20 Fevral, 2020

ABŞ-da Azərbaycan İnnovasiyalar Evinin açılış mərasimi və ˝Tech Diaspora˝nın birinci forumu keçirilib

20 fevral 2020-ci il tarixində Amerika Birləşmiş Ştatlarının (ABŞ) Silikon Vadisində Azərbaycan İnnovasiyalar Evinin açılış mərasimi keçirilib. Azərbaycan İnnovasiyalar Evi Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzi tərəfindən yaradılıb.

Stanford Universitetində baş tutan tədbirdə Silikon Vadisi və yaxın ərazidə yaşayan, innovasiya və yüksək texnologiyalar sahəsində fəaliyyət göstərən 100-ə yaxın azərbaycanlı iştirak edib.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov Azərbaycan İnnovasiyalar Evinin açılmasının ölkəmizdə innovasiyalar sahəsində həyata keçirilən işlərin məntiqi davamı olduğunu vurğulayıb. Diqqətə çatdırılıb ki, Silikon Vadisi ilə ölkəmiz arasında bir körpü rolunu oynayacaq mərkəz burada yaşayan azərbaycanlılar tərəfindən yaradılan startapları bir araya gətirəcək. Eyni zamanda ölkəmizdəki startapçıların Silikon Vadisinə gəlmələrinə, təcrübə qazanmalarına və öz startaplarını inkişaf etdirmələrinə dəstək göstərəcək.

Mərasimdə şirkət nümayəndələri, startapçılar və Standford Universitetinin professorları da çıxış edərək layihənin əhəmiyyəti haqqında danışıblar.Həmçinin “Azərbaycan İnnovasiyalar Evinin Azərbaycan innovasiya ekosisteminə töhfəsi”,  ““ASAN xidmət” və onun innovasiya ekosistemindəki rolu”, “Regiondakı ekosistem göstəriciləri” və digər mövzular müzakirə olunub.

Tədbir çərçivəsində bir müddət öncə xaricdə yaşayan həmyerlilərimizin təşəbbüsü  və ˝INNOLAND˝ın dəstəyi ilə yaradılan ˝Tech Diaspora˝nın birinci forumu da keçirilib.

 ˝Tech Diaspora˝nın yaradılmasının əsas hədəfləri Azərbaycanda startap ekosisteminin inkişafı, dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlı startap ekosistem oyunçularının, innovativ texnologiyalar sahəsində fəaliyyət göstərən azərbaycanlıların ölkəmiz ilə əlaqələrinin daha da möhkəmləndirilməsi, onlar arasında əlaqələrin və birgə fəaliyyətin təmin olunmasıdır.

Diasporaların fəaliyyəti, eləcə də innovativ texnologiyalar sahəsində olan trendləri daim yaxından izləməyə və texnologiyaların Azərbaycanda da tətbiqinə təkan verəcək. Yerli startapçıların ölkəmizin hüdudlarından kənarda yaşayan azərbaycanlı startapçılarla əlaqələndirilməsi yerli startapların qlobal bazara çıxış imkanlarını da artıracaq.

Azərbaycan İnnovasiyalar Evi SOCAR-ın maliyyə dəstəyi ilə yaradılıb.

Tədbir maraqlı müzakirələr və axşam ziyafəti ilə davam etdirilib.

Ətraflı oxu

Digər xəbərlər

innoland news image

"İdeyadan Biznesə" mövzusunda təlim təşkil olunub

ASAN könüllüləri üçün "İdeyadan Biznesə" mövzusunda təlim təşkil olunub.

Təlim “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin müdiri Nicat Əmiraslanov tərəfindən həyata keçirilib.

İştirakçılar "İdeyanın formalaşması", "İnnovativ ideyalar", "İnnovativ düşünməni artıran metodlar" və "Korporativ innovasiya sistemi" mövzularında ətraflı məlumatlar alıblar. Həmçinin tapşırıqlar üzərində işlər görülərək praktiki təcrübələr qazanıblar!

Bu cür təlimlər gənclərə yeni ideyalar yaratmaq və innovasiya düşüncəsini inkişaf etdirmək üçün böyük imkanlar yaradır.

Ətraflı oxu
innoland news image

"INNOLAND", "Next Step" və "SUP Akselerator"u arasında memorandum imzalanıb

10 yanvar 2019-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzi, “Next Step” İnnovasiya Mərkəzi və SUP Startap Akseleratoru arasında Anlaşma Memorandumu imzalanıb.

Memorandum inkubasiya və akselerasiya proqramlarının təşviqi, kovorkinq xidmətlərinin göstərilməsi, startaplar üçün təlim proqramlarının keçirilməsi üzrə birgə əməkdaşlığı əhatə edir. Həmçinin yerli və xarici investorları cəlb etmək üçün məlumat mübadiləsinin aparılması, digər qarşılıqlı tədbirlərin təşkili fəaliyyət istiqamətlərinə daxildir.

Tədbirdə inkubasiya xidmətinin ölkəmizdə dayanıqlı startap ekosisteminin qurulmasındakı əhəmiyyəti, həmçinin akselerasiya xidmətinin ölkə hüdudlarından kənarda yeni milli startap brendlərinin formalaşmasındakı rolu qeyd edilib.

Ətraflı oxu
innoland news image

“Hackathon” Şamaxı uğurla başa çatdı!

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin təşkilatçılığı ilə Şamaxıda “Hackathon” uğurla başa çatıb.

Tədbirin ilk günündə iştirakçılar “Startap nədir?”,  “Startap ideyasını necə formalaşdırmaq olar?”,  “Bazar araşdırması”, “Təqdimat bacarıqları” kimi əsas təşəbbüskarlıq anlayışları ilə tanış ediliblər.  

Növbəti gün iştirakçılar komandalara bölünərək onlara həvalə edilmiş layihələr üzrə “Hackathon” zamanı əldə etdikləri bilikləri tətbiq etməyə çalışıblar.

Münsiflər heyətinin qarşısında öz layihələrini təqdim edən 5 komandadan “İqor” komandası ən yüksək bal toplayaraq qalib olub.

Sonda qalib komandalar Şamaxı "ASAN xidmət"də yerləşən “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzində 6 aylıq inkubasiya proqramı keçmək haqqı qazanıblar. Bununla yanaşı qalib komandaların təsisçiləri 2020-ci ildə Türkiyədə keçiriləcək “Startup Turkey” tədbirinə qatılmaq şansı əldə ediblər.

Şamaxı şəhərində “Hackathon”un keçirilməsində məqsəd region gəncləri arasında startapların təşviqi, mövcud ideyaların dəstəklənməsidir.

Ətraflı oxu