Azərbaycanda “Rəqəmsal Startap Mükafatları” müsabiqəsinin yarımfinal mərhələsi keçirilib
“İNNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzi”nin və “Sabah Hub”ın tərəfdaşlığı ilə “Rəqəmsal Startap Mükafatları” beynəlxalq müsabiqəsinin “Ən Yaxşı Startap Layihə” kateqoriyası üzrə Azərbaycan yarımfinalı uğurla baş tutub.
Yarımfinal mərhələsində ölkəmizi təmsil edən 20 innovativ startap layihəsi iştirak edib. Startap komandaları layihələrini münsiflər heyətinə təqdim edərək biznes modelləri, texnoloji yenilikləri və bazar potensialı kimi meyarlar üzrə qiymətləndirilib.
“Rəqəmsal Startap Mükafatları” proqramı regionun startap ekosistemində çoxpilləli inkişaf mexanizmini formalaşdıran, mərhələli seçim sistemi ilə fərqlənən beynəlxalq təşəbbüsdür. Proqramın üç əsas mərhələsindən biri olan “Ən Yaxşı Startap Layihə” kateqoriyası üzrə iki layihə — “StarKidsStories” və “Tryverse” qalib elan edilib.
“StarKidsStories” süni intellekt texnologiyalarına əsaslanaraq fərdiləşdirilmiş uşaq hekayə kitabları yaradan innovativ startapdır. Layihə miqyaslana bilən modeli və yüksək mənfəət potensialı ilə seçilir.
“Tryverse” isə fiziki məhsulların onlayn satışını artırmaq məqsədilə 3D və artırılmış reallıq (AR) texnologiyalarını birləşdirən platformadır.
Bu iki startap layihəsi Özbəkistanda keçiriləcək beynəlxalq final mərhələsində 9 ölkədən olan ən perspektivli startaplarla mübarizə aparmaq imkanı qazanıb.
Startaplar yarımfinal mərhələsi üçün təxminən 100-ə yaxın müraciət arasından seçilib və nüfuzlu münsiflər heyəti üzvləri və ekspertlər tərəfindən qiymətləndirilib. Qiymətləndirmədə aşağıdakı şəxslər iştirak ediblər:
İT Park Ventures-in direktor müavini Dalerkhon Nodirov,
UNEC Startap İnkubatorunun rəhbəri Mübariz Şahbazlı
Sabah Fondu adından investisiya mütəxəssisi Məsud Alisoy.
Bundan əlavə, INNOLAND İnkubasiya və Akselerasiya Mərkəzini təmsil edən Akademi Group-un icraçı direktoru Elşad Məmmədzadə EdTech startaplarını təhsil innovasiyaları üzrə ekspert münsif kimi dəyərləndirib.
Ümumilikdə müsabiqəyə Azərbaycan üzrə 150-dən çox startap müraciət edib. “Rəqəmsal Startap Mükafatı” proqramı “IT Park Özbəkistan”ın innovasiya platforması "StartupBase" tərəfindən təşkil olunur. Proqramın məqsədi Mərkəzi Asiya və Qafqaz regionlarında rəqəmsal innovasiyaları təşviq etmək, startap ekosisteminin inkişafına dəstək vermək və gənc sahibkarların beynəlxalq səviyyədə tanınmasına şərait yaratmaqdır.
31 may tarixində Biləsuvar rayonunun Bağbanlar kəndində “İmkanlar Sənə Doğru!” devizi altında “Səyyar Gənclər Xidməti” layihəsinə start verilib.
Gənclərin dövlətçilik və vətənpərvərlik ruhunda yetişməsi, ucqar kəndlərdə yaşayan gənclərin sosiallaşması, asudə vaxtlarının səmərəli təşkili, onların bilik, bacarıqlarının və dünyagörüşünün genişləndirilməsini qarşıya məqsəd qoyan "Səyyar Gənclər Xidməti" layihəsinin tədbirində "INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzinin nümayəndə heyəti də iştirak edib. Layihə iştirakçılarına Mərkəzin yerli startapların qlobal səviyyədə sərmayə cəlbi, böyüməsi və inkişafı üçün yaratdığı imkanlardan danışılıb.
Qeyd edək ki, tədbir zamanı gənclərin maraqlarını əhatə edəcək müxtəlif mövzular üzrə təlimlər, şəxsi inkişafla bağlı sessiyalar, könüllülük, ixtisas seçimi, əsas həyat bacarıqları və digər mövzularda açıq hava şəraitində təlimlər keçirilib, gənclərə praktiki şəkildə "CV" yazılma qaydası göstərilib, gənclər arasında müxtəlif intellektual və idman yarışları təşkil edilib.
“INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin “Bakcell”lə birgə həyata keçirdiyi 1-ci İnkubasiya proqramına qəbul edilən startaplar 18 yanvar tarixində Demo Day-də çıxış edəcəklər. "Fonibo", "Bon.az" və "Towaves" startapları investorlar qarşısında öz layihələrini təqdim edərək investisiya almaq şansı əldə edəcəklər.
“Demo Day”in keçirilməsində məqsəd maliyyə ehtiyacı olan startaplar və sərmayə qoymaq istəyən investorları bir araya gətirmək və tərəflər arasında sağlam mühitdə davamlı əlaqələrin qurulmasına dəstək göstərməkdir.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev Türkiyə Respublikası "Teknopark İstanbul"un Baş İcraçı Direktoru Bilal Topçu ilə görüşüb.
Ülvi Mehdiyev Dövlət Agentliyinin fəaliyyət istiqamətləri, dövlət xidmətlərinin göstərilməsində innovasiyaların tətbiqi, elektron hökümətin inkişafı və sosial innovasiyalar sahəsində görülən işlər barədə məlumat verib. Dövlət Agentliyi ilə “Teknopark İstanbul" arasında innovasiya sahəsində birgə fəaliyyətin qurulmasının iki qardaş ölkə arasında yeni əməkdaşlıq imkanlarının açdığını qeyd edib.
Bundan əlavə Dövlət Agentliyinin 2015-ci ildə Birləşmiş Millətlər Təşkilatının Dövlət Xidmətləri Mükafatına, 2019-cu ildə isə BMT-nin rəqəmsal idarəetmənin tətbiqi ilə dövlət xidmətlərinin inkişafı sahəsində xüsusi mükafatına layiq görülməsi diqqətə çatdırılıb.
Sonra qonaq “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin fəaliyyəti ilə tanış olub və 30-dan artıq startap nümayəndəsi ilə görüşüb.
Görüş çərçivəsində Bilal Topçu Azərbaycan startapları üçün "Teknopark İstanbul"da mövcud olan imkanlar, dəstək və xidmətlərlə bağlı təqdimatla çıxış edib və yerli startapçıların innovativ sahibkarlığın inkişafı ilə bağlı fikirlərini dinləyib və suallarını cavablandırıb.