Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzi və “Bank Respublika”nın birgə İnkubasiya proqramı çərçivəsində Gəncədə növbəti “Fintech Meetup” keçirilib.
“Fintech Meetup” Gəncədə ilk dəfə keçirilən "Startup Grind Ganja" tədbiri daxilində baş tutub. Görüşdə “INNOLAND”in direktoru Məmməd Kərim, “SUP.VC” şirkətinin direktoru Vüsal Kərimli və proqram meneceri Tariyel Ağazadə spiker qismində iştirak ediblər. Spikerlər maliyyə texnologiyaları və innovativ maliyyə sektorunun inkişaf tendensiyasından danışıblar.
Daha sonra “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzi və Gəncə Dövlət Universiteti arasında qarşılıqlı tərəfdaşlıq və əməkdaşlıq memorandumu imzalanıb.
Tədbir sual-cavabı hissəsi ilə davam etdirilib.
Türkiyədən gələn iş adamları Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin "İnnovasiyalar Mərkəzi"nin qonağı olublar. Səfər, Kiçik və Orta Biznes Subyektləri və Klublarının Assosiasiyasının (KOBSKA) təşkilatçılığı ilə baş tutub.
Qonaqlara "İnnovasiyalar Mərkəzi"ndə startap və innovasiya ekosisteminin inkişafına göstərilən genişmiqyaslı dəstək, yeni texnologiyaların tətbiqi və innovativ layihələrin həyata keçirilməsi istiqamətində görülən işlər barədə ətraflı məlumat verilib. Xüsusilə, startapların inkişafına dəstək məqsədilə keçirilən hakatonlar, startap akselerasiya proqramları, eləcə də investorlarla keçirilən görüş və şəbəkələşmə tədbirləri vurğulanıb.
Bununla yanaşı, ali təhsil müəssisələri ilə qurulan məhsuldar əməkdaşlıqlar, eləcə də əmək bazarının tələblərinə cavab verən innovativ təlim proqramları vasitəsilə yeni ixtisaslar üzrə peşəkar kadrların hazırlanması və müasir biliklərə sahib mütəxəssislərin yetişdirilməsi məsələləri də diqqətə çatdırılıb.
Görüş çərçivəsində tərəflər qarşılıqlı maraq doğuran layihələr, ortaq iş imkanları və potensial əməkdaşlıqlar haqqında geniş müzakirələr aparıblar. Həm Azərbaycanda, həm də Türkiyədə kiçik və orta biznesin inkişafına töhfə verə biləcək gələcək əməkdaşlıq istiqamətləri də diqqət mərkəzində olub.
"INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzinin rezidenti "Botbox" tərəfindən regionda ilk dəfə doğma dilimizdə "COVID-19" ilə bağlı çatbot "WhatsApp" və "Facebook Messenger" üzərindən istifadəyə verilib.
Çatbot 24/7 rejimində insan müdaxiləsinə ehtiyac olmadan vətəndaşlarımızı dünyada və ölkədə koronavirusla bağlı olan statistik məlumatlarla real zamanda tanış edir. Bu məlumatlar rəsmi qaynaqlardan APİ-lər vasitəsi ilə toplanır, WhatsApp və ya Facebook bildirişi şəklində təqdim olunur.
Həmçinin, Botbox çatbotu pandemiyadan qorunmaq üçün gündəlik diqqət olunması vacib sayılan məsləhətləri, məsafədən effektiv çalışmaq üçün faydalı olacaq internet resurslar haqqında məlumatları da əhalinin şəxsi və iş məqsədi ilə ən çox istifadə etdiyi iki tətbiq üzərindən onlarla bölüşür.
Qeyd edək ki, mesajlaşma və sosial şəbəkə tətbiqləri həyatımıza ən çox nüfüz edən rəqəmsal platformalar olduğundan, məhz bu tətbiqlər üzərindən böyük kütlə ilə kommunikasiya qurmaq çox effektiv sayılır. Buna görə də Dünya Səhiyyə Təşkilatı və Facebook tərəfindən birgə hazırlanmış COVID-19 ingilisdilli çatbotu bir neçə gün ərzində miliyonlarla insan tərəfindən istifadə edilib.
Azərbaycan da regionun ən sürətli rəqəmsallaşan iqtisadiyyatlarından birinə sahib olan ölkə kimi innovativ texnologiyaların sosial və biznes yönümlü faydalarından yararlanmağı hər zaman aktual saxlamışdır.
Təsadüfi deyil ki, bu çatbotu ərsəyə gətirən Botbox startapı Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “INNOLAND” İnkubasiya və Akselerasiya mərkəzinin rezidentidir.
COVID-19 WhatsApp botu | Messenger botu üçün kliklə
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ulvi Mehdiyev Fransanın “Ecole 42” şirkətinin icraçı direktoru Sofi Viger ilə görüşüb.
Görüş zamanı Ülvi Mehdiyev kompüter elmləri, informasiya təhlükəsizliyi, süni intellekt və s. üzrə ixtisaslı mütəxəssislərin hazırlanması istiqamətində görülən işlər barədə məlumat verib. Həmçinin Elektron Hökumətin İnkişafı Mərkəzinin (EHİM) rəqəmsallaşdırma, müvafiq istiqamətdə bilik və bacarıqların yüksəldilməsi, cəmiyyətin bütün üzvlərinin informasiya texnologiyalarının yaratdığı imkanlardan istifadəsinə şərait yaradılması sahəsində gördüyü işlərdən, həyata keçirilən layihələrdən və beyəlxalq təcrübənin tətbiqindən danışıb.
Sonra Sofi Viger “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin fəaliyyəti ilə tanış olub. Qonaq müxtəlif layihələr, yerli startaplar üçün qlobal səviyyədə sərmayələrin cəlbi, onların inkişafı üçün yaradılan imkanlar barədə məlumatlandırılıb.
15 min nəfərdən artıq məzunu olan “Ecole 42” proqramlaşdırma məktəblərinin dünyanın 25 ölkəsində 42 kampusu fəaliyyət göstərir. Azərbaycanda “Baku Ecole 42” kampusunun yaradılması layihəsi Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən birgə həyata keçirilir.