30 Yanvar, 2023

“ASAN xidmət”in nümayəndə heyəti Ankarada səfərdə olub

23-26 yanvar 2023-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin nümayəndə heyəti Türkiyənin Ankara şəhərində səfərdə olub.

Səfər çərçivəsində nümayəndə heyəti “Havelsan Texnoloji Radar” şirkəti, “ODTÜ Teknokent”, “OSTİM Teknokent”, “Ankara Universiteti Teknokent” və “Bilkent Cyberpark”la qarşılıqlı müzakirələrin aparılması məqsədilə görüşlər keçirib. 

Görüşlərdə Dövlət Agentliyinin fəaliyyəti, “ASAN xidmət”, “İnnovasiyalar Mərkəzi” və “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzi haqqında geniş məlumat verilib, ölkəmizdə startap ekosisteminin inkişafı və biznes mühitinin gücləndirilməsi istiqamətində görülən işlərdən danışılıb. Həmçinin bu istiqamətdə birgə əməkdaşlıq imkanları müzakirə edilib. 

“ODTÜ Teknokent”, “Bilkent Cyberpark” və “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzi arasında Əməkdaşlığa dair Memorandum imzalanıb.

Memorandumun əsas məqsədi hər iki ölkədə startapların böyüməsini təmin etmək, yerli bazarda böyümək istəyən sahibkarları qarşılıqlı dəstəkləmək, bu sahədə tədqiqat və inkişaf işləri aparmaqdır. Eyni zamanda qeyd olunan işlərin icrası üçün zəruri infrastrukturun yaradılması, startap ekosisteminə töhfə verəcək birgə layihələrin həyata keçirilməsi nəzərdə tutulur.

Ətraflı oxu

Digər xəbərlər

innoland news image

"INNOLAND" beynəlxalq proqramın regional müraciətlərini qiymətləndirəcək

Estoniya hökumətinin təşəbbüsü ilə yaradılmış Startap Estonia və “Garage 48” Akselerasiya Mərkəzinin nümayəndə heyəti  “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzi ilə tanış olub.

Qonaqlara mərkəzdə fəaliyyət göstərən Kovörkinq, İnkubasiya, Akselerasiya və İT Təlim-Tədris Mərkəzinin fəaliyyəti, o cümlədən startaplarla bağlı ətraflı məlumat verilib.

Sonra tərəflər arasında əməkdaşlıq memorandumları imzalanıb.

Əməkdaşlıq memorandumları yerli texnologiya startapları üçün sahibkarlığa dəstək ekosisteminin və tərəflər üçün müvafiq regionda investor imkanlarının yaradılmasını, inkişaf etdirilməsini, inkubasiya və akselerasiya proqramlarının effektiv mübadiləsini, eləcə də yerli və xarici investorları cəlb etmək üçün məlumat mübadiləsinin aparılmasını və bu kimi digər qarşılıqlı razılaşdırılmış tədbirlərin görülməsini özündə ehtiva edir.

“Startap Estonia” Mərkəzi ilə imzalanmış memorandum çərçivəsində əldə olunmuş razılığa əsasən, “Startap Estoniya Vizası” proqramına daxil olmuş regional müraciətlərin ilkin qiymətləndirilməsi Azərbaycanda həyata keçiriləcək. Belə ki, Rusiya, Gürcüstan, Monqolustan, İran, Əfqanıstan kimi regional ölkələrdən müvafiq proqrama müraciət edəcək startaplar ilkin olaraq “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzi tərəfindən qiymətləndiriləcək. Yalnız ilkin mərhələni uğurla başa vurmuş startaplar proqramın növbəti mərhələsinə keçid ala biləcək. Bu isə ölkəmizə regional startapçıların və layihələrin cəlb edilməsində, startap ekosisteminin uğur potensialının artırılmasında böyük rol oynayacaq.

Qeyd edək ki, “Startap Estoniya Vizası” proqramı 2017-ci ildə Estoniya Startap Komitəsi və Estoniyanın Daxili İşlər Nazirliyinin birgə təşəbbüsü ilə yaradılıb. Proqramın əsas məqsədi Avropa Birliyinə daxil olmayan ölkələrdə fəaliyyət göstərən uğurlu startapçıların və layihələrin Estoniyaya gəlməsini asanlaşdırmaqdır. Belə ki, “Startap Estoniya Vizası” proqramına müraciət etmiş və uğurlu hesab edilmiş startapçılara xüsusi kod verilir. Onlar və komanda yoldaşları bu kod vasitəsilə Estoniyada 5 ilə qədər yaşama icazəsi ala bilərlər.

Ətraflı oxu
innoland news image

“Youth Inc.” və “INNOLAND” arasında memorandumu imzalanıb

“Youth Inc.” Sahibkarlıq Proqramı və "INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzi arasında qarşılıqlı tərəfdaşlıq və əməkdaşlıq memorandumu imzalanıb.

Memorandumu “Youth Inc.” Sahibkarlıq Proqramının koordinatoru Zaur Ünsizadə və “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin direktoru Məmməd Kərim imzalayıblar.

Memorandum hər iki mərkəzin tədris və praktiki metodikalarının, gənc ideya sahibləri və startapçıların qarşılıqlı mübadiləsi və inkişafı üçün nəzərdə tutulub.

Memoranduma əsasən təcrübə və istedad mübadiləsi ilə yanaşı, birgə demo turlar, təlimlər də təşkil olunacaqdır.

Ətraflı oxu
innoland news image

Azərbaycan “Tech Diaspora”sı yaradılır

Azərbaycan Repspublikasının Prezidenti İlham Əliyevin apardığı İqtisadi siyasətin tərkib hissəsi olaraq ölkəmizdə startap ekosisteminin formalaşması və inkişaf prossesi sürətlə davam edir. Dövlət başçısının tapşırıqlarına uyğun olaraq startapların və innovasiyalı müəssisələrin inkişafını stimullaşdırmaq məqsədilə bir sıra uğurlu işlər həyata keçirilir.

Bu prossesə təkan vermək məqsədi ilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzi tərəfindən Azərbaycan “Tech Diaspora”sı yaradılır. Əsas hədəflər Azərbaycanda startap ekosisteminin inkişafı, dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlı startap ekosistem oyunçularının, innovativ texnoloji sahədə fəaliyyət göstərən azərbaycanlıların ölkəmiz ilə əlaqələrinin daha da möhkəmləndirilməsi, onlar arasında əlaqələrin və birgə fəaliyyətin təmin olunmasıdır.

Bu məqsədlə San-Fransisko şəhərindən Qərib Mehdiyev və Emin Şərifov, Berlin şəhərindən Nail Vəliyev və Bakı şəhərindən Məmməd Kərimov olmaqla 4 nəfərdən ibarət təşkilat komitəsi, həmçinin Azərbaycanda və dünyanın bir sıra ölkələrində yaşayan həmyerlilərimizdən ibarət 20 nəfərlik təşəbbüs qrupu yaradılmışdır (Təşəbbüs qrupunun üzvləri mətnin sonunda göstərilib). Yaradılmış təşəbbüs qrupuna “INNOLAND” və “Next Step” administrativ dəstək göstərir.

“Tech Diaspora”nın nümayəndəlikləri ilkin olaraq startap ekosisteminin inkişaf etdiyi Bakı, Berlin və San-Fransisko şəhərlərində fəaliyyətə başlayacaq.

Bununla əlaqədar “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzi tərəfindən Silikon Vadisində “Azərbaycan İnnovasiyalar Evi”nin yaradılması nəzərdə tutulub. Ölkəmizin innovasiyalar və texnoloji inkişafın mərkəzinə yaxın olması məqsədi ilə fəaliyyətə başlayacaq “Azərbaycan İnnovasiyalar Evi” Silikon Vadisində və yaxın ərazidə yaşayan və innovativ texnoloji sahədə fəaliyyət göstərən azərbaycanlıların bir araya gətirilməsi burada “Tech Diaspora”nın fəaliyyətinin formalaşmasına təkan verəcək.

“Tech Diaspora”nın təşkil edilməsi, həmçinin yerli startaplara xarici investisiyaların cəlb edilməsi istiqamətində önəmli addım olacaq. Prosesin həyata keçirilməsi ölkəmizin daha çox innovasiyaya yatırım edən və intellektual məhsul ixrac etmə potensialı olan ölkə kimi mövqeyini möhkəmləndirmək məqsədi daşıyır.

Diasporaların fəaliyyəti, eləcə də innovativ texnoloji sahədə olan trendləri daim yaxından izləməyə və texnologiyaların Azərbaycanda da tətbiqinə təkan verəcək. Yerli startapçıların ölkəmizin hüdudlarından kənarda yaşayan azərbaycanlı startapçılarla əlaqələndirilməsi yerli startapların qlobal bazara çıxış imkanlarını da artıracaq.

“Tech Diaspora”nın yaradılmasının təşəbbüs qrupunun üzvləri:

Qərib Mehdiyev - WeTravel, həmtəsisçi  (SF)

Fuad Məlikov - Hazelcast, həmtəsisçi (SF)

Emin Şərifov - Expedia Qrup (SF)

Tural Bədirxanlı - Namomedia, Twitter (SF)

Teymur Sadıxov -  Silicon Valley Technology Consulting Group (SF) 

Altay Əliyev - Amazon, baş proqram mühəndisi (LX)

Vüsal Dadaşov -  Uber, baş proqram mühəndisi (LX)

Aslan Bəkirov -  Facebook, istehsal mühəndisi (SF)

Şəfi Rəsulov - Google, proqram mühəndisi (SF)

Rüstəm Əliyev - OneDome, həmtəsisçi (UK)

Nail Vəliyev - Sport total (GE)

Anar Hacıyev - NMS, həmtəsisçi (NY)

Araz Cavadov - Walmart eCommerce, məhsul meneceri (SF)

Aytəkin Əliyeva - Femigrants platforması qurucusu (SF)

Elşad Abbasov - Next Step, Tech Academy, həmtəsisçi (AZ)

Anar Əligulov - Next Step, Tech Academy, həmtəsisçi (AZ)

Məmməd Kərimov - “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin direktoru (AZ)

Tağı Tağızadə - “İnnovasiyalar Mərkəzi”nin direktoru (AZ)

Fərid Musayev - Khazar Ventures (AZ)

Samir Məmmədov - “Sand Hill Angels” qrupunun üzvü, “Global Innovation Catalyst”ın tərəfdaşı, “Tech Academy”nin həmtəsisçisi (AZ)

Ətraflı oxu