11 Dekabr, 2023

“INNOLAND”də “Brain Game” intellektual oyun hakatonu keçirilib

9-10 dekabr tarixində "INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzində “Brain Game” intellektual oyun hakatonu keçirilib.

Hakaton Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi”nin və "Azərlotereya” ASC-nin birgə təşkilatçılığı ilə reallaşdırılıb.

Məqsəd ölkəmizdə intellektual oyunların yaradılması sahəsində proseslərin təşviqi, yeni oyun əsaslı həllərin yaradılması və cəmiyyətin intellektual potensialının artırılmasıdır. 

Tədbir çərçivəsində hər biri 3-5 nəfərdən ibarət 20 komanda yaradıcı və innovativ oyun layihələrini hazırlayıb. Mentorlar göstərilən müddət ərzində prototiplərin hazırlanıb sonlandırılması üçün komandalara dəstək göstəriblər. 

Bağlanış tədbirində komandalar tərəfindən hazırlanan layihələr münsiflər heyəti tərəfindən qiymətləndirilib.

Münsiflər heyəti qismində Dövlət Agentliyinin sədrinin müşaviri Mehdi Cavadov, “İnnovasiyalar Mərkəzi”nin direktoru Vüsal Rüstəmov, “Azərlotereya”nın İdarə Heyətinin sədri Osman Karakuş, “Code Academy”nin rəhbəri Ülvi Aslanov və “DynamicBox Studio” şirkətinin oyun prodüseri Şahin Əliyev iştirak ediblər.

Nəticələrə əsasən “85 Games Studio” komandası 1-ci yerə, “EcoDev” komandası 2-ci yerə, “Bomba!” komandası isə 3-cü yerə layiq görülüb.

Sonda qaliblərə müvafiq olaraq 5000, 2000 və 1000 manat məbləğində pul mükafatı və diplomlar təqdim olunub. Növbəti yaxşı nəticə göstərən “Kript 10” və” AKA” komandaları isə həvəsləndirici mükafat alıb.

Hakatona müraciət edən 65 komanda arasından seçilən 54 komanda 16 noyabr tarixində ideya konseptlərini təqdim ediblər. Qiymətləndirmə nəticəsində yalnız 20 komanda müsabiqə mərhələsində iştirak hüququ qazanıb.
 

Ətraflı oxu

Digər xəbərlər

innoland news image

Kənd təsərrüfatı startaplarına dəstək veriləcək

8 yanvar 2019-cu il tarixində Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin dəstəyi ilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzi tərəfindən reallaşdırılacaq "Kənd təsərrüfatı texnologiyaları üzrə startapların akselerasiya proqramı”nın təqdimat mərasimi keçirilib.

Tədbirdə Azərbaycan Respublikasının kənd təsərrüfatı nazirinin innovasiyalar üzrə müşaviri Şəbnəm Məmmədova çıxış edərək nazirlik tərəfindən aqrar sahədə innovasiyaların tətbiqi üzrə müxtəlif tədbirlərin həyata keçirildiyini vurğulayıb. Bildirilib ki, reallaşdırılan tədbirlər sırasında cari ildə ilk olaraq "Kənd təsərrüfatı texnologiyaları üzrə startapların akselerasiya proqramı"nın həyata keçirilməsinə başlanılıb, bu istiqamətdə 5-20 yanvar tarixləri üçün proqrama qəbul elan olunub.

Eyni zamanda Şəbnəm Məmmədova diqqətə çatdırıb ki, aqrar sahədə innovasiya və yeni texnologiyaların tətbiqi üzrə startaplara başqa istiqamətlərdə də dəstəyin göstərilməsi nəzərdə tutulur.

“INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin direktoru Məmməd Kərimov mərkəz tərəfindən həyata keçirilən tədbirlər, o cümlədən startaplara dəstək mexanizmlərindən bəhs edib. Qeyd olunub ki, Kənd Təsərrüfatı Nazirliyinin dəstəyi ilə həyata keçirilən "Kənd təsərrüfatı texnologiyaları üzrə startapların akselerasiya proqramı" aqrar startapçıların innovativ ideyalarının reallaşması üçün əlverişli şərait yaradacaq.

Görüş tərəflər arasında gələcək əməkdaşlıq prespektivləri, həmçinin kənd təsərrüfatı sahəsində ideya sahiblərinə digər dəstək və stimullaşdırıcı tədbirlərin həyata keçirilməsi istiqamətində müzakirələr ilə davam etdirilib.

“INNOLAND” Azərbaycanda, eyni zamanda onun hüdudlarından kənarda özəl sektorun inkişaf etdirilməsi, innovasiyanın təşviqi və startap hərəkatının genişləndirilməsi üçün yaradılan inkubasiya, akselerasiya və araşdırma mərkəzidir. INNOLAND Kovörkinq, İnkubasiya, Akselerasiya və İT Təlim-Tədris Mərkəzindən ibarətdir.

Ətraflı oxu
innoland news image

Gənclər üçün “TechPath” layihəsi həyata keçirilib

5-15 iyul tarixlərində "INNOLAND" İnkubasiya və Akselerasiya mərkəzində Azərbaycan Respublikasının Gənclər Fondunun “İdeyanı Reallaşdır 2023” Gənclərin Fərdi Layihələri üzrə Qrant Müsabiqəsinin qaliblərindən biri Elxan Şükürovun layihə rəhbəri olduğu, “TechPath” layihəsi həyata keçirilmişdir. 

Əsas məqsədi gənclərdə sahibkar və innovativ düşüncə tərzini formalaşdırmaq, innovasiya ekosisteminin komponentlərini mənimsəmək və startap savadlılığını artırmaq olan “TechPath” layihəsi çərçivəsində ümumilikdə 40 nəfər gənc əhatə olunaraq, 3 nəzəri təlim, 2 vörkşop və 1 infotur baş tutmuşdur. 

Sonda iştirakçılar sertifikat və diplomlarla mükafatlandırılmış, aktivlik nümayiş etdirən və ideyaları fərqlənən gənclər müxtəlif hədiyyələrlə təltif olunmuşdur.

Ətraflı oxu
innoland news image

"INNOLAND"də “45 dəqiqə startap” olimpiadasının final mərhələsi baş tutub "

"INNOLAND"də “45 dəqiqə startap” olimpiadasının final mərhələsi baş tutub.

"INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzi və "Taskool"un birgə təşkilatçılığı ilə 8–11-ci sinif şagirdləri üçün təşkil olunan “45 dəqiqə startap” olimpiadasının final mərhələsi baş tutub. Final mərhələsi "INNOLAND"in rezidenti "Taskool"un "Startup School" proqramı çərçivəsində keçirilib. 2025-ci ildə "Startup School" proqramına daxil olan 147 müraciət arasından seçilən 110 iştirakçı tədrisə başlayıb, 58 nəfər isə proqramı uğurla bitirərək 7 əsas sahə üzrə 13 komanda formalaşdırıb. Qlobal səviyyədə sahibkarlıq bacarıqları və maliyyə savadı qazandırmaq məqsədi daşıyan proqram çərçivəsində iştirakçılar real biznes ideyaları üzərində işləyərək startap layihələrini təqdim ediblər. Təcrübəli mentorların dəstəyi ilə hazırlanan layihələr süni intellekt, "FinTech", "GreenTech", "HealthTech", "AgriTech", "Gaming" və "E-ticarət" istiqamətlərini əhatə edib. Final mərhələsində çıxış edən 13 komanda öz innovativ ideyaları, kreativ yanaşmaları və təqdimat bacarıqları ilə münsiflər heyətinin diqqətini cəlb ediblər. Sonda "Speacdeaf", "Tutor AI", "Mindmark" komandalarının startap layihələri münsiflər heyəti tərəfindən yüksək qiymətləndirilərək qalib elan olunub. Proqramı uğurla başa vuran bütün iştirakçılara sertifikatlar təqdim edilib. "Startup School" proqramı Azərbaycanın gələcək startap liderləri üçün möhkəm baza formalaşdıraraq ölkə üzrə innovasiya mədəniyyətini təşviq edir.

Ətraflı oxu