson AI” startapı nüfuzlu “Entrepreneurs First” akselerasiya proqramında iştirak hüququ qazanıb.
Proqram çərçivəsində “Enverson AI” komandası öz məhsulunu inkişaf etdirmək, beynəlxalq mentor və investor şəbəkəsinə çıxış əldə etmək, yeni əməkdaşlıqlar qurmaq və qlobal startap ekosistemində mövqeyini gücləndirmək imkanı qazanacaq.
“Enverson AI” komandasını təbrik edir, beynəlxalq arenada yeni uğurlar arzulayırıq!
Ekologiya və Təbii Sərvətlər Nazirliyi və BMT-nin İnkişaf Proqramı (BMTİP) mövcud su problemlərinə texnoloji həllər tapmaq və suyun həyati əhəmiyyəti ilə bağlı maarifləndirmə işinə dəstək vermək məqsədilə “Hackathon Azerbaijan” komandası ilə birgə Azərbaycanda su mövzusunda keçirilən ilk virtual hakatona start verir.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin "INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzinin də dəstəkçisi olduğu “Aquahack” innovatorları, proqramçıları, şirkətləri, vətəndaş cəmiyyəti təşkilatlarını, eləcə də, 13 yaşdan yuxarı ən fəal icma üzvlərini suyun kəmiyyət və keyfiyyətinin qorunması və su ehtiyatlarına təzyiqlərin azadılması üçün texnoloji ideyalar və həllər təklif etməyə dəvət edir.
Məsələn, Azərbaycanda ən çox su itkisinə kortəbii suvarma təcrübəsi səbəb olur ki, bu sahədə təklif ediləcək ideyalar qənaətcil, çevik və innovativ suvarma üsullarından istifadəni sövq edəcək.
Problemin həlli istiqamətində təklif ediləcək ideyalar fermerləri torpaq və meteoroloji məlumatlardan optimal şəkildə istifadəni təmin edən yeni suvarma üsulları ilə tanış etməklə bağlı ola bilər.
Digər həllərə ev şəraitində sudan qənaətlə istifadəyə dair yeni ictimai məlumatlandırma metodları aid edilə bilər.
“Aquahack” yarışmasına qeydiyyat 10-25 iyun tarixlərində keçiriləcək və hakatonda iştirak tamamilə ödənişsizdir. Müraciətlər həm fərdi, həm də qrup şəklində təqdim oluna bilər. Müraciət prosesi bitdikdən sonra iştirakçıları konkret problemlər və mövzu ilə ətraflı tanış etmək məqsədilə silsilə vebinarlar təşkil olunacaq. Bütün ideya və təkliflər ixtisaslaşmış münsiflər heyəti tərəfindən qiymətləndiriləcək.
Ümumilikdə 3 mükafat təqdim olunacaq: birinci yer üçün 5000 manat, ikinci yer üçün 3000 manat və üçüncü yer üçün 2000 manat.
Son müraciət tarixi: 25 iyun 2020-ci il
Qeydiyyat üçün: https://aquahack.hackathon.az/
7-8 oktyabr tarixində “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzində “NASA Space Apps Challenge” hakatonu keçiriləcəkdir. Müsabiqə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi”nin və Azərbaycan Robotexnika Mühəndisliyi Akademiyasının birgə təşkilatçılığı ilə reallaşdırılacaqdır.
Hakatonun məqsədi qlobal əhəmiyyətli prioritet istiqamətlərdə qeyd olunan mövzulara dair açıq mənbəli həllər yaratmadır. Eyni zamanda müvafiq sahələrin elmi tədqiqinə maraq oyatmaq, yeni nəsil alimlərin, texnoloqların, dizaynerlərin və mühəndislərin böyüməsini və müxtəlifliyini təşviq etmək əsas hədəflərdir.
Müsabiqədə iştirak üçün komandalar layihə rəhbəri və bir nəfər proqram təminatçısı da daxil olmaqla 14 yaşdan yuxarı 3-4 nəfər üzvdən ibarət olmalıdırlar.
Tələblərə cavab verən komandalar 36 saat ərzində hakatonun əsas mövzuları olan iqlimin idarəolunması, təhsil texnologiyaları, yanğınların idarəolunması, virtual və artırılmış reallıqlar, sosial layihələr istiqamətlərində tapşırıqları həll edəcəklər.
Yekunda orijinallığı, konseptləri, ixtiraçılığı ilə fərqlənən, yaradıcı problem həlli və qeyri-standart düşünmə nümayiş etdirən həllər yüksək qiymətləndiriləcəkdir. Qaliblər ilk 3 yer üzrə qiymətləndiriləcək və müvafiq olaraq 3000 AZN, 2000 AZN, 1000 AZN ilə mükafatlandırılacaqlar.
Hakatona qoşulmaq və texniki tələblərlə tanış olmaq üçün keçid: https://www.spaceappschallenge.org/2023/locations/baku/