9-10 dekabr tarixində "INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzində “Brain Game” intellektual oyun hakatonu keçirilib.
Hakaton Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi”nin və "Azərlotereya” ASC-nin birgə təşkilatçılığı ilə reallaşdırılıb.
Məqsəd ölkəmizdə intellektual oyunların yaradılması sahəsində proseslərin təşviqi, yeni oyun əsaslı həllərin yaradılması və cəmiyyətin intellektual potensialının artırılmasıdır.
Tədbir çərçivəsində hər biri 3-5 nəfərdən ibarət 20 komanda yaradıcı və innovativ oyun layihələrini hazırlayıb. Mentorlar göstərilən müddət ərzində prototiplərin hazırlanıb sonlandırılması üçün komandalara dəstək göstəriblər.
Bağlanış tədbirində komandalar tərəfindən hazırlanan layihələr münsiflər heyəti tərəfindən qiymətləndirilib.
Münsiflər heyəti qismində Dövlət Agentliyinin sədrinin müşaviri Mehdi Cavadov, “İnnovasiyalar Mərkəzi”nin direktoru Vüsal Rüstəmov, “Azərlotereya”nın İdarə Heyətinin sədri Osman Karakuş, “Code Academy”nin rəhbəri Ülvi Aslanov və “DynamicBox Studio” şirkətinin oyun prodüseri Şahin Əliyev iştirak ediblər.
Nəticələrə əsasən “85 Games Studio” komandası 1-ci yerə, “EcoDev” komandası 2-ci yerə, “Bomba!” komandası isə 3-cü yerə layiq görülüb.
Sonda qaliblərə müvafiq olaraq 5000, 2000 və 1000 manat məbləğində pul mükafatı və diplomlar təqdim olunub. Növbəti yaxşı nəticə göstərən “Kript 10” və” AKA” komandaları isə həvəsləndirici mükafat alıb.
Hakatona müraciət edən 65 komanda arasından seçilən 54 komanda 16 noyabr tarixində ideya konseptlərini təqdim ediblər. Qiymətləndirmə nəticəsində yalnız 20 komanda müsabiqə mərhələsində iştirak hüququ qazanıb.
"INNOLAND"in rezidenti "Enverson AI" Dayaq” mükafatına layiq görülüb!
İqtisadiyyat Nazirliyinin dəstəyi və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin təşkilatçılığı ilə “Güc biznesindir” devizi ilə “Dayaq” mükafatının təqdim olunması mərasimi keçirilib. 2025-ci il üzrə iqtisadiyyatın müxtəlif sektorlarında çalışan ən fəal sahibkarlar mükafatlandırılıb. Tədbir çərçivəsində rəsmi şəxslərin çıxşları, “2026: KOB-ların çağırışı” mövzusunda panel müzakirə, 2025-ci ildə uğur qazanmış 17 sahibkarlıq subyektinə “Dayaq” mükafatları təqdim edilib. Mükafat alan startaplar sırasında "INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzinin rezidenti "Enverson AI" da yer alıb. “Dayaq” mükafatının məqsədi iqtisadiyyatın dayağı olan sahibkarların uğurlarının cəmiyyətə daha geniş tanıdılması, biznes düşüncə tərzinin təşviqi və dövlət-özəl sektor arasında əməkdaşlığın daha da möhkəmləndirilməsidir. "Enverson AI" komandasını təbrik edir və daha böyük uğurlar arzulayırıq!
Məhsuldan “Demo Day”ə mövzusunda vebinar keçirilib. Vebinar zamanı oyun layihələrinin məhsul mərhələsindən “Demo Day”ə qədər keçdiyi yol, bu prosesdə diqqət edilməli əsas məqamlar və praktiki təcrübələr iştirakçılarla bölüşülüb. “Neecro Project Studio”nun təsisçisi Şamil Namazovun moderatorluğu ilə keçirilən görüşdə Nicat Əmiraslanov iştirakçılara İnnolandın fəaliyyəti haqqında məlumat verib.
Daha sonra “Game Design Academia”nın həmtəsisçiləri Egehan Doğan, Nurevşan Doğan və Nihat Baran Menteş mövzu ilə bağlı çıxış edərək öz təcrübələrini və praktiki yanaşmalarını iştirakçılarla bölüşüblər.
Vebinarın sonunda keçirilən sual-cavab sessiyasında iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
“Strategiya və Maliyyə” Butkampı uğurla başa çatdı!
“INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzi və “I Can Advisory” şirkətinin birgə təşkilatçılığı ilə startaplar üçün təşkil edilən 6 həftəlik intensiv “Strategiya və Maliyyə” butkampı uğurla yekunlaşdı. Proqram müddətində iştirakçılar startapların inkişafı üçün mühüm əhəmiyyət kəsb edən istiqamətlər üzrə təlimlərdə həm nəzəri biliklər, həm də praktiki bacarıqlar əldə etdilər. Təlimlər maliyyə menecmenti və davamlı maliyyə sahəsində ixtisaslaşmış peşəkar məsləhətçi Dr. İbrahim Can tərəfindən keçirildi. Bu butkamp startapların düzgün strategiya qurması, effektiv maliyyə planlaşdırması aparması və davamlı inkişaf etməsi istiqamətində onların bilik və bacarıqlarının gücləndirilməsinə mühüm töhfə verdi.