"INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzinin nümayəndələri ABŞ Beynəlxalq İnkişaf Agentliyinin maliyyə dəstəyi və SUP VC-nin təşkilatçılığı ilə keçirilən AgroTech Hackathon tədbirində iştirak ediblər.
Gəncədə, Azərbaycan Dövlət Aqrar Universitetində baş tutan "AgroTech Workshop" tədbiri innovativ texnologiya, robototexnika və süni intellekt kimi texnoloji tendensiyaların kənd təsərrüfatı sahəsində tətbiqinin əhəmiyyətinə həsr olunub.
Tədbirin açılışında "INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzinin direktoru Məmməd Kərimov da çıxış edərək Mərkəzin startap və innovasiya ekosisteminə verdiyi töhfələrdən danışıb.
Həmçinin Mərkəzin startaplarla iş üzrə mütəxəssisi Tengiz Ağakişiyev tədbir çərçivəsində keçirilən "AgroTech hackathon"da münsiflər heyəti qismində iştirak edib.
Tədbirdə iştirakçılara kənd təsərrüfatında innovasiyaların tətbiqi, vertikal əkinçilik, yeni trendlərin izlənməsi mövzularında məlumat verilib. Tədbirə qatılanlar kənd təsərrüfatında müxtəlif problemlərə innovativ həllər tətbiq etmək üçün komanda şəklində işləyiblər. Kənd təsərrüfatı sahəsində ən yaxşı həll yolunu təqdim edən "Desafio", "AgroTech 1", "Bayraqdar" komandaları ilk üçlükdə yer alaraq qalib olublar.
Qeyd edək ki, INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzi Azərbaycanda startap ekosisteminin inkişafı, biznes mühitinin gücləndirilməsi, dünyanın müxtəlif ölkələrindən innovativ texnoloji sahədə fəaliyyət göstərən azərbaycanlıların ölkəmiz ilə əlaqələrinin daha da möhkəmləndirilməsi istiqamətində fəaliyyət göstərir.
23-26 yanvar 2023-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin nümayəndə heyəti Türkiyənin Ankara şəhərində səfərdə olub.
Səfər çərçivəsində nümayəndə heyəti “Havelsan Texnoloji Radar” şirkəti, “ODTÜ Teknokent”, “OSTİM Teknokent”, “Ankara Universiteti Teknokent” və “Bilkent Cyberpark”la qarşılıqlı müzakirələrin aparılması məqsədilə görüşlər keçirib.
Görüşlərdə Dövlət Agentliyinin fəaliyyəti, “ASAN xidmət”, “İnnovasiyalar Mərkəzi” və “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzi haqqında geniş məlumat verilib, ölkəmizdə startap ekosisteminin inkişafı və biznes mühitinin gücləndirilməsi istiqamətində görülən işlərdən danışılıb. Həmçinin bu istiqamətdə birgə əməkdaşlıq imkanları müzakirə edilib.
“ODTÜ Teknokent”, “Bilkent Cyberpark” və “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzi arasında Əməkdaşlığa dair Memorandum imzalanıb.
Memorandumun əsas məqsədi hər iki ölkədə startapların böyüməsini təmin etmək, yerli bazarda böyümək istəyən sahibkarları qarşılıqlı dəstəkləmək, bu sahədə tədqiqat və inkişaf işləri aparmaqdır. Eyni zamanda qeyd olunan işlərin icrası üçün zəruri infrastrukturun yaradılması, startap ekosisteminə töhfə verəcək birgə layihələrin həyata keçirilməsi nəzərdə tutulur.
Noyabrın 21-26-da ölkəmizdə ilk dəfə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin təşkilatçılığı ilə “StartupFest 2019” adı altında startapları əhatə edən beynəlxalq festival başa çatıb.
1000-dən çox iştirakçının qatıldığı “StartupFest 2019” ümumilikdə 9 tədbiri əhatə edib. 1 həftə davam edən festivalda startapları əhatə edən 40 mövzu müzakirə olunub.
Bakı və Gəncə şəhərlərini əhatə edən festival çərçivəsində Azərbaycan, Türkiyə, ABŞ, Almaniya, İspaniya, İngiltərə, Polşa, Səudiyyə Ərəbistanı, Gürcüstan, Macarıstan, Ukrayna və Belçikadan olan spikerlər öz təcrübələrini bölüşüblər.
Qeyd edək ki, “StartupFest 2019″un əsas özəlliklərindən biri də startapları əhatə etməsi, özündə startaplarla bağlı problemləri və onların həll yollarını ehtiva edən 6 beynəlxalq lisenziyalı tədbiri birləşdirməsidir.
“NeecroLearn” proqramında mentor görüşlərinə start verildi!
Proqram çərçivəsində iştirakçı komandaların layihələrinin inkişafına dəstək olmaq məqsədilə nəzərdə tutulan ilk mentor görüşü baş tutub. Qonağımız Türkiyənin Yaşar Universitetinin Dizayn və Araşdırma Mərkəzinin rəhbəri, professor Can Güvenir olub. Görüş zamanı “Delete It!”, “The Defender” və “Mysterious” komandaları ilə layihələrin inkişafı, ideyaların təkmilləşdirilməsi və növbəti mərhələlərə dair müzakirələr aparılıb.