“INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin tərəfdaşlığı ilə Gəncə şəhər Heydər Əliyev Mərkəzində "İnnovasiya və Yaradıcılıq Forumu" keçirilib.
2 saylı Gəncə regional “ASAN xidmət” mərkəzi, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Gəncə-Daşkəsən regional nümayəndəliyi, Gəncə şəhər Heydər Əliyev Mərkəzi və Gəncə STEAM Mərkəzinin birgə təşkilatçılığı ilə reallaşan forum gənclərin innovativ düşüncə və texnoloji biliklərinin inkişafını dəstəkləmək məqsədi daşıyıb.
Forum çərçivəsində 200-ə yaxın gəncin iştirakı ilə “Startap ekosistemi – qlobal və lokal yanaşmalar”, “Süni intellekt: Düşüncənin yeni forması” və “Robotlar səhnədə – Yaradıcılıq və texnologiyanın vəhdəti” mövzularında panel müzakirələri aparılıb.
Müzakirələrdə “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin müdiri Nicat Əmiraslanov və “Layihələrin idarəedilməsi” departamentinin müdir müavini Ziniddin Babayev də çıxış edərək iştirakçılarla öz bilik və təcrübələrini bölüşüblər.
Sonda rəsmi çıxışlar və təltifetmə mərasimi ilə tədbir yekunlaşıb.
Rezident startaplarımız "İnsan Resursları və İdarəetmə Forumu"nda iştirak ediblər
Safavy, Taskilled və Eduaz startaplarımız Azərbaycan Respublikasının Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ASAN İnnovativ İnkişaf Mərkəzinin təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə və peşəkar idarəçilik yoluna həsr olunmuş forumda iştirak ediblər.
Lənkəran regional “ASAN xidmət” mərkəzinin əməkdaşlarının bilik və bacarıqlarının artırılması məqsədilə “İnnovasiyalar Mərkəzi”nin “INNOLAND” şöbəsinin müdiri Nicat Əmiraslanov və mərkəzin ictimaiyyətlə əlaqələr üzrə baş mütəxəssisi Nofəl Əliyev tərəfindən 3 günlük təlim proqramı keçirilib.
Təlim müddətində iştirakçılara həm nəzəri, həm də praktiki biliklər təqdim olunub:
İdeya nədir və ideya generasiyası üsulları
Startap anlayışı və startap qurmaq üçün ilk addımlar
Effektiv təqdimat bacarıqları
Süni zəka alətlərindən istifadə yolları və faydaları
Təlimlər interaktiv yanaşma əsasında təşkil olunub. İştirakçılar qrup halında fəaliyyət göstərib, komanda işində iştirak edib, real ssenarilər əsasında tapşırıqlar yerinə yetirib və interaktiv oyunlarla öyrəndiklərini möhkəmləndiriblər.
9 aprel 2022-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İNNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzində "Gamepons" və "WePlay Ventures" şirkətlərinin təşkilatçılığı ilə Azərbaycanda ilk dəfə olaraq oyun tərtibatçıları üçün “Demo day” keçirilib.
Tədbirdə həm yerli, həm də beynəlxalq investorlar olan dövlət qurumlarının və özəl şirkətlərin rəhbər vəzifəli şəxsləri, “INNOLAND”in rezidenti olan və digər startaplar iştirak ediblər.
“Demo day”də "FM Studio", "Metamad Studio", "Seven Heart Stories" və "Return Game Studio" startapları investorlar qarşısında təqdimatlarında keçdikləri inkubasiya və akselerasiya proqramı ərzində layihələrin necə inkişaf etdiyi, hazırda layihələrin hansı mərhələdə olduğu, gələcək hədəfləri və zəruri olan investisiya ehtiyacları haqqında məlumat veriblər.
“Demo Day”in keçirilməsində məqsəd maliyyə ehtiyacı olan startaplar və sərmayə qoymaq istəyən investorları bir araya gətirmək və tərəflər arasında sağlam mühitdə davamlı əlaqələrin qurulmasına dəstək göstərməkdir.
Oyun tərtibatçılarını və studiyalarını dəstəkləyən icma qurucusu və inkubasiya mərkəzi "Gamepons", "WePlay Ventures"dan Azərbaycanda və Mərkəzi Asiyada oyun ekosistemi qurmaq, oyun startapları inkubasiya etmək, müxtəlif beynəlxalq konfrans və tədbirlər keçirmək üçün investisiya alıb. "Gamepons" müxtəlif tədbirlər və konfranslar vasitəsilə xarici təcrübəni Azərbaycana gətirməklə yanaşı, həm də oyun studiyaları ilə əməkdaşlıq edərək onların inkişafına köməklik göstərir.
"Weplay Ventures" isə Şərqi Avropa və Mərkəzi Asiyada ilkin mərhələdə oyun studiyalarına sərmayə qoyur.