Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin dəstəyi ilə Azərbaycan İnternet Forumu tərəfindən ölkədə innovasiya fəaliyyətinin təşviqi, paytaxt və region gənclərinin yeni ideyalarının üzə çıxarılması, startap mühitinin yaxşılaşdırılması və innovasiya ekosisteminin bütün üzvləri üçün əlverişli mühitin yaradılması işinə dəstək olmaq məqsədilə “Startup Günləri” tədbirləri keçirilir.
“Startup günləri” ölkədə internet biznesin, innovasiyaların, startap hərəkatının güclənməsinə, maarifçilik işlərinin təşkilinə, startapçıların formalaşmasına və şəbəkələşməsinə xidmət edir. Ümumilikdə 10 təhsil müəssisəsində keçirilməsi planlaşdırılan “Startap günləri” tədbiri 3 ay boyunca davam edəcək və sonda “Startap Azərbaycan” yekun konfransı keçiriləcəkdir. Qalib komandalar ideyalarını biznesə çevirmək üçün “INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzində fəaliyyətlərini davam etdirəcəklər.
İlk “Startup günləri” tədbiri 12-13 aprel tarixlərində Azərbaycan Texniki Universitetində keçirilib. “Startup günləri”nə qatılmaq üçün 117 tələbə qeydiyyatdan keçib və ilk mərhələdə 20 ideya, növbəti mərhələdə isə 5 ideya seçilərək komanda şəklində formalaşıb və növbəti mərhələyə keçib. Mentorların dəstəyi ilə 5 komanda öz ideyalarının biznes planını hazırlayaraq jürilərə təqdim ediblər. Kənd təsərrüfatı texnikasının paylaşılmasına dair “Agro Share” layihəsi “Startap günləri” yarışının qalibi seçilib. Sonda qaliblərə diplom və hədiyyələr təqdim edilib.
"INNOLAND"də “45 dəqiqə startap” olimpiadasının final mərhələsi baş tutub.
"INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzi və "Taskool"un birgə təşkilatçılığı ilə 8–11-ci sinif şagirdləri üçün təşkil olunan “45 dəqiqə startap” olimpiadasının final mərhələsi baş tutub. Final mərhələsi "INNOLAND"in rezidenti "Taskool"un "Startup School" proqramı çərçivəsində keçirilib. 2025-ci ildə "Startup School" proqramına daxil olan 147 müraciət arasından seçilən 110 iştirakçı tədrisə başlayıb, 58 nəfər isə proqramı uğurla bitirərək 7 əsas sahə üzrə 13 komanda formalaşdırıb. Qlobal səviyyədə sahibkarlıq bacarıqları və maliyyə savadı qazandırmaq məqsədi daşıyan proqram çərçivəsində iştirakçılar real biznes ideyaları üzərində işləyərək startap layihələrini təqdim ediblər. Təcrübəli mentorların dəstəyi ilə hazırlanan layihələr süni intellekt, "FinTech", "GreenTech", "HealthTech", "AgriTech", "Gaming" və "E-ticarət" istiqamətlərini əhatə edib. Final mərhələsində çıxış edən 13 komanda öz innovativ ideyaları, kreativ yanaşmaları və təqdimat bacarıqları ilə münsiflər heyətinin diqqətini cəlb ediblər. Sonda "Speacdeaf", "Tutor AI", "Mindmark" komandalarının startap layihələri münsiflər heyəti tərəfindən yüksək qiymətləndirilərək qalib elan olunub. Proqramı uğurla başa vuran bütün iştirakçılara sertifikatlar təqdim edilib. "Startup School" proqramı Azərbaycanın gələcək startap liderləri üçün möhkəm baza formalaşdıraraq ölkə üzrə innovasiya mədəniyyətini təşviq edir.
Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının dəstəyi ilə ölkədə ilk dəfə keçiriləcək fintex-startuplar üçün “Open Banking Lab” layihəsinə qeydiyyat başa çatıb.
“Bank Respublika” ASC və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin birgə həyata keçirəcəyi İnkubasiya proqramına 11 layihə qeydiyyatdan keçib.
Qeydiyyatdan keçmiş layihələrin seçim mərhələsi “INNOLAND”də baş tutacaq.
22 sentyabr tarixində qlobal innovasiya ekosisteminin ən məşhur simalarından biri, minlərlə startapa mentorluq edən Tal Catranın "INNOLAND"də görüşü baş tutub.
Görüş zamanı məşhur startap eksperti Tal Catran iştirakçılara startap sahəsindəki uzunillik təcrübələrindən, startap qurucularının etdikləri səhvlərdən, startapı inkişaf etdirməyin, eləcə də onları qlobal bazara çıxarmağın yollarından danışıb.
Spiker qismində çıxış edən edən Tal Catranın çıxışı iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb. Tədbir zamanı startap mövzusu ətrafında müzakirələr aparılıb və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, tədbir ingilis dilində baş tutub.