31 Mart, 2020

"INNOLAND"in rezidenti koronavirusla bağlı çatbot yaradıb

"INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzinin rezidenti  "Botbox"​ tərəfindən regionda ilk dəfə doğma dilimizdə "COVID-19" ilə bağlı çatbot "WhatsApp" və "Facebook Messenger​" üzərindən istifadəyə verilib.

Çatbot 24/7 rejimində insan müdaxiləsinə ehtiyac olmadan vətəndaşlarımızı dünyada və ölkədə koronavirusla bağlı olan statistik məlumatlarla real zamanda tanış edir. Bu məlumatlar rəsmi qaynaqlardan APİ-lər vasitəsi ilə toplanır, WhatsApp və ya Facebook bildirişi şəklində təqdim olunur.

Həmçinin, Botbox çatbotu pandemiyadan qorunmaq üçün gündəlik diqqət olunması vacib sayılan məsləhətləri, məsafədən effektiv çalışmaq üçün faydalı olacaq internet resurslar haqqında məlumatları da əhalinin şəxsi və iş məqsədi ilə ən çox istifadə etdiyi iki tətbiq üzərindən onlarla bölüşür.

Qeyd edək ki, mesajlaşma və sosial şəbəkə tətbiqləri həyatımıza ən çox nüfüz edən rəqəmsal platformalar olduğundan, məhz bu tətbiqlər üzərindən böyük kütlə ilə kommunikasiya qurmaq çox effektiv sayılır. Buna görə də Dünya Səhiyyə Təşkilatı və Facebook tərəfindən birgə hazırlanmış COVID-19 ingilisdilli çatbotu bir neçə gün ərzində miliyonlarla insan tərəfindən istifadə edilib. 

Azərbaycan da regionun ən sürətli rəqəmsallaşan iqtisadiyyatlarından birinə sahib olan ölkə kimi innovativ texnologiyaların sosial və biznes yönümlü faydalarından yararlanmağı hər zaman aktual saxlamışdır.

Təsadüfi deyil ki, bu çatbotu ərsəyə gətirən ​Botbox startapı Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “INNOLAND” İnkubasiya və Akselerasiya mərkəzinin rezidentidir.

COVID-19 WhatsApp botu​ ​| ​Messenger botu üçün kliklə

 

Ətraflı oxu

Digər xəbərlər

innoland news image

Şəhid övladları üçün “Gənclik düşərgəsi” təşkil olunub.

Şəhid övladları üçün “Gənclik düşərgəsi” təşkil olunub
 
Layihə çərçivəsində "INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzi tərəfindən 7–23 yaş aralığında olan şəhid övladları üçün bir sıra maarifləndirici və praktiki sessiyalar keçirilib.
“Şəhərsalma yaradıcılığı” fəaliyyəti zamanı komandalara təqdim olunan ləvazimatlar vasitəsilə yenilikçi şəhər modelləri hazırlanıb və sərgilənib. Həmçinin, innovasiya və ideya generasiyası mövzusunda təlimlər təşkil olunub. İştirakçılar startap anlayışı, ideyanın formalaşdırılması və təqdimat bacarıqları üzrə interaktiv sessiyalara qatılıblar.
Proqram müddətində gənclər yaradıcı düşünmə, problem həlli və ideyaların effektiv təqdimatı istiqamətində bilik və bacarıqlarını inkişaf etdiriblər.
Layihə “YAŞAT” Fondunun, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin təşkilatçılığı, Goranboy Rayon İcra Hakimiyyətinin, ASAN Könüllüləri Təşkilatının, "INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzi, Bakı Psixologiya Mərkəzinin və Azərbaycan İnsan Resursları Assosiasiyasının dəstəyi ilə baş tutub.
“Gənclik düşərgəsi” gənclərin potensialının üzə çıxarılması, onların gələcək təhsil və karyera seçimlərinə müsbət istiqamət verilməsi baxımından əhəmiyyətli platforma kimi dəyərləndirilir.
Ətraflı oxu
innoland news image

"StartupFest 2019"a həsr olunmuş mətbuat konfransı keçirilib

21-26 noyabr tarixlərində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin "INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzinin təşkilatçılığı ilə keçirələcək "StartupFest 2019"a həsr olunmuş mətbuat konfransı təşkil olunub.

Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov çıxışında bildirib ki, "StartupFest” gənc texnologiya sahibkarlarını, “Angel” investorları, korporasiyaları, dövlət qurumlarını, universitetləri, media və müxtəlif ölkələrdən gələn beynəlxalq qonaqları bir araya gətirəcək.

Diqqətə çatdırılıb ki, festival çərçivəsində “Techstars Startup Fintech”, “DevopsDays”, “FUN Baku”, “Product Hunt Meetup”, “TEDx”, “World E-Commerce Forum Eurasia Baku 2019” kimi beynəlxalq tədbirlər təşkil olunacaq. Bakı və Gəncə şəhərlərini əhatə edəcək festival çərçivəsində Azərbaycan, Belçika, Macarıstan, Türkiyə, Gürcüstan, ABŞ və Ukraynadan olan spikerlər öz təcrübələrini bölüşəcəklər.

Tədbirin əsas məqsədi təcrübə mübadiləsinə imkan yaratmaqla Azərbaycanda startap ekosisteminin oyunçularını bir araya gətirmək, ekosistemə müsbət təsir göstərmək və inkişafa təkan verməkdir.

Ətraflı oxu
innoland news image

“INNOLAND”də “Qadınlar STEM”də layihəsinin təqdimatı keçirilib

16 sentyabr 2023-cü il tarixində BMT-nin İnkişaf Proqramı (BMTİP) və Rumıniyanın Azərbaycan Respublikasındakı Səfirliyinin maliyyə dəstəyi, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ASAN İnnovativ İnkişaf Mərkəzinin və “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin rezidenti olan “Safavy” MMC-nin təşkilatçılığı ilə “Qızlar STEM”də layihəsinin təqdimat mərasimi təşkil olunub.

Layihənin əsas məqsədi elm, texnologiya, mühəndislik və riyaziyyat sahələrində xüsusən regionda yaşayan qızların marifləndirilməsi və aktivliklərinin artırılması, bu sahələrdə karyera imkanlarına dair biliklərin ana dilində öyrədilməsi, gənc nəslin düzgün məlumatlandırılması və istiqamətləndirilməsinə nail olmaqdır.

Layihə çərçivəsində məktəbli və gənc qızlar “Safavy.org” platformasına daxil olaraq hər zaman əlçatan olan ödənişsiz onlayn kurslardan faydalana biləcəklər. Bu kurslara “Robotiks”, “Texnologiyanın əsasları”, “STEM sahəsində mühəndisliyə qısa bir baxış”, “STEM-də elm” və “STEM-də riyaziyyat” kimi video dərsliklər də aiddir.

Ətraflı oxu