9 Oktyabr, 2023

"ASAN xidmət" "NASA Space Apps Challenge” hakatonu təşkil edib

7-8 oktyabr 2023-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və  Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi”nin təşkilatı dəstəyi ilə Azərbaycan Robotexnika Mühəndisliyi Akademiyası tərəfindən "INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzində “NASA Space Apps Challenge” hakatonu keçirilib.
 
Açılış mərasimində  “İnnovasiyalar Mərkəzi”nin direktoru Vüsal Rüstəmov, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentliyin ("Azərkosmos") Strategiya və biznesin inkişafı departamentinin direktoru Natəvan Həsənova, Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasınının idarə heyətinin sədr müavini Rauf Cabbarov,  “NASA Space Apps Baku”nun layihə rəhbəri Nigar Rəsulzadə və digər qonaqlar iştirak ediblər.
 
Hakatonun məqsədi qlobal əhəmiyyətli prioritet istiqamətlərdə qeyd olunan mövzulara dair açıq mənbəli həllər yaratmaqdır. Eyni zamanda müvafiq sahələrin elmi tədqiqinə maraq oyatmaq, yeni nəsil alimlərin, texnoloqların, dizaynerlərin və mühəndislərin böyüməsini və müxtəlifliyini təşviq etmək əsas hədəflərdir.
 
Müsabiqədə 690 müraciətçidən müsabiqə üsulu ilə seçilmiş 23 komanda iştirak edib. Tələblərə cavab verən və 14 yaşdan yuxarı 3-4 nəfər üzvdən ibarət komandalar 36 saat ərzində hakatonun əsas mövzuları olan iqlimin idarəolunması, təhsil texnologiyaları, yanğınların idarəolunması, virtual və artırılmış reallıqlar, sosial layihələr istiqamətlərində tapşırıqları həll ediblər.
 
Yekunda  komandaların təqdimatlarına əsasən qiymətləndirmələr aparılacaq,  orijinallığı, konseptləri,  ixtiraçılığı ilə fərqlənən, yaradıcı problem həlli və qeyri-standart düşünmə nümayiş etdirən həllər 3 yer üzrə qiymətləndiriləcək və müvafiq olaraq mükafatlandırılacaqlar. Ölkə üzrə qalib gələn komandalar dünyanın 350 şəhərində keçirilmiş hakaton qalibləri ilə birgə yarışacaqlar.

Ətraflı oxu

Digər xəbərlər

innoland news image

"ADA School" şagirdləri üçün INNOLAND və "Bilim Bakı" mərkəzlərinə info tur təşkil olunub.

"ADA School" şagirdləri üçün INNOLAND və "Bilim Bakı" mərkəzlərinə info tur təşkil olunub. İnfo tur çərçivəsində "ADA School"un 7, 8 və 9-cu sinif şagirdləri əvvəlcə "INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzində startap ekosistemi, innovativ layihələr və rezident startapların fəaliyyəti haqqında məlumat əldə edərək real innovasiya mühitini yaxından müşahidə ediblər. Daha sonra "Bilim Bakı" mərkəzinin fəaliyyət istiqamətləri, laboratoriyaları və texnoloji imkanları ilə tanış olublar. Proqramın sonunda isə "Neecro Projects" oyun studiyasının təsisçisi Şamil Namazov tərəfindən "Oyun hazırlama" mövzusunda keçirilən təlimdə şagirdlərə "game development" sahəsinin imkanları və bu istiqamətdə ilk addımlar haqqında praktiki biliklər təqdim olunub.

Ətraflı oxu
innoland news image

“INNOLAND”də "Süni zəka" mövzusunda görüş baş tutacaq

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzində "Süni zəka" mövzusunda görüş baş tutacaq. Görüş “SUP Akselerator”unun ənənəvi #SUPTalks tədbiri daxilində keçiriləcək. Görüşdə spiker qismində çıxış edəcək Nərgiz Məmmədova süni zəka, onun imkanları və gələcəyə təsirindən danışacaq.

Nərgiz Məmmədova Kanadanın Toronto şəhərində yaşayan texnoloqdur. Sahibkarlığa marağı onun təşəbbüskar ailəsindən gəlir. İndiyə kimi media, reklam və texnologiya sahələrində müxtəlif startaplara dəstək verib. O, həmçinin texnologiya ilə immiqrasiya məsələlərini həll etməyə yönəlmiş "Destin AI" startapının qurucusudur. Nərgiz 3 ölkədə - İsveçrə, Yaponiya və Kanadada idarəetmə təhsili almış və Beynəlxalq Biznes Magistr dərəcəsinə sahibdir.

Tədbir 19 dekabr saat 19.00-da keçiriləcəkdir.

Tədbirə qatılmaq üçün: https://www.facebook.com/events/751487891926718/

Ətraflı oxu
innoland news image

Azərbaycanda növbəti "Global Game Jam" keçiriləcək

31 yanvar – 2 fevral tarixlərinlərində eyni anda 860 fərqli məkan və 113 ölkədə keçiriləcək Global Game Jam Azərbaycanda da baş tutacaq. Tədbirin əsas məqsədi Azərbaycandakı oyun qurucuları cəmiyyətini yaradaraq inkişaf etdirmək və dünyayla birləşdirməkdir.

48 saat davam edəcək tədbirdə iştrakçılar tərəfindən eyni mövzuya aid fərqli oyunlar hazırlanacaq. Müsabiqə mövzusu bütün dünyada eyni vaxtda elan olunacaq. Bütün iştirakçılar dəyərli hədiyyələr və sərhədsiz təcrübə əldə edəcəklər.

Tədbirin əsas tərəfdaşları "INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, SUP.VC, Nextstep Innovasiya Mərkəzi, World Net Summit və Vriendly'dir.

İştirak ödənişsizdir!

Qeydiyyat linki: https://bit.ly/2TIDgbp

Ətraflı oxu