17 fevral 2021-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzində “İnnovasiya ekosistemi toplantısı” keçirilib.
Tədbirdə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, həmçinin innovasiyalar sahəsində aktiv fəaliyyət göstərən 11 müxtəlif inkubasiya və akselerasiya mərkəzinin rəhbərləri iştirak ediblər.
Dövlət Agentliyinin sədri innovasiyalar sahəsində ölkə rəhbərliyinin tapşırığı ilə aidiyyatı qurumlar tərəfindən əhəmiyyətli işlərin görüldüyünü bildirib. Görüş iştirakçılarının diqqətinə çatdırılıb ki, Dövlət Agentliyi tərəfindən öz səlahiyyətlərinə uyğun olaraq dövlət xidmətləri, rəqəmsal hökumət və sosial sahədə bir sıra innovasiyalar tətbiq edilib. Bildirilib ki, ölkə rəhbərliyinin iştirakı ilə açılışı həyata keçirilən “INNOLAND” Mərkəzində bu günə kimi formalaşdırılan imkanlardan bütün ekosistem oyunçuları bərabər şəkildə istifadə edə bilərlər.
Görüşdə ölkəmizdə innovativ ideyaların təşviqi, startap mühitinin inkişafı, əlverişli qanunvericilik və maliyyələşmə mexanizimlərinin tətbiqi ilə bağlı fikir mübadiləsi aparılıb.
Ekosistem oyunçuları innovativ texnologiyalar sahəsində mümkün perspektivləri və yeni çağırışları da müzakirə ediblər. Onlar bu cür formatda görüşlərin keçirilməsinin və yaxşı təcrübələrin bölüşülməsinin əhəmiyyətini vurğulayıblar.
Həmçinin gələcək planlar və əməkdaşlıqlar barədə danışılıb, bir sıra qərarlar qəbul olunub.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin "INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzinin 5 rezidenti Türkiyədə fəaliyyət göstərən "ITU Magnet" Akselerasiya proqramına qəbul edilib.
Hazırda İstanbul Texniki Universiteti Türkiyədə startap müraciətlərinin sayına görə ilk yerdədir. Müvafiq sahədə ölkənin ən nüfuzlu proqramlarının təşəbbüskarı və icraçısı olan Universitet hər il müxtəlif ölkələrin startaplarına dəstək məqsədilə də qəbul elan edir. Bu il ilk dəfə Azərbaycan startapları da dəyərləndirilib. Nəticədə hər biri "INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzinin startapı olan "Topla.az", "Otaqyoldaşı","QReact", "Botbox" və "Nextsale" "ITU Magnet" Akselerasiya proqramına qəbul olunub.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin "INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzinin "Topla.az", "Otaqyoldaşı", "QReact", "Botbox" və "Nextsale" startapları Türkiyədə fəaliyyət göstərən "ITU Magnet" Akselerasiya proqramından məzun olublar.
Növbəti mərhələyə keçən startaplar "Big Bang" yarışmasında iştirak edərək investisiya qazanmaq şansı əldə edəcəklər.