11-12 dekabr tarixlərində Berlində baş tutacaq "Disrupt Berlin 2019" tədbirində "INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzinin təşkilatçılığı ilə ilk dəfə Azərbaycan pavilyonu sərgilənəcək. Tədbirdə Azərbaycanı "INNOLAND"dən "Nextsale", "Botbox", "Qreact" eləcə də "Joopzy", "Wexplain" və "Wandafi" startapları təmsil edəcək.
TechCrunch Disrupt öz sahəsində dünyanın aparıcı, nüfuzlu tədbirlərindəndir. Həmçinin “TechCrunch Disrupt” dünyanın ən böyük startap tədbiri hesab olunur.
İldə 2 dəfə keçirilən bu tədbir yaz sessiyasında Amerikada San-Fransisko şəhərində, payız sessiyasında isə Almaniyanın Berlin şəhərində baş tutur.
Disrupt, ən yaxşı və parlaq startapları, investorları, hakerləri və texnologiya pərəstişkarlarını bir araya gətirir. Tədbir çərçivəsində müxtəlif “Startup Battlefield”, 24 saatlıq açıq Hackathonlar, “Startup Alley”, “Hardware Alley” müxtəlif panel müzakirələri, seminarlar, workshoplar təşkil olunur.
Tədbir dünyanın ən böyük startap portalı olan “TechCrunch.com”la yanaşı dünyanın 200-dən çox mediyasında yayımlanır.
“TechCrunch Disrupt 2019” startapçıların investisiya qazanmaları üçün də böyük imkan yaradır. Belə ki, hər il tədbir çərçivəsində investorlarla startapçıların görüşü təşkil olunur.
Bu il keçiriləcək tədbirdə iştirak edəcək startapların UIPath, Samsung və Naspers kimi böyük şirkətlərin rəhbərləri ilə, eləcə də Atomico, SoftBank və İndeksin aparıcı investorları ilə görüşmək imkanı olacaq.
Həmçinin adı keçən şirkətlərin rəhbərləri müxtəlif panel müzakirələrində startapçılarla öz uğur hekayələrini və təcrübələrini bölüşəcəklər.
“TechCrunch Disrupt 2019” tədbirində “Startup Battlefield”də iştirak edəcək və qalib gələcək 1 komanda 50.000 USD qazanacaq.
“TechCrunch Disrupt 2019” çərçivəsində müxtəlif tədbirlərlə yanaşı dünyanın müxtəlif ölkələrindən olan startaplar üçün sərgi təşkil olunacaqdır. Bu il ilk dəfə olaraq bu mötəbər tədbirdə Azərbaycan pavilyonu qurulacaq ki, bu pavilyonda Azərbaycandan olan 6 startap öz məhsullarını sərgiləyə biləcəklər. Həmçinin ölkəmizi təmsil edəcək startaplar investorlarla görüş, 50.000 dollarlıq “Startup Battlefield”də qalib olmaq uğrunda yarışda iştirak şansı əldə edəcəklər. Startaplarımız eləcə də tədbirin digər bütün imkanlarından yararlana biləcəklər.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin "INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzinin təşkilatçılığı ilə 29 iyul tarixində “Startup Grind - Ganja” tədbiri baş tutacaq.
Görüşdə spiker qismində “Halal Booking” şirkətinin həmtəsisçisi Ənvər Cəbi çıxış edəcək. "Halal booking" şirkəti 2009-cu ildə Elnur Seyidli və Ənvər Cəbi tərəfindən yaradılıb. Sayt 75 ölkədən 250 mindən çox müştəriyə sahibdir. 2015-ci ildə "Dünyanın ən yaxşı halal səyahət saytı" və Dubayda baş tutan tədbirdə "İslam İqtisadiyyat" mükafatına layiq görülüb. “Traveltech - Pandemiyadan əvvəl və sonra” mövzusuna həsr olunmuş bu görüşdə şirkətin həmtəsisçisi Ənvər Cəbi öz dəyərli təəcrübələrini və biliklərini bizimlə bölüşəcək.
Moderator "INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzinin startaplarla iş üzrə mütəxəssisi Tengiz Ağakişiyev olacaq.
"Startup Grind" startaplar, təsisçilər, ixtiraçılar üçün yaradılmış dünyanın ən böyük icmalarından biridir. Tədbirin məqsədi həmfikir insanları bir araya gətirmək, öyrənmək, öyrətmək, kömək etməkdir. 2019-cu ildən başladılan tədbir mütəxəssislərin öz təcrübələrini paylaşdığı ənənəvi hərəkat halını alıb.
Tədbir “Facebook – live“ vasitəsilə baş tutacaq.
20 iyun 2023-cü il tarixində “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin və Next Step İnnovasiya Mərkəzinin birgə təşkil etdiyi inkubasiya proqramlarının məzun startapları üçün mövsümün ilk “Demo Day”i təşkil olunub.
Tədbirdə startap və innovasiya ekosisteminin oyunçuları, təsisçiləri, investorlar və sahənin həvəskarları iştirak ediblər.
İnkubasiya və pre-inkubasiya proqramını bitirən yerli “Speakday”, “Wegros”, “Best.az”, “Alimok”, “Safavy”, “Aybss”, “Utilix”, “Autosource” startapları və Pakistandan olan “Akountmate” startapı investorlar qarşısında çıxış edərək təhsil, kommunal və elektron ticarət sektorunda olan problemlərə həll yolları təklif edən xidmət və məhsullar təqdim ediblər.
5 aylıq inkubasiya proqramı çərçivəsində “Google”, “Dünya Bankı”, “Female Founders”, “European Startup Network”, “GoDaddy” kimi şirkətlərin, “iomete”, “Uvodo”, “WeTravel” kimi startapların və “PAŞA Bank”, “Embawood”, “Risk Company, “Caucasus Ventures” kimi bank və şirkətlərin nümayəndələrindən ibarət yerli və xarici mütəxəssislər tərəfindən təlimlər keçirilib.
Təlimlər UI/UX, biznes, startap, innovasiya və texnologiya mövzularını əhatə edib.
Tədbir ölkədə ekosistem oyunçuları arasında fərqli sahələrdə tətbiq olunan texnologiyalar və innovasiyalar istiqamətində təcrübə mübadiləsi üçün imkan yaradıb.
Proqramın sonunda növbəti inkubasiya proqramı haqqında qısa məlumat verilib.
Noyabrın 21-26-da ölkəmizdə ilk dəfə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin təşkilatçılığı ilə “StartupFest 2019” adı altında startapları əhatə edən beynəlxalq festival başa çatıb.
1000-dən çox iştirakçının qatıldığı “StartupFest 2019” ümumilikdə 9 tədbiri əhatə edib. 1 həftə davam edən festivalda startapları əhatə edən 40 mövzu müzakirə olunub.
Bakı və Gəncə şəhərlərini əhatə edən festival çərçivəsində Azərbaycan, Türkiyə, ABŞ, Almaniya, İspaniya, İngiltərə, Polşa, Səudiyyə Ərəbistanı, Gürcüstan, Macarıstan, Ukrayna və Belçikadan olan spikerlər öz təcrübələrini bölüşüblər.
Qeyd edək ki, “StartupFest 2019″un əsas özəlliklərindən biri də startapları əhatə etməsi, özündə startaplarla bağlı problemləri və onların həll yollarını ehtiva edən 6 beynəlxalq lisenziyalı tədbiri birləşdirməsidir.